BANKİRİN XANIMINI GƏTİRMƏK ÜÇÜN İSTİNTAQ QRUPU LONDONA GEDİB
“Əgər bunlar mütəşəkkil dəstədilərsə, bəs Emil Mustafayev, Akif Əliyev hardadı? Kredit müqavilələrinə onlar qol çəkiblər”
Xeberinfo.com: “Cahangir Hacıyevin həyat yoldaşını Daxili İşlər Nazirliyinin polkovniki Hacı Məmmədovun dəstəsi oğurlamışdı. MTN-nin “Qara kəmər” əməliyyatı nəticəsində o, azad edildi. O vaxtdan Cahangir Hacıyevlə Daxili İşlər Nazirliyi arasında problemlər yaranmışdı. Ona görə də biz bu işin istintaqının DİN-in tabeliyində olan BMCMİ-də aparılmasının əleyhinə idik”. Bunu “Azadlıq” radiosunun məlumatına görə, Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev oktyabrın 3-də məhkəmədə müdafiə çıxışında deyib.
O bildirib ki, C.Hacıyev və digər 7 təqsirləndirilənə qarşı ittihamlar əsassızdır: “Bu, mülki xarakterli məsələdir və mülki icraatda da baxılmalıdı. İstintaq da, məhkəmə də qərəzli aparılıb”.
“MÜTƏŞƏKKİL DƏSTƏDƏN SÖHBƏT GEDƏ BİLMƏZ”
C.Hacıyevin istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qaldığını deyən müdafiəçinin sözlərinə görə, o, 38 gün “bandotdel”də saxlanılıb. VəkilFəxrəddin Mehdiyev qeyd edib ki, C. Hacıyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair qərarla bağlı şikayəti artıq Avropa Məhkəməsi icraata götürüb.
“İstintaq dövründə, sonradan məhkəmədə də qeyri-adi dərəcədə qanunsuzluqlarla üzləşdik. And içmək üçün bircə vəsatətimiz də təmin olunmadı. Prokuror Cahangir Hacıyevə fantastik cəza təklif elədi. Ayrılmış kreditin hara getdiyi araşdırılmadı. Burada mütəşəkkil dəstədən söhbət gedə bilməz. Əgər bunlar mütəşəkkil dəstədilərsə, bəs Emil Mustafayev, Akif Əliyev hardadı? Kredit müqavilələrinə onlar qol çəkiblər. Kredit ayrılan daxili layihələrə Dünyamin Xəlilov, xarici layihələrə Xəqani Bəşirov rəhbərlik edib. Nə qədər tələb etsək də, onları çağırıb dindirmədilər. İstintaqda deyirlər ki, Xəqani Bəşirov Fransa vətəndaşıdı, onu necə gətirək?”, – Fəxrəddin Mehdiyev bildirib.
Vəkil əlavə edib ki, C.Hacıyevin rəhbərliyi dövründə Beynəlxalq Bank gəlirlə işləyib. Ən son 2014-cü ildə 25 milyon dollar təmiz gəliri olub. 2015-ci ildə o, vəzifədən azad ediləndən sonra bank 600 milyon ziyanla ili başa vurub: “Üstəlik, büdcədən 3 milyard da vəsait ayrılıb. Bütün bunlardan sonra baxın, görün ki, ziyan vuran kimdi”.
“XƏQANİ BƏŞİROVU GƏTİRƏ BİLMİRLƏR?”
C.Hacıyevin digər vəkili Aqil Layıcov çıxışında qeyd edib ki, Zamirə Hacıyevanı saxlayıb gətirmək üçün Britaniyaya istintaq qrupu gedib, amma gətirə bilməyiblər: “Necə olur, qrup yaradıb Zamirə Hacıyevanın arxasınca gedirlər, amma Xəqani Bəşirovun arxasınca getmirlər?”
C.Hacıyevin vəkilləri çıxışlarının sonunda məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib. Digər təqsirləndirilənlərin vəkilləri də bəraət istəyib.
Məhkəmə davam edir.
Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.