Fətullahçılar Baş qərargah rəisinin müavininə işgəncə verib
Türkiyədə iyulun 15-də baş vermiş fətullahçıların çevriliş cəhdi zamanı qiyamçıların əsir götürdüyü ordu generalı, Baş qərargah rəisinin müavini Yaşar Güler başına gələnlər haqda ifadə verib.
Xeberinfo.com: Məlumata görə, Yaşar Gülərin danışdıqları çevriliş planının lideri kimi tövsif edilən, həbs olunduqdan sonra qulağı kəsilən general, Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, Yüksək Hərbi Şuranın üzvü Akın Öztürkün həmin hadisələrdəki roluna dair yeni suallar meydana çıxarıb.
General Yaşar Gülərin dediyinə görə, həmin gün axşam saat 21.25 radələrində Baş qərargahdakı kabinetində təkbaşına çalışırmış. Bu vaxt qapı döyülüb, general “girin” deyib. “Qəfildən səs-küy düşdü, “yerə yat, yerə yat” səsləri yüksəldi. Otağımda silahlı, silahlarını mənə tuşlamış 10 personalı gördüm. İçərilərindən biri təkrar “yerə yat” deyə qışqırdı. Mən də “siz kimsiniz” deyə soruşdum. Təkrar “yerə yat” deyə bağırdılar. Bunlardan bir dənəsini tutub digər tərəfə fırlatdım və yıxıldı. Qalanları daha böyük qəzəblə üstümə cumdular, üzü üstə yerə yıxdılar, biri ayağı ilə başımdan basdı. Əllərimi arxadan bağladılar, ağzımı yapışqanlı lentlə sarıdılar”-Yaşar Gülər danışıb.
Generalın dediyinə görə üzü üstə yerə uzadılandan sonra içəri girənlərdən biri əlini onun kürəyinə vurub, “komandanım, qorxmayın, təlimdir” deyə istehza edib. Həmin şəxs generalın yavəri Mehmet Akkurt idi.
Generala basqın edənlər sonra onun başına torpa keçirərək yerlə sürüyüblər və dəhlizə çıxarıblar, 3 mərtəbə aşağıya sürükləyiblər. Sonra Baş qərargah binasından çıxarıblar və avtomobilə mindiriblər. Baş qərargahın həyətindən çıxmaq istəyəndə mühafizəçilər darvazanı açmaq istəməyib. Bu zaman Akkurt “qapını aç, yoxsa atəş açaram” deyə onlara qışqırıb. Ardınca atəş açıb, mühafizəçilər də atəş açıblar, generalın olduğu maşına güllələr dəyib.
“Maşında mənim yanımda oturan biri endi və “bir şəhit” deyə bağırdı. O biri tərəfimdə oturana çiynimlə zərbə vurdum. Bu zaman maşının çölündəkilər məni sürüyüb yerə saldı, dizlərimin üstündə asfaltla sürüyüb başqa maşına mindirdilər, hərbi kazarmaya apardılar. Orada xeyli gözlədik, sonra vertolyotla Akıncı Hərbi Hava Bazasına apardılar”.
General Yaşar Gülər qiyamçıların nəzarətində olan Akıncı bazasında bir neçə saat əlləri, ağızı bağlı qalıb. Dediyinə görə aradan xeyli keçmiş səslərindən tanıdığı F-16 və F-4 təyyarələri Akıncı aerodromunun uçuş-enmə zolaqlarını, anqarlarını bombalamağa başlayıb.
“Xeyli rahatladım. Daha sonra qapı açıldı, general Akın Öztürkün səsini eşitdim. “Yahu, Yaşar, sən burada nə gəzirsən, sənin burada olduğundan heç xəbərim yox”dedi. Gözlərimi bağlayan parçanı açdı, bu vaxt otaqda ikimizdən başqa heç kimin olmadığını gördüm. Akın Öztürk qapını açıb çöldə keşik çəkən şəxsə “komandanın əl-ayağını niyə bağlamısınız? Tez oradan bir şey gətir və bunları aç” deyib. Sonra Akın Öztürk Yaşar Gülərin əllərinin və ayaqlarının bağlandığı ipi kəsib. “Qarşımda oturdu, özünün köməkçisi olduğunu bildirdiyi şəxsə otağa çay, su və bir tabakda çərəz gətirməyi tapşırdı. Sonra həmin şəxsə “Yaşar Paşanın evinə zəng vur, sağ olduğunu xəbər ver” dedi. Akın Öztürk danışmağa başladı, mənə xitabən “bu həriflər manyak, sən dövlətə qarşı belə şeyi necə edə bilərsən” dedi. Axşam saat 23.00-dan Akıncı bazasında olduğunu və hərifləri bu çevriliş cəhdindən əl çəkməyə inandırmağa çalışdığını, bir qismini inandırdığnı dedi. Sonra qapıda silahlı növbətçinin olduğunu deyib getdi”-Baş qərargah rəisinin müavini bildirib.
Xatırladaq ki, general Akın Öztürk prokurora verdiyi ifadəsində hərbi çevrilişə başçılıq etmədiyini, əksinə, Baş qərargah rəisinin tapşırığı ilə çevrilişi önləmək üçün Akıncı bazasına getdiyini deyib. Daha sonra Baş qərargah da bəyanat yayaraq Akın Öztürkün Akıncı bazasına çevrilişi önləmək üçün göndərildiyini təsdiq edib. Bu ziddiyətli məqamlara baxmayaraq Akın Öztürk hələ də çevrilişin lideri kimi təqdim olunur, ona həbsdə işgəncə verildiyini, alçaldığını əks etdirən fotolar yayılıb.