Sabiq rəisə 12 il həbs verildi
Oğuz, Qəbələ və Daşkəsən rayonlarında polis rəisi işləmiş keçmiş polis polkovniki İmaməddin Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xeberinfo.com: Onun barəsində Baş Prokurorluqda 2014-cü ilin noyabr ayında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və həbs-qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, həmin vaxt virtualaz.org saytının verdiyi məlumata görə İ.Abbasov ayrı-ayrı vətəndaşlardan müxtəlif vaxtlarda pul alaraq hansısa problemlərinin həllinə yardımçı olacağına söz versə də bunu edə bilməyib və həmin şəxslərin pulunu geri qaytarmayıb.Xüsusilə bir qadından guya hansısa vəzifəyə keçəcəyi üçün borc adı altında aldığı 800 min manatı geri qaytarmadığından həmin qadın daxili işlər naziri Ramil Usubova şikayət etmişdi. Bu şikayət araşdırılandan sonra polkovnik barədə cinayət işi qaldırılmışdı.
DİN mətbuat xidmətinin rəisi Sadiq Gözəlov isə hələ o vaxt APA-nın sorğusuna cavabında bildirmişdi ki, paytaxt sakini olan bir vətəndaş nazirliyə müraciət edərək İ.Abbasovun onun külli miqdarda pulunu mənimsəməsi barədə məlumat verib: “Cənab nazir Ramil Usubovun göstərişi ilə həmin müraciət üzrə xidməti təhqiqat aparılıb və müəyyən olunub ki, İmaməddin Abbasov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların pullarını mənimsəyib, onlara külli miqdarda ziyan vurub. Əməlində dələduzluq cinayətinin əlamətlərinin olması, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin tələblərini pozub polis əməkdaşı adına ləkə gətirən hərəkətlər etməsi nəzərə alınaraq İmaməddin Abbasov daxili işlər orqanlarında xidmətdən xaric edilib”.
S.Gözəlov həmçinin qeyd etmişdi ki, İ.Abbasovun əməlinə hüquqi qiymət verilməsi üçün xidməti yoxlama materialları qanunvericiliyə uyğun olaraq Baş Prokurorluğa göndərilib. Həmin materiallar üzrə Baş Prokurorluqda aparılmış prosessual araşdırmaların nəticələrinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmə tərəfindən İ.Abbasov barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İmaməddin Abbasov bir müddət Salyan Rayon Polis Şöbəsində polis serjantı kimi qulluq edib. Sonralar Salyan Rayon Polis Şöbəsində (RPŞ) rəis müavini, Oğuz, Qəbələ və Daşkəsən RPŞ-lərin rəisi işləyib. 2011-ci ildən isə Daxili İşlər Nazirliyində polkovnik rütbəsində inspektor kimi fəaliyyət göstərirdi.