Direktorun ölümünün müdhiş təfərrüatı
40 gün əvvəl Suraxanı rayon ərazisində törədilən qətl hadisəsinin təfərrüatları məlum olub. Qətli törətməkdə şübhəli bilinən Mübariz Əliyev və Ehtiram Həsənov etirafedici ifadələr veriblər.
Xeberinfo.com: Məlumata görə, qətl hadisəsi bu il yanvarın 8-də Hövsan qəsəbəsinin “Hövsan bağları” adlanan ərazisindəki bağ evlərindən birində baş verib. Qəsəbə sakini 52 yaşlı Qalib Bağırovun üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evdə aşkarlanıb. Hadisə yerinə gələn istintaq qrupu qətlin baş verdiyi ərazini müayinə edib, ətrafda yaşayan qonşularla söhbətlər aparıblar.
İlkin ehtimallara görə, qətlin qarət məqsədi ilə törədilməsi qənaətinə gəlinib. Suraxanı Rayon Polis İdarəsinin əməliyyatçıları cinayətdə şübhəli bilinən 45 yaşlı Ehtiram Həsənov və 44 yaşlı Mübariz Əliyevin izinə düşüblər. Uğurlu əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunaraq 17 il həbsxana həyatı yaşayan Ehtiram Həsənovu Qaxdan Bakıya qayıdarkən Qəbələ rayonu ərazisində həbs ediblər.
Dindirilmə zamanı Ehtiram Qalib Bağırovun evinə pul və qızıl zinət əşyaları götürmək məqsədi ilə girdiklərini etiraf edib:
“Yaşadığım qadından eşitmişdim ki, belə bir imkanlı adam var. Onu bir ildən çox idi tanıyırdıq. Getdik evinə. Pulun yerini soruşduq. Dedi ki, sizi tanıdım. Bəlkə də yalan deyirdi. Çünki, üzümüzdə maska var idi”.
Qətldə əli olan digər şəxs isə Ehtiramın qeyri-rəsmi arvadı Mahnurə Hüseynovanın keçmiş əri, Astara rayon sakini Mübariz Əliyevdir. 44 yaşlı Mübarizin sözlərinə görə, Ehtiramı keçmiş həyat yoldaşı Mahnurənin vasitəsilə tanıyıb:
“Məhnurə gəlib deyirdi ki, uşağımız xəstədir, pul istəyirdi. Bir dəfə Ehtiramla gəldilər. Ehtiram dedi ki, uşaq əldən gedir, çoxlu pul lazımdır. Mən dedim ki, ən çoxu 200 manat tapa bilərəm. Dedi ki, azdır”.
Ehtiram 200 manatın kifayət etməyəcəyini deyəndən sonra Mübarizə Mahnurə ilə görüşməyi təklif edib. Dəstə üzvləri Hövsan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqələrindən birin qarşısında toplaşırlar. Görüş zamanı Mahnurə hazırki sevgilisi ilə keçmiş ərinə imkanlı adam kimi tanıdığı Qalib Bağırovun evini qarət etməyi təklif edib.
Mahnurə evi göstərdikdən sonra ərazidən uzaqlaşıb. Mübarizlə Ehtiram isə ev sahibinin qapını açması üçün səhər saatlarını gözləyiblər. Sübh vaxtı Qalib Bağırov evindən çıxıb işə getmək istəyən zaman sifətlərini maska ilə bağlayan Ehtiramla Mübariz onu içəri salıblar:
“Yıxdıq yerə. Ehtiram bir balınc gətirdi içəridən. Qışqırmasın deyə ağzını bağladı. Bu isə qışqırırdı. Axırda eşitdim ki, “Ehtiram, mən səni tanıdım” dedi. Ehtiram dedi ki, bu adam öldürülməlidir”.
Daha sonra Ehtiramla Mübariz Mahnurə Hüsyenovanın yanına yollanıblar. İşin alınmadığını bilən qadın sevgilisinə və keçmiş ərinə qaçıb gizlənmələrini məsləhət görüb. Artıq cinayətin bilavasitə törədilməsində əli olan Mahnurə Hüseynova da yaxalanaraq istintaqa cəlb olunub.
Faktla əlaqədar Suraxanı rayon Prokurorluğudna Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə başlanılıb. Cinayət işi üzrə araşdırmalar davam edir.
Musavat.com