Dələduz bankirin qardaşı məhkəmələri necə ələ alır?
Vətəndaşların milyonlarla manat pulunu mənimsəyən “Texnikabank”ın Bakı filialının rəhbəri Zal Yusifovun məlum cinayətləri ilə bağlı məhkəmə prosesləri artıq zəncirvari davam etməkdədir
Xeberinfo.com: Cinayətkar və onun əlaltıları Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə (özü 15 il, oğlu İslam Yusifov 8 il müddətinə - red.) azadlıqdan məhrum edilsə də, məhkəmənin qərarının onun əmlakının müsadirə edilməsi ilə bağlı hissəsi hələ də icra olunmamış qalır. Qeyd edək ki, bu iş üzrə 81 nəfərin zərərçəkmiş şəxs kimi tanındığı bildirilir. Həmin şəxslərə dəymiş zərərin külli miqdarda - milyonlarla manat olduğu da bəllidir. Lakin bu günə qədər zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib.
Məhkəmə mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşlara dəyən ziyanın Zal Yusifova məxsus mülk və obyektlərin müsadirə olunaraq, hərracda satılması yolu ilə ödənməsi barədə qərar qəbul edib. Amma... Bu günədək məhkəmənin hökmünü icra etmək mümkün olmayıb. Buna səbəb nədir? Fırıldaqçı bankirin əmlakı niyə müsadirə olunmur? Bu məsələnin yubanmasının səbəbi nədir?
Məsələ burasındadır ki, Zal Yusifovun atası Zakir Yusifov məhkəmələrə dəfələrlə şikayət ərizələri ünvanlayıb. O, həmin ərizələrdə iddia edir ki, məhkəmənin qərarı ilə müsadirə olunması nəzərdə tutulan “Humay” şadlıq sarayı və digər mülklər oğlu Zal Yusifova yox, onun özünə məxsusdur. Zakir Yusifov bildirib ki, “Humay” şadlıq sarayının əmlak hüququna 1992-ci ildə, Rəsulzadə qəsəbəsindəki mülkə isə 2002-ci ildə sahib olub.
Xatırladaq ki, Zal Yusifovun barəsində 2008-ci ilin avqustunda Milli Təhlükəsizlik Nazirliyinin istintaq şöbəsində cinayət işi başlanılıb. İstər MTN-in istintaq idarəsində, istərsə də Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdə həmin əmlakların onun atasına yox, özünə məxsus olduğunu etiraf edib.
Hətta zərərçəkmişlərin bildirdiyinə görə, Zal Yusifov dələduzluq əməllərinin demək olar, hamısını “Humay” şadlıq sarayında törədib. O, zərərçəkmişlərə özünü bankir, böyük imkanlara malik biznesmen, şadlıq sarayının və Binəqədi rayonu ərazisində o vaxt tikilməkdə olan göydələn binanın sahibi kimi təqdim edərək, onları özünə inandırıb. Buna görə də zərərçəkmişlər Zal Yusifovu şadlıq sarayının sahibi kimi tanıyaraq, pullarını ona etibar ediblər. O, həmin pulları ya biznes məqsədilə aldığını deyərək həmin şəxsləri guya, öz “biznes”inə şərik edib. Hətta qarşı tərəfi inandırmaq üçün Binəqədi şossesinin yaxınlığındakı villasını – hansı ki, atasının adına rəsmiləşdirilib – etibarnamə ilə “şəriklərinin” adına keçirib. Digər qisim insanlardan aldığı pulları isə “Texnikabank”a qoyulan əmanət kimi rəsmiləşdirib və onlara əmanət kitabçaları paylanılıb.
Cinayət işi üzrə azadlıqdan məhrum edilən şəxslər hökmdən apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Həmçinin, məhkəmə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün “Humay” şadlıq sarayının, Rəsulzadə qəsəbəsində olan evin və digər əmlakların müsadirə edilməsi barədə müvafiq qərar qüvvədə saxlanılıb.
Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktub ünvanlayıb və bildirib ki, həmin mülklərin müsadirə olunması qanunsuzdur. O, bunu yuxarıda qeyd etdiyimiz kimi, həmin əmlakın (“Humay” şadlıq sarayı, Rəsulzadə qəsəbəsindəki ev və digər əmlaklar – red.) oğluna deyil, özünə məxsus olması ilə əsaslandırıb.
Bundan sonra Ali Məhkəməsinin sədri Ramiz Rzayev işin yenidən araşdırılması barədə göstəriş verib. Lakin hələ buna qədər Bakı Apelyasiya Məhkəməsində hakimlər – Rizvan Səfərov və Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyalarda apelyasiya şikayəti araşdırılıb. Orada Zakir Yusifovun “Humay” şadlıq sarayı və Rəsulzadə qəsəbəsindəki evin ona məxsus olması barədə iddiası əsassız sayılıb və təmin edilməyib.
Beləliklə, 2008-ci ildən indiyədək Zakir Yusifovun qaldırdığı iddialar üzündən məhkəmə prosesləri uzandıqca uzanır. Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin Binəqədi rayon şöbəsi əmlakların müsadirə edilib hərracda satılması və zərərçəkənlərə dəyən ziyanın ödənilməsi prosesi hər dəfə yarımçıq qalır. 15 il cəza alan Zal Yusifovun cəzasının müddəti isə 2023-cü ildə başa çatacaq. Zal Yusifovun cəzasının yarıdan çoxunun çəkilməsinə rəğmən, zərərçəkənlər hələ də onlara dəymiş ziyanın nə vaxt ödəniləcəyini gözləyirlər. Aydın məsələdir ki, Zakir Yusifov məhkəmə şikayətlərini uzatmaqla vaxt qazanmaq və bununla ailə üzvlərinin – Zal Yusifovun azadlıqda olan övladlarının “Humay” şadlıq sarayının gəlirləri hesabına krallar kimi yaşamasını təmin etmək istəyir. O, burdan qazandığı pullarla zərərçəkənlərin ziyanını ödəmək əvəzinə məhkəmə proseslərini udmaq üçün çirkin vasitələrə əl atır, sözügedən əmlakların üzərindən həbsin qaldırılması üçün məhkəmələrdə özünə tərəfdar tapmağa çalışır. Bunu onun yaxın qohumları da etiraf edir. Onların Teleqraf.com-a bildirdiklərinə görə, bu işə Zakir Yusifovun oğlu Zülal Yusifov rəhbərlik edir. O, hamını və yaşlı atasını da məhkəmələri rüşvət və bahalı hədiyyələr vasitəsilə uda biləcəklərinə inandırıb və “Humay” şadlıq sarayının gəlirlərini faktiki oğurlamaqla məşğuldur. Qeyd edək ki, o, Zal Yusifov həbs olunanadək Ağır Cinayətlər Məhkəməsi sədrinin köməkçisi işləyib. Qardaşının həbsindən sonra onu hüquq-mühafizə orqanlarından xaric ediblər. Əslində Zal Yusifovun insanları aldadaraq aldığı pullarla sahibləndiyi əmlakların bir qismi də Zülal Yusifovun adına rəsmiləşdirilib. Bura Nərimanov rayonundakı mənzil, Novxanıda bağ evi, bir neçə avtomobil aiddir. Amma hansısa yollarla Zülal Yusifov həmin əmlakları MTN-in İstintaq İdarəsinin gözündən “yayındıra” bilib.
Qardaşının cinayət əməllərindən də qazanc güdən bu ailə yaşı 80-i haqlamaqda olan ahıl kişinin “xidmət”indən bəhrələnməkdə və ölkənin hüquq mühafizə orqanlarının adını ləkələndirməkdədirlər. Bu oyunun bitməsi təbii ki, məhkəmənin ədalətli qərarından keçir! Məhkəmə ədalətli qərar verməklə dələduzların Azərbaycan Məhkəməsini ləkələndirmək, nüfuzdan salmaq cəhdlərini birdəfəlik önləyə bilər! Özü də çox sadə şəkildə. 80 yaşlı insan bu qədər əmlakı hansı vəsaitlə aldığını sübuta yetirməlidir. Adam bankmı soyub, rüşvətmi alıb, xəzinəmi tapıb? Onda bu qədər pul hardandır? Gəliri yalnız dövlətdən aldığı pensiya olan yaşlı bir kişi bunu sübut edə bilərmi? Əgər bu əmlaklar ataya məxsusdursa, bəs onda Zal Yusifovun günahsız insanları aldadaraq aldığı milyonlarla manat vəsait haradadır və ya nəyə xərclənib? Və ən başlıcası, aydındır ki, nəinki Azərbaycanda, bütün dünyada müxtəlif qanunsuz üsullarla - dələduzluq, fırıldaqçılıq, mənimsəmə, rüşvət və s. yollarla varlanan şəxslər əldə etdikləri pullar hesabına aldıqları əmlakları bir qayda olaraq, öz adlarına sənədləşdirmirlər. Həmin şəxslər başqalarının pulu hesabına aldıqları, cinayət törədərək əldə etdikləri əmlakları etibar etdikləri adamların, bir çox hallarda isə yaxın qohumlarının adına sənədləşdirirlər. Məhz bu səbəbdən bu tip cinayətlərin araşdırılması bəzən illərlə davam edir. Hazırda Azərbaycan məhkəmələrində onlarla belə işlər araşdırılır. Hətta indiyədək bu cür qanunsuz əməllər məhkəmələrdə dəfələrlə sübuta da yetirilib. Məsələn, illər əvvəl ağır cinayətlər törədərək ömürlük azadlıqdan məhrum edilən Daxili İşlər Nazirliyinin baş əməliyyatçısı Hacı Məmmədov cinayət yolu ilə əldə etdiyi pullar hesabına aldığı əmlakları qohumlarının adına rəsmiləşdirmişdi və bu fakt məhkəmədə sübuta yetirildi. Məhkəmənin qərarı ilə Hacı Məmmədovun yaxın qohumlarının adına rəsmiləşdirdiyi bütün əmlaklar müsadirə olundu.
Dələduz bankir Zal Yusifovun sözügedən əmlakları cinayət yolu ilə əldə etdiyi pullar hesabına aldığını Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyanın qərarı ilə müəyyən edilib. Hakim kollegiyası həmin əmlakların müsadirə edilməsi barədə qərar verib! Belə çıxır ki, indi Zal Yusifovun atası Zakir Yusifov məhkəmə hökmlərinin mötəbərliyini şübhə altına alır və Azərbaycan Məhkəmələrini faktiki gözdən salır, nüfuzunu zədələyir.
Onu da qeyd edək ki, Zakir Yusifovun iddiası üzrə Bakı Apelyasiya Məhkəməsində bu günlərdə yenidən proses başlayıb. Prosesə hakim Vüqar Məmmədov sədrlik edir. Məhkəmənin baxış iclası yanvarın 11-də keçirilib. İclasda əmlaklarla bağlı müvafiq dövlət orqanlarına məhkəmə sorğusu göndərilib.
İndi bütün zərərçəkənlərin gözü Apelyasiya Məhkəməsinə dikilib. Onlar məhkəmənin – hakim Vüqar Məmmədovun ədalətli qərar çıxarmasını və nəhayət, zərərçəkənlərə dəyən ziyanın ödənilməsinə başlanılmasını gözləyirlər...
P.S Növbəti yazımızda Zal Yusifovun qardaşlarının adına rəsmiləşdirilən və məhkəmə tərəfindən müsadirə olunmayan əmlaklarının da siyahısını və ünvanlarını dərc edəcəyik.