Pul və zinət əşyaları oğurlandı: özü də polislərdən şikayətçidir-ŞİKAYƏT
139 300 ABŞ dolları, 21 800 manat, 800 qrama yaxın qızıl-zinət və 21 ədəd özəlləşdirmə çeki...
Xeberinfo.com: Redaksiyamızın elektron ünvanına Göyçay şəhər 49-cu məhəllə sakini Ömərov İlqar Muxtar oğlunun müraciəti daxil olub. Müraciətində İlqar Ömərov evinin yarıldığını-pul və zinət əşyalarının oğurlandığını bildirir. Müraciətin ən diqqətçəkən tərəfi isə zərərçəkmişin polislərdən şikayətçi olmasıdır. Biz yazıda daları hallanan tərəfləri də dinləmək istədik. Təəssüf ki, alınmadı. Müəyyən oxucu dairəsi üçün maraqlı olacağını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
“Yazıb sizə bildirirəm ki, 11 may 2015 ci il tarixində Göyçay şəhəri 49-cu məhəllədə mənim yaşadığım ünvanda oğrluq hadisəsi baş vermişdir. Həmin gün axşam saat 22:00 radələrində evə gəldim, pul və ailəyə məxsus qızıl-zinət əşyaları olan seyfin götürüldüyünün şahidi oldum. Dərhal Göyçay RPŞ-nə ərizə ilə müraciət etdim. Polis əməkdaşları təcili işə başladılar və tez bir zamanda evə daxil olan şəxsləri həbsə aldılar. Gecə saat 2:00 radələrində artıq pulun yeri təyin olunaraq axtarış və götürülmə işinə başladılar. Məlumat üçün bildirirəm ki, seyfdə 139 300 (yüzotuzdoqquzminüçyüz) ABŞ dolları, 21 800 (iyirmibirminsəkkizyüz) AZN, təxminən 800 (səkkiz yüz) qrama yaxın qızıl-zinət əşyaları və 21 (iyirmibir) ədəd özəlləşdirmə çeki olmuşdur. Göyçay RPŞ-nin verdiyi məlumata əsasən, 91 260 (doxsanbirminikiyüzaltmış) ABŞ dolları, 560 (beşyüzaltmış) AZN, qızıl-ziynət əşyaları və 21 (iyirmibir) ədəd özəlləşmə çeki tapılmışdır. Həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq bu müddət ərzində qalan pul vəsaiti tapılmamışdır.
Həbs olunanların verdiyi ifadəyə əsasən hadisə belə olmuşdur. Üç nəfər evə daxil olub seyfi götürdükdən sonra 1973-cü il təvəllüdlü Seymur Quliyev adlı iştirakçının evinə aparmışlar və orda seyfi yararaq bütün pul, qızıl və özəlləşmə çeklərini gotürmüşlər. Sonra üçü bir yerdə seyfi aparıb Şirvan su kanalına atmışlar. Qayıdandan sonra pulu, qızılı və özəlləşmə çeklərini 1986-cı il təvəllüdlü Teymur Həsənov adlı iştirakçı götürmüşdür. Seyfdən götürülən puldan 40 (qırx) AZN 1990-cı il təvəllüdlü Namiq adlı iştirakçı, 250 (ikiyüzəlli) AZN isə Seymur Quliyev adlı iştirakçı götürmüşdür. Teymur Həsənov sonradan Namiqə 60 (altmış) manatına 1 (bir) ədəd telfon almışdır.
Qalan bütün əldə olunmuş pul və qızıl-ziynət əşyaları Teymur Həsənov adlı iştirakçıda olub. Teymur Həsənov Gəncə şəhər təcridxanasında bildirmişdir ki, istintaq buradan Göyçay RPŞ-dən götürülsün, hər şeyi boynuma alım. Teymur Həsənov həmən günü pulu yaxın qohumuna vermişdir. Sonradan həmin şəxs şübhələnib pulun çox hissəsini Teymur Həsənova qaytarmışdır. Teymur Həsənovun dediyinə görə, o pulları torpaqda və evdə gizlətmişdir. Həmin gecə o bütün pullarin yerini etiraf edərək demişdir. Gecə ikən Anar adlı polis əməkdaşı pulu tapmadıqda geri qayıtmış, Teymur Həsənovdan pulun yerini dəqiq söyləməsini tələb etmişdir. Pulu topladıqdan sonra pulun az olduğunu görən polis əməkdaşları pulun qalan hissəsinin harda olduğunu soruşanda Teymur Həsənov pulun yaxın qohumunda olduğunu söyləmiş və zənglə pul polis şöbəsinə gətirilmişdir.
Bütün bunları Teymur Həsənov Namiq Ömərova danışmışdır. (Məlumat üçün bildirirəm ki, Ömərov Namiq mənim oğlumdur.) Teymur Həsənov bu hadisədən dörd (4) ay əvvəl bu oğurluq hadisəsini həyata keçirtməyi üçün Namiqə pisixi təsir göstərmiş ki, Namiq, qohum-qonşularda ev tap oğurlayaq. Namiq də öz nöbəsində heç yerdən oğurluq etməyəcəyini söyləmiş, sonradan onu öz evindən oğurluq etməyə məcbur ediblər ki, atan bilsə də səndən şikayət etməz.
İstintaq müddətində istintaq bölməsinin rəisi Nəsirov Zaur məni ümüdvar etmişdi ki, narahat olma, sənin pulun tapılıb veriləcək. Hətta avqust ayının ortalarında müstəntiq İbrahimov Nahid mənə zəng edib bildirdi ki avqustun ayının onyeddisində (17) rayonda ol, xeyir xəbər olacaq, sizi sevindirəcəyik. Sonra hec bir məlumat olmadı.
İstintaq bölməsinin rəisi Nəsirov Zaur dəfələrlə mənə bildirmişdir ki, Həsənov Teymurun ailəsi pulu vermək istəyir. Onlar istintaqın bitməsini gözləyirlər. İstintaq bitdi, lakin pul ödənilmədi. Qarşı tərəf isə onlarda heç bir pulun olmadığını iddia edir. Mən öz növbəmdə mənə verilən vədlərə cavab istəyərkən polis şöbəsi bildirdi ki, biz öz işimizi bitirdik, iş qaldı məhkəməyə.
Birinci (1) gün tapılan puldan sonra istintaq işinin səkkiz (8) ay müddətinə qədər uzadılmasına baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Belə getsə tezliklə mənə məxsus olan mağazanı maddi vəziyyətimin pis olması səbəbilə bağlamaq məcburyyətində qalacam.
Səhəri gün Teymur Həsənovun yaşadığı ünvanda baxış keçirilərkən pullar Teymur Həsənovun göstərdiyi yerdən çıxmamış və az miqdarda çıxmışdır. Beləliklə, həmin gün həyətdən və evdən 91 260 ABŞ dolları, 560 AZN, qızıl-ziynət əşyaları və 21 ədəd özəlləşmə çeki aşkarlanib götürülmüşdür. 48 040 ABŞ dolları və 21 240 AZN kimlərdə olduğu məlum deyil. Xahiş edirəm ki, qalan pullar hüquq-mühafizə orqanlarının iştirakı ilə tapılıb mənə verilsin. Xahiş edirəm ki, bu işin tezləşdirilməsində media orqanları məsələni ictimailəşdirməklə mənə kömək olsunlar”.