İntihara cəhd edən sahibkardan yeni açıqlama - Video
Bakının Binəqədi rayonu 6-cı mikrorayonu ərazisində, Milli Oftalmologiya Mərkəzinin yaxınlığında yerləşən 4 mərtəbəli yarımtikili iaşə obyektinin sahibi İlqar Məmmədovun intihara cəhd etməsi ilə bağlı Binəqədi rayon prokurorluğu tərəfindən cinayət işi qaldırılmayıb.
Xeberinfo.com: Məlumata görə, bu barədə APA TV-yə Binəqədi rayon prokurorluğundan məlumat verilib.
Prokurorluqdan bildirilib ki, hadisə ilə bağlı sahibkarla Binəqədi Rayon İcra Hakimiyyəti arasında razılıq əldə olunduğundan və iş üzrə zərərçəkmiş tanınmadığından, cinayət işinin qaldırılmasına lüzum yaranmayıb.
Qeyd edək ki, noyabrın 5-də saat 11:00 radələrində sahibkar İlqar Məmmədov yarımtikili binaya çıxaraq özünü atacağını bəyan edib. Sahibkar daha işləyə bilmədiyini deyərək, binanın inşası üçün verdiyi 500 min manat pulun geri qaytarılmasını tələb edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, təcili yardım briqadası, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti cəlb olunub. Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılovun və Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun müdaxiləsindən sonra intihara cəhd edən şəxs fikrindən daşınaraq, hündürlükdən enib.Sonradan İlqar Məmmədov Binəqədi Rayon Polis İdarəsində bildirib ki, 500 min manatla bağlı söylədiyi ifadələr əsassızdır. O, hadisə vaxtı əsəblərini cilovlaya bilmədiyini və affekt vəziyyətində olduğundan, bu fikirləri söylədiyini qeyd edib.
Binəqədi Rayon Polis İdarəsindən iş üzrə CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işinin qaldırılmasının onların deyil, prokurorluğun səlahiyyətində olduğu bildirilib.(Apa.tv)
Belə görünür ki, sahibkarın “affekt vəziyyətində” dedikləri “effekt vəziyyəti” yarada bilib. Binəqədi İcra Hakimiyyəti “qanunsuz” tikilini sökməkdən imtina edib. Lakin bu razılıq nəyin əsasında əldə edilib? İcra Hakimiyyəti sahibkarın hədəsinə niyə baş əyib? 500 minin bölüşdürülməsində “ədalət təmin edilib”, yoxsa məlum olub ki, sahibkarın tikintisi qanuni imiş? İstənilən halda, sahibkar İlqar Məmmədovun taktikası özünü doğruldub və nəticədən hamı, o cümlədən Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da razı qalıb…
Qeyd edək ki, ilk məlumatlarda söküntüsünə cəhd edilən obyektin sahibi kimi MTN generalı Akif Çovdarovun adı çəkilirdi. İstisna deyil ki, İlqar Məmmədovdan 500 min alan da elə Çovdarov olub. Lakin sahibkarın intihar cəhdindən sonra o, problemi həll edə bilib. Mümkündür ki, Çovdarov hətta sahibkardan aldığı pulu da geri qaytarıb.
Yeri gəlmişkən, “AzPolitika”ya daxil olan səhih məlumatlara görə, Eldar Mahmudovun vəzifəsindən azad olunmasından sonra, Akif Çovdarov və əvvəllər quldurluqla məşğul olmuş digər MTN zabitləri külli miqdarda – on milyonlarla vəsaiti əllərindən aldıqları sahibkarlara geri qaytarıblar. Bu yolla onlar istintaq orqanına kütləvi şikayətlərin qarşısını almağa cəhd ediblər. Lakin yenə də şikayət edənlərin sayı yüzlərlədir.