Akif Çovdarovla bağlı yeni şok faktlar
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Akif Çovdarovla bağlı nəhayət ki, cinayət işi qaldırıldı.
Xeberinfo.com: Dünən yayılan məlumata görə, Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi, general-mayor Sübahir Qurbanovun əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.
Eyni zamanda Akif Çovdarovun işçiləri – MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 4 əməkdaşı həbs edilib. Məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən şəxslərdən biri Akif Əliyevdir. Həbs edilən digər 3 əməkdaşın ad və soyadlarını dəqiqləşdirmək hələlik mümkün olmayıb.
Bu arada Akif Çovdarovun qanunsuz əməlləri barədə yeni sensasiyalı faktlar ortaya çıxmaqdadır.
Akif Çovdarovun istixana biznesi
Belə faktlardan birini moderator.az saytı yayıb. Etibarlı mənbə sayta bildirib ki, Akif Çovdarov öz səlahiyyətlərindən istifadə edərək böyük biznes şəbəkəsi qurub. Mənbə onun istixana biznesinə də xüsusi diqqət çəkib: “Akif Çovdarovun Bakıətrafı kənd və qəsəbələrin əksəriyyətində çoxlu sayda istixanaları var ki, bu istixanalar toplam yüz hektarlarla ərazini əhatə edir. MTN generalına məxsus bu istixanalar arasında Masazırda yeni salınmış qaçqın şəhərciyinin arxasındakı istixanalar xüsusi əhəmiyyət kəsb edir. Bu istixanalaları səciyyələndirən ən başlıca amil isə onların beynəlxalq əhəmiyyətli neft kəmərləri keçən ərazidə salınmasıdır”.
Mənbənin sözlərinə görə, istixanaların əsası qoyulan zaman Akif Çovdarovun adamları generala ərazidən beynəlxalq əhəmiyyətli neft kəmərinin keçdiyini və burada istixana inşa etməyin mümkünsüz olduğunu xatırlatsa da, gözünü pul hərisliyi örtən general bunu “xırda məsələ” adlandırıb və işçilərə “davam edin” əmrini verib: “Akif Çovdarov onu neft kəməri haqqında məlumatlandıran işçilərə bildirib ki, bu, ”xırda məsələdir” və istixanaların inşasını davam etdirmək lazımdır. Bundan sonra təxminən 10 hektar ərazidə istixanaların quraşdırılmasına başlandı. Bir müddət sonra isə Akif Çovdarov Dövlət Neft Şirkətinin ərazi üzrə idarəsinə bildirdi ki, beynəlxalq neft kəmərinin bir hissəsi onun istixanalarından keçir və buna görə də həmin “lüzumsuz boruları” ərazidən çıxartmaq lazımdır. Eşitdikləri təklifdən şoka düşən Dövlət Neft Şirkətinin əməkdaşları bunun beynəlxalq əhəmiyyətli bir kəmər olduğunu, əvvəlcədən müəyyənləşdirilən layihə əsasında inşa edildiyini və hansısa bir məsafədə onun istiqamətini dəyişməyin mümkünsüz olduğunu bildirib. Aldığı cavabdan məmnun qalmayan Akif Çovdarov isə bildirib ki, heç nə onun istixanalarından önəmli deyil və əgər onun ərazisinə düşən kəmər qısa müddətdə ərazidən köçürülməzsə, o zaman bu problemi o özü, öz bildiyi yöntəmlərlə həll edəcək. Bundan sonra məlum məsələ ilə bağlı rəhbərliyi məlumlandıracaqlarını bildirən idarə əməkaşları məsləhətləşmənin nəticələri ilə bağlı generala məlumat verəcəklərini bildirib”.
Mənbənin sözlərinə görə, Akif Çovdarov bundan öncə də dövlət və beynəlxalq əhəmiyyətli bir sıra layihələrə qanunsuz müdaxilələr edib: “Son illər böyük maddi güc, rəsmi və qeyri-rəsmi səlahiyyət əldə edən Akif Çovdarovda belə bir inam formalaşmışdı ki, o və şəxsi biznesi hər şeydən, hətta xalqın və dövlətin mənafeyindən də üstündür və istənilən məsələyə öz şəxsi maraqları baxımından istənilən cür müdaxilə edə bilər. Buna görə də, MTN generalı yalnız Masazır məsələsində deyil, bir çox məsələlərdə özünü sözün əsl mənasında şıltaq uşaq kimi aparır, haqlı və ya haqsız öz iradəsini həyata keçirməkdən zövq alırdı. Lakin proseslərin sonrakı gedişatı göstərdi ki, dövlət və onun rəhbəliyi A.Çovdarov və digər həmkarlarının şıltaqlığına sona qədər dözmək fikrində deyil və dövlətin strategiyasına, onun mənafeyinə meydan oxuyan hər kəsin aqibəti gec-tez yuxarıdan aşağı baxdığı dövlətin mərhəmətindən, onun rəhbərliyinin verəcəyi qərardan asılı olur”.
Akif Çovdarovun gizli həbsxanası harada yerləşir?
Jam.az saytı isə Akif Çovdarovun gizli həbsxanasının Masazırdakı istinaxanalarından birində yerləşdiyini yazıb. Akif Çovdarovun əlindən əziyyət çəkmiş xarici iş adamlarından birinin sayta verdiyi məlumata görə, həmin gülçülük plantasiyasının bütün qəfəs sistemlərini o və rəhbəri olduğu şirkət inşa edib. Adının çəkilməsini istəməyən iş adamı bildirib ki, həmin inşaat zamanı isə plantasiyanın yaxınlığında zirzəmi tipli başqa bir tikili də inşa ediblər. Əvvəlcə, o, bu tikilinin hansı məqsədlərə xidmət edəcəyini bilməyib. Daha sonra isə gözünün qarşısında baş verənlərdən sonra hər şeyi anlamağa başlayıb. “Akif Çovdarovun adamları hər gün həmin zirzəmiyə başına torba keçirilmiş bir nəfər gətirirdilər. Axşamüstü general özü gəlib çıxır, sorğu-sual edir, sonra da pul alıb həmin adamı buraxırdı. Oranın həbsxana kimi istifadə olunmasını sonradan anladım”.
Xarici iş adamı vurğulayıb ki, Masazırdakı gülçülük plantasiyasının tikintisi zamanı Akif Çovdarovun ona 500 min dollara yaxın borcu qalıb. “Həmin borcu istədikdə mənə başına torba keçirib gətirtdirdiyi adamların aqibətini xatırlatdı. Bildirdi ki, əgər pulu tələb etməkdə davam edərsəm, məni də eyni aqibət gözləyəcək. Sonra da ölkədən çıxmağımı və bir daha Azərbaycana gəlməməyimi tələb etdi. Mən də gözümün qarşısında baş verənlərdən qorxduğum üçün hələ də Azərbaycana ayaq basa bilmirəm. Halbuki Azərbaycanda yarımçıq qalmış işlərim və xeyli miqdarda alacaqlarım var”.
Akif Çovdarov hansı nazirlərlə görüşürmüş?
Akif Çovdarovun Azərbaycanın enerji və nəqliyyat sahələrinə rəhbərlik edən şəxslərlə təmasları olub. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, Akif Çovdarov vaxtaşırı “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev, sənaye və energetika naziri Natiq Əliyev və nəqliyyat naziri Ziya Məmmədovla görüşürmüş. Bu görüşlərin hansı mahiyyət daşıdığı isə dəqiqliyi ilə bəlli deyil.
Əlbəttə, MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəhbəri kimi Çovdarovun bu sahəyə aid qurumların rəhbərləri ilə görüşməsi təəccüblü deyil. Ancaq nəzərə alsaq ki, Çovdarov rəsmi işi ilə deyil, qanunsuz əməllərlə məşğul olub, bu görüşlərin də mahiyyəti şübhə doğurur. Təsadüfi deyil ki, Akif Çovdarovun onlardan “haqq” aldığı bildirilir. Düzdür, Natiq Əliyevin kiməsə “haqq” verməsi inandırıcı deyil.
Ancaq onun Etibar Pirverdiyev və Ziya Məmmədovla vaxtaşırı məhz “haqq” almaq üçün görüşdüyünü istisna etmək olmaz. Təsadüfi deyil ki, mediada keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bəzi yüksək rütbəli məmurlardan aylıq “hesab” alması barədə məlumatlar yayılıb. Həmin məlumatlarda Eldar Mahmudova xərac verən məmurlar arasında Ziya Məmmədovun da adı qeyd olunub. Akif Çovdarov isə Eldar Mahmudovun “kassiri” kimi tanınıb.