Səfirlik erməni təxribatının qarşısını aldı
Ermənilərin mədəniyyət və incəsənətin təbliği adı altında özlərinin işğalçılıq və qəsbkarlıq əməllərinə haqq qazandırmaq istiqamətində fəaliyyətləri hamıya məlumdur. Onlar bu vasitə ilə Azərbaycan ərazilərinin işğal faktını gizlətməyə, tarixi faktları saxtalaşdırmağa və beləliklə, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Növbəti bu cür addım Çin Milli İncəsənət Muzeyində təşkil olunan 6-cı Pekin İncəsənət Sərgisində planlaşdırılmışdı.
"Xeberinfo.com": AZƏRTAC bildirir ki, Azərbaycanın Çindəki səfirliyi ermənilərin həmin sərgi çərçivəsində qondarma “erməni soyqırımı” mövzusunda əsərlər nümayiş etdirmək istəkləri barədə əvvəlcədən məlumat əldə edə bilib. Səfirlik Çin tərəfi ilə bununla bağlı danışıqlar apararaq, məsələlər barədə ətraflı izahat işi həyata keçirib. Nəticədə Çin tərəfi sərgi çərçivəsində qondarma “erməni soyqırımı” mövzusunda əsərlərin nümayiş olunmasını məqsədəmüvafiq hesab etməyib və həmin işlərin sərgidə nümayişinə icazə verilməyib.
Qondarma “soyqırımı” məsələsinin təbliği barədə planları baş tutmayan ermənilər sərgi çərçivəsində yenə öz çirkin əməllərini başqa istiqamətdə davam etdirməyə çalışıblar. Belə ki, onlar sərginin ermənilərə aid pavilyonunda Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə dair rəsm əsərlərinin, o cümlədən müharibə və zorakılığı təbliğ edən əsərlərin nümayişinə cəhd ediblər. Lakin Azərbaycanın Çindəki səfirliyinin diplomatlarının sayıqlığı və peşəkar fəaliyyəti nəticəsində ermənilərin bu planları da iflasa uğrayıb. Səfirliyin dörd əməkdaşı sərginin ilk günü erməni pavilyonuna baş çəkərək, “soyqırımı” ekspozisiyasının Dağlıq Qarabağ müharibəsi ekspozisiyası ilə əvəz olunduğunun şahidi olublar. Diplomatlar elə oradaca, gözləmədən ziyarətçilərə əsərlərdə əks olunan ərazilərin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə aid olduğunu bildiriblər. Bununla kifayətlənməyən diplomatlarımız sərginin təşkilatçılarını pavilyona dəvət edərək, ermənilərin mədəniyyət adı altında qəsbkar və işğalçı fəaliyyətlətlərinə haqq qazandırmaq və çinli vətəndaşları aldatmaq istəklərini diqqətə çatdırıb, münaqişə barədə ətraflı izahat verib, həmin rəsmlərin nümayişinin incəsənət sərgisinin ruhuna zidd olduğunu bildiriblər.
Araşdırma aparıldıqdan sonra Azərbaycan tərəfinin iradlarını haqlı qəbul edən təşkilatçılar sərginin ilk günü – sentyabrın 24-də erməni pavilyonunu ziyarət üçün tamamilə bağlı elan ediblər. Növbəti günlərdə isə Qarabağa aid tablo və yazılar pavilyondan yığışdırılıb. Bundan başqa, Azərbaycan diplomatlarının təkidi ilə erməni rəssamın öz əsərləri barədə təbliğat xarakterli çıxışına da zərurət görülməyib.
Qeyd etmək lazımdır ki, ermənilərə məxsus kütləvi informasiya vasitələrində, habelə sosial şəbəbkələrdə guya Azərbaycan diplomatlarının erməni pavilyonuna hücum çəkməsi, dava salması və əsərləri məhv etməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq öz məkrli planlarının baş tutmamasından pərt olan ermənilərin Azərbaycan diplomatlarının peşəkar fəaliyyətinə kölgə salmaq istəyindən başqa bir şey deyil.
Bir məqamı da qeyd etmək lazımdır ki, yayılan məlumatlara əsasən, Pekində səfərdə olan Ermənistanın baş naziri Ovik Abramyan erməni pavilyonuna baş çəkməli imiş. Görünür çirkin niyyətlərinin baş tutmaması Ermənistan baş nazirini pavilyonu ziyarət etməyi təxirə salmağa məcbur edib.
Azərbaycan diplomatlarının nümayiş etdirdiyi sayıqlıq, güzəştə getməmək və peşəkarlıq müsbət nəticənin əldə olunmasına imkan verib.