“Qətnamə açıq-aşkar siyasi məqsədlərə hesablanıb”
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirib
"Xeberinfo.com": Məlumata görə, Ə.Amaşov Publika.az-a açıqlamasında deyib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi açıq-aşkar siyasi məqsədlərə hesablanıb.
Onun sözlərinə görə, sənəd ölkəmizə qarşı qərəzli kampaniyanın növbəti təzahür formasıdır:
“Bu qətnamə heç bir halda Azərbaycan reallıqlarını əks etdirmir. İstər ifadə forması, istərsə də məzmun baxımından həqarət notlarına köklənib. Dünyada demokratizmin keşiyində durduğunu bəyan edən nüfuzlu qurumlar üçün belə fəaliyyət yolverilməzdir”.
Azərbaycana qarşı ikili standartlar siyasətinin zaman-zaman özünü bu və ya digər şəkildə göstərdiyini diqqətə çatdıran Ə.Amaşov belə xoşagəlməz dəst-xətt üçün insan hüquq və azadlıqları prinsipləri ilə manipulyasiyanın adi hala çevrildiyini bəyan edib:
"Azərbaycan cəmiyyəti, xüsusən də aktiv ictimai kəsim bunu çox yaxşı dərk edir. Cəmiyyətin, o cümlədən medianın məsələyə baxışı da prinsipial olaraq birmənalıdır. Hər kəs Avropanın müəyyən dairələrinin Azərbaycana münasibətdə açıq qərəzini görür. Bu qərəzin ölkəmizi zəif salmağa xidmət etdiyi gün kimi aydındır. Azərbaycan dövlətinin xalqın haqq işi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyəti də göz önündədir. Hesab edirəm ki, Avropa Parlamentinin qətnaməsində beynəlxalq hüquqa zidd olaraq “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi bilavasitə bu qətiyyəti heçə endirməyə, bir növ, dövlətimizin mövcud istiqamətdəki siyasətinin guya effektivsizlik kimi təsvirinə, hakimiyyəti xalqın gözündən salmağa hesablanmış məkrli siyasi gedişdir. Çünki xalqın münaqişəyə necə həssas yanaşdığı qətnamə müəlliflərinə yaxşı məlumdur".
Ə.Amaşov Azərbaycandakı demokratik təsisatların qətnaməyə qarşı sərt mövqe nümayişinin vacibliyini vurğulayıb: “Avropa Parlamentinin məlum qətnaməsi parlament seçkisinin yaxınlaşdığı hazırkı həssas dönəmdə Azərbaycana qarşı təzyiq vasitələrindən biridir və bu cür halların təkrarlanması ehtimal ediləndir. Biz bu meyli görməli və düzgün nəticə çıxarmalıyıq.
Dünyada, eləcə də yaxın qonşuluğumuzdakı siyasi prosesləri də nəzərdən keçirməliyik. Onu da diqqətə almalıyıq ki, bu cür qətnamələrin məqsədi sabit, dayanıqlı Azərbaycanı sarsıtmaq, ölkəmizi siyasi burulğanlar məskəninə çevirməkdir. Kimlərsə düşünür ki, parlament seçkisi kimi taleyüklü hadisə belə planların gerçəkləşdirilməsi üçün münbit zamandır. Azərbaycan xalqı dəfələrlə bu düşüncənin yanlışlığını isbatlayıb və bundan sonra da isbatlayacaq”.