“Azərbaycan təyyarələri Ermənistanı bombalayacaq”
Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağda yeni müharibənin başlaması ehtimallarını araşdırıb.
"Xeberinfo.com": Məlumata görə, publika.az xəbər verir ki, nəşr Azərbaycan müdafiə naziri Zakir Həsənovun “Silahlı Qüvvələrin bütün şəxsi heyəti qələbə qazanmaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün tam hazırdır” sözlərini yeni gərginliyin ola biləcəyi kimi şərh edib.
Moskva Dövlət Universitetinin Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev “Kommersant”a açıqlamasında bildirib ki, Bakı artıq 90-cı illərdəki kimi deyil və onun gücü Qarabağda müharibə aparıb ərazi bütövlüyünü bərpa etməyə yetərli qədərdir: “Azərbaycan müdafiə nazirinin açıqlamaları isə təhdid deyil, bu sadəcə olaraq, xəbərdarlıqdır. Çünki Azərbaycan həmişə sülhə köklənib, fəaliyyətini də bu istiqamətdə qurur. əsas məsələ ərazi bütövlüyünün bərpasından gedir. Nəzərə almalıyıq ki, bunun üçün iki yol var: sülh və hərbi yol. Baxmayaraq ki, bu gün Azərbaycan xalqı hərbi yolla torpaqlarını işğaldan azad etməyə hazırdır, onlar əsasən sülh tərəfdarıdır. Azərbaycan dövləti də münaqişənin sülh yolu ilə həllinə hazırdır. Belə olmasaydı, uzun müddət gözləməz və danışıqlar aparmazdı. Lakin Azərbaycan üçün hərbi yol heç vaxt istisna olmayıb".
Rusiyalı politoloq Boris Dolqin də Azərbaycanın sülh tərəfdarı olduğunu deyib.
“Lakin son vaxtlar bu cür açıqlamalar da təsadüfi deyil. Ölkə ictimaiyyəti müharibəyə tam hazırdır. əgər dövlətin vektoru dəyişərsə və müharibə elan edərsə, Azərbaycan cəmiyyəti bunu çox normal qarşılayacaq və bu dəyişiklik onlar üçün təəccüblü olmayacaq”, - deyə ekspert bildirib.
MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev isə qeyd edib ki, Azərbaycan hərbi güc baxımından Ermənistandan öndədir, xüsusilə aviasiyada: “Azərbaycan təyyarələri istənilən vaxt Ermənistandakı obyektləri bombalayaraq darmadağın edəcək. Yəni bu potensial mövcuddur. Hələlik sülh danışıqları davam edir, lakin bu, müharibənin nə vaxtsa baş verməyəcəyi demək deyil. Müharibə hər an ola bilər və bu, uzunmüddətli müharibə olacaq. Hesab etsək ki, müharibə başlayıb, o zaman Rusiya da məcbur olaraq bu bataqlığa girəcək. Bu isə Türkiyənin aktiv şəkildə müharibəyə qoşulması deməkdir”.
Onun sözlərinə görə, müharibə ehtimalı uzaq perspektivdədir.
“Lakin bu qorxunu hər kəs hiss edir. Buna görə də Rusiya xarici işlər naziri Sergey Lavrov münaqişə müharibəyə çevrilmədən onun həllinin tezləşdirilməsi tezisini irəli sürür”, - deyə ekspert vurğulayıb.