Yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna sərnişin təyyarəsini İran hərbi hava qüvvələrinin səhvən raketlə vurduğuna dair iddialar ciddiləşir.
Yenixeber.org: Qərb mediasının müxtəlif mənbələrə istinadla yaydığı bu məlumatı artıq rəsmi şəxs olaraq Kanadanın baş naziri Castin Trüdo da iddia edib. O, mətbuat konfransında bildirib ki, təyyarəni İranın vurduğuna dair əllərində kəşfiyyat məlumatları var:
“Bizim müttəfiqlərimizin və özümüzün kəşfiyyatı da daxil, bir neçə mənbədən kəşfiyyat məlumatlarımız var. Sübutlar göstərir ki, təyyarə yer-göy raketi ilə vurulub”.
Trüdo əlavə edib ki, təyyarənin raketlə vurulması “qeyri-ixtiyari” də ola bilər.
Xatırladaq ki, Tehrandan Kiyevə uçan təyyarədə 176 nəfər olub və hamısı ölüb. Onların 82-i İran, 63-ü Kanada, 11-i Ukrayna, 10-u İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya, 3-ü Böyük Britaniya vətəndaşları olub.
İran tərəfi isə təyyarənin vurulması iddiasını rədd edir.
Mediada təyyarənin düşdüyü ərazidə 2 yer-göy raketinin qalıqlarının tapıldığına dair foto ilə xəbərlər də yayılıb. ABŞ kəşfiyyatı da bildirib ki, hadisədən qısa müddət öncə orada havaya 2 raketin buraxıldığını qeydə alıb. Raketlər “Tor” zenit-raket kompleksindən buraxılıb. İraq kəşfiyyatındakı mənbə də bunu təsdiqləyib.(azadlıq.info)