Aparıcılar, çalğıçılar, rəqqaslar nə qədər vergi verir?
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə sabit vergi məbləği (bundan sonra - sabit vergi) müəyyən edilib.
Yenixeber.org xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Media və kommunikasiya Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Rəsmi məlumata görə, bəzi əmək növlərilə məşğul olan şəxlər – dərzilər, fotoqraflar, çəkməçilər sabit vergi ödəyiciləridir.
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar 30 manat;
Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyətlə məşğul olanlar 30 manat;
Çəkməçi, pinəçilər 5 manat;
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmirilə məşğul olanlar 10 manat ;
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlərlə məşğul olanlar 10 manat;
Nəqqaşlıq emalatxanalarının fəaliyyətilə məşğul olanlar 20 manat sabit vergi ödəməlidir.
Sabit vergi- fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirlərindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir. Nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada, muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər sabit vergi ödəyicisidir.
Onlar qeydiyyatda olduğu yerdən asılı olmayaraq həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün müəyyən edilən vergi məbləğini ödəyirlər; eyni dövr ərzində müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərərsə, bu zaman ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləğini ödəyirlər; fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda hər bir fəaliyyət növü üzrə ayrıca qəbz alırlar;nağd pul hesablaşmaları zamanı alıcıya qəbz və digər ciddi hesabat blanklar təqdim etməlidirlər; fəaliyyətin göstərilib-göstərilməməsindən asılı olmayaraq ödənilən sabit vergi geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir; bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.
Həmçinin bildirilib ki, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında, təqvim ili ərzində belə hallara 2 və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Qeyd edilən fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
Bakı şəhərində 2; Gəncə, Sumqayıt və Xırdalanda 1, 5; Abşeron raonunun qəsəbə və kəndləri (Xırdalan istisna) Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalanda 1; digər rayon və qəsəbələrdə 0, 5.