Evləri sökülən ailələr çətin vəziyyətdə - Lənkəran Şəhəri İcra Hakimiyyətinən AÇIQLAMA/YENİLƏNDİ

Lənkəran şəhərinin Heydər Əlyev küçəsində - Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi ilə üzbəüz ərazidə evləri sökülən ailələr tender sahibinin onlara verməli olduğu kirayə pulunu ala bilmir.
Bu barədə Yenixeber.org-a lənkəranlı oxucularımız məlumat verib: bir müddət bundan öncə sözügedən ünvanda bir çox evin söküntüsünə və həmin yerdə hündürmərtəbəli binanın inşasına qərar verilib. Bu məqsədlə tender keçirilib və tenderdə bir şirkət qalib elan edilib. Bundan sonra sakinlər ərazidən çıxarılıb, onların evləri sökülüb. Sakinlərə kirayə pulu vermək üçün kartlar paylanılıb və dekabr ayının kirayə pulu da həmin karta köçürülüb. Lakin yanvar ayı çoxdan başa çatsa da, vətəndaşlara hələ də ötən ayın kirayə pulu ödənməyib. Bu isə kirayədə qalan və kirayə haqqı ödəməli olan ailələri çətin vəziyyətdə qoyub. Vətəndaşlar ehtiyat edir ki, kirayə pullarının verilməsi uzana və ya digər ayların pulları verilməyə bilər.
Vətəndaşlar tərəfindən şirkət yetkililərinə edilən müraciətlərin cavabsız qaldığı bildirilir.
***
Bu dəqiqələrdə (Saat 12:58) Lənkəran Şəhər İcra Hakimiyyətindən yazıda yer alan iddialarla bağlı cavab aldıq. Məlum qanun və prinsiplərə uyğun olaraq, qarı tərəfin cavabını olduğu kimi dərc edirik:
Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2025-ci il tarixli 763s nömrəli Sərəncamı ilə Lənkəran şəhəri Heydər Əliyev prospekti 1 ünvanında qəzalı vəziyyətdə olan birmərtəbəli çoxmənzilli yaşayış binasının yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar qəzalı binalardan köçürülmüş 25 ailənin hər birinə 250 manat olmaqla 7 ay ərzində kirayə haqlarının və hər birinə 500 manat olmaqla (birdəfəlik) əşyaların daşınması xərclərinin, həmçinin bank və poçt xərclərinin ödənilməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ayrılmış 57094,00 (əlli yeddi min doxsan dörd) manat vəsait Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti tərərəfindən 2025-ci il dekabr ayının 19-da Lənkəran Şəhər İcra Hakimiyyətinin 22 saylı Regional Xəzinədarlıq İdarəsinə köçürülmüşdür. Lakin vəsait şəhər İcra hakimiyyətinin büdcəsinə daxil olduqdan sonra ilin sonuna saylı günlər qaldığından, o cümlədən həmin sakinlərin bir qismi müxtəlif səbəblərdən rayon ərazisində olmadığından, müvəkkil banklarda hesab açılması ilə bağlı aidiyyəti sənədlərin toplanaraq 22 saylı Regional Xəzinədarlıq İdarəsin təqdim edilməsi mümkün olmamışdır. Bu səbəbdən istifadə olunmamış həmin vəsait Lənkəran Şəhər İcra Hakimiyyətinin hesabından silinmişdir. Qeyd olunanlarla bağlı vəsaitin yenidən Lənkəran Şəhər İcra Hakimiyyətinin 22 saylı Regional Xəzinədarlıq İdarəsinə köçürülməsinə köməklik göstərilməsi ilə bağlı şəhər İcra hakimiyyəti tərəfindən 19 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət ünvanlanmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən verilən cavaba görə,“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə əsasən həmin vəsait vahid xəzinə hesabına qaytarılmışdır. Eyni zamanda bildiririk ki, sözügedən vəsaitiin Lənkəran ŞİH-nin büdcəsinə geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının Baş nazirinə məktubla müraciət olunmuş, yaxın günlərdə məsələ öz müsbət həllini tapacaqdır.
Hal-hazırda tikintini həyata keçirən “Karabakh Group” MMC-nin Lənkəran ŞİH-nin başçısına və oğluna bağlılığı və heç bir aidiyyəti yoxdur.
Bildiririk ki, Lənkəran ŞİH hər zaman mediaya açıqdır, istənilən məlumatın dəqiqləşdirilməsində, kütləvi informasiya vasitələri ilə əməkdaşlıqda maraqlıdır və qeyd edirik ki, əsası olmayan və faktlara söykənməyən məlumatların paylaşılması, ictmaiyyət arasında çaşqınlığa səbəb olacaq informasiyaların dövrüyyəyə buraxılması “Media haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə ziddir.









AZ
RU