Media haqqında qanun layihəsi üzərində işə beynəlxalq ekspertlər cəlb edilsinlər
Əgər parlament media haqqında yeni qanun layihəsini hazırkı formada qəbul etsə, bu sahədə qüvvədə olan hüquqi aktlar - KİV, televiziya və radio yayımı haqqında qanunlar qüvvədən düşəcəklər.
« Təəssüf ki, yeni qanunun qəbulu prosesi ölkə ictimaiyəti ilə yanaşı Azərbaycanın üzvü olduğu Avropa Şurası və ATƏT-in müvafiq standartları və ekspert rəyi öyrənilmədən aparılır”, -müraciətdə deyilir.
Azərbaycanın Avropa Şurasına üzv olduğu dövr ərzində KİV haqqında qanunvericiliyə ciddi dəyişikliklər edilib. Belə ki, 2006-cı ildə Avropa Şurasının standartlarına uyğun "Televiziya və radio yayımı haqqında" qanun qəbul edilib.
2005-ci ildə Avropa Şurası qarşısında öhdəlikləri əks etdirən informasiyaya çıxış haqqında qanun qəbul edilib.
Bu qanunların və düzəlişlərin hazırlanması və qəbul edilməsi yerli ekspertlərin, eləcə də Avropa Şurası və ATƏT mütəxəssislərinin fəal iştirakı ilə həyata keçirilib.
“Təəsüf ki, “Media haqqında” qanun layihəsi təşəbbüsü ictimai müzakirələr keçirilmədən, habelə, beynəlxalq standartlar öyrənilmədən Milli Məclisə təqdim edilib. Bununla da həm Avropa Şurası standartlarına uyğun hazırlanıb qəbul edilən mövcud “İnformasiya əldə edilməsi haqqında” qanuna (bu qanun layihə təkliflərini azı bir ay əvvəl cəmiyyətə açıqlamaq şərti qoyur), həm də Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə əməl olunmayıb”, - müraciətdə deyilir.
İfadə azadlığı və media qurumlarının fəaliyyətini tənzimləyən qanun bütün maraqlı tərəfləri dinləmək, uzun sürən ictimai müzakirə testindən keçmək və milli qanunvericliyin Avropa Şurası təcrübəsinə uyğunlaşdırılması öhdəliyi nəzərə alınmaqla qəbul edilməlidir.
“Bizim ilkin dəyərləndirməmiz göstərir ki, “Media haqqında” qanun layihəsinin müddəaları ilə Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələr, xüsusilə Avropa İnsan Hüquqları Konvensiyasının ifadə və media azadlığı hüququna təminat verən prisnipləri arasında ciddi uyğunsuzluqlar var. Bütün bunlar isə ifadə azadlığının müdafiəsi və media orqanlarının sərbəst fəaliyyətinə təhdidlər yaradır”, -sənəddə deyilir.
Fəallar qanun layihəsinin parlamentdə müzakirəsini dayandırmağa və beynəlxalq ekspertləri cəlb etməklə yeni işçi qrupu yaratmağa çağırırlar.
“Əvvəlki illərin təcrübəsinə əsaslanaraq, beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertlərindən ibarət işçi qrupun bu qanun layihəsilə bağlı təkliflərinin öyrənilməsini zəruri sayırıq”, - müraciətin sonunda vurğulanır. Sənədi Media Hüququ Qrupunun rəhbəri Xalid Ağaliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı imzalayıblar.(turan)