“BİZİM ÖZ GÜNDƏMİMİZ VAR...” –Paşinyan “nala-mıxa vurmağa” başladı
"Azərbaycan elə bir təəssürat yaratmağa çalışır ki, regionda və Ermənistan ətrafında hansısa gündəm yaradıb və bunu diktə edir".
Yenixeber.org: Bunu Ermənistanın yeni təyin olunmuş Baş naziri Nikol Paşinyan müdafiə naziri Arşak Karapetyanı nazirlik aparatına təqdim edərkən deyib.
O, regiondakı vəziyyətdən danışıb, kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demakrasiyası ilə bağlı yaranmış durğunluq barədə İrəvanın mövqeyini açıqlayıb. Baş nazirin dedikləri müharibədən sonra imzalanmış üçtərəfli bəyanatların məğzinə tamamilə ziddir. Məlum olur ki, seçkidəki qələbədən ruhlanan Paşinyan vəziyyəti sabitləşdirmək əvəzinə tədricən əvvəlki mövqeyinə qayıtmağa cəhd edir. O iddia edib ki, Azərbaycan Ermənistana münasibətdə “müəyyən aqressiv siyasət” aparır: “Bizim öz gündəmimiz var, Ermənistan Respublikası özünün beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət edib və edir”.
Paşinyan regionda kommunikasiya xətlərinin açılmasına da toxunub. Baş nazir sözügedən məsələnin 9 noyabr atəşkəs razılaşmasının əsas maddələrindən biri və Ermənistan hökuməti üçün prioritetlərdən olduğunu vurğulayıb: “Bəs Azərbaycan nə edir? Bu məsələyə mahiyyətcə Ermənistan Respublikası üçün qəbuledilməz komponentləri əlavə etməyə çalışır. Xüsusilə dəhliz haqda söhbətləri nəzərdə tuturam. Hamınız bilməlisiniz ki, Ermənistan Respublikasının ərazisindən dəhlizlə bağlı hansısa razılaşma olmayıb. Ermənistan Respublikası üzərinə bu mövzuda hansısa şifahi, yaxud yazılı öhdəlik götürməyib, oxşar təkliflər səslənəndə öz mövqeyini aydın ifadə edib. Əldə etdiyimiz razılaşmalar 9 noyabr və 11 yanvar bəyanatlarında əks olunub”.
Baş nazirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə 11 yanvar bəyanatında bildirilir ki, tərəflər bir-birinin ərazisindən tranzit imkanı əldə etməlidirlər: “11 yanvar bəyanatının mətnində aydın yazılıb ki, gömrük, sərhəd, sanitar və fitosanitar nəzarətlə bağlı razılaşmalar müzakirə edilərək əldə olunmalıdır... Məntiqlə Ermənistan ərazisində tranzit məqsədilə istifadə də digər hallarda tətbiq olunan qaydalara uyğun baş verməlidir. Məsələn, bu gün Gürcüstan, yaxud İran İslam Respublikasının vətəndaşları sərhədi necə keçirlər? Yəni, həmin qaydalar üzrə. Əlbəttə ki, bu məsələni qəbul etdik”. Beləliklə, o, kommunikasiyaların açılmasının Azərbaycanın deyil, onların gündəmi olduğunu iddia edib.
Baş nazir daha sonra deyib: “Azərbaycan da elə bu səbəbdən dəhliz məntiqini irəli sürür, bunun qəbuledilməz olduğunu anlayır. İstəyir, hadisələr elə inkişaf eləsin ki, kommunikasiyalar açılmasın. Yəni, Ermənistan blokadadan çıxmasın”.
Paşinyanın bu açıqlamalarında xeyli ziddiyətli məqamlar var, eyni zamanda Baş nazir bu günə qədər üçtərəfli formatda əldə olunmuş razılaşmaları təhrif edir və üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Əslində bölgədə hərbi vəziyyətin gərginləşməsindən "ciddi narahat olan" dövlətlər və beynəlxalq təşkilatlar Baş nazirin nitqinə diqqət etsələr, gərginliyin mənbəyinin elə Paşinyan olduğunu müəyyənləşdirə bilərlər.
Əvvəla, Paşinyan həm beynəlxalq öhdəliklərə sadiq olduğunu deyir, həm də kommunikasiyaların açılmasından danışır. Xatırladaq ki, bu məsələ 10 noyabr bəyanatında əksini tapsa da, indiyə qədər icra olunmayıb. Ermənistanın Baş naziri isə bu məsələni regional nəqliyyat dəhlizlərinin açılması məsələsi ilə qarışdırıb, vəziyyəti tündləşdirməyə cəhd edir. Məntiqlə, əvvəl üçtərəfli sənəddə göstərilən bütün bəndlər yerinə yetirilməlidir. Amma Azərbaycan bu gün Ağdərə-Kəlbəcər yolundan istifadə edə bilmir, Şuşaya gedən ənənəvi yol da bağlıdır, Azərbaycan on milyonlarla vəsait xərcləyib əlavə iki yol çəkir. İkincisi, Laçın dəhlizində də nəzarət bizim əlimizdə deyil. Paşinyan bunun üzərindən sükutla keçib dəhliz məsələsini ortaya atır. Əlbəttə, Azərbaycan üçün regional dəhlizlərin açıqlması da prioritet məsələlərdən biridir. Yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda Cənubi Qafqazda bütün nəqliyyat və kommunikasiya xətlərinin region ölkələrinin məhdudiyyətsiz istifadəsinə verilməsi nəzərdə tutulur. Ermənistan Azərbaycan ərazisindən birbaşa İrana və Rusiyaya dəhliz istəyir. Amma Bakının üzərində çalışdığı Zəngəzur dəhlizi barədə danışmaq istəmir. Həm daxili kommunikasiyalar, həm də dəhlizlərin açılmasında paradoksal, destruktiv mövqe nümayiş etdirən Paşinyan beləliklə kartları qarışdırıb daha gərgin atmosferin yaranmasına çalışır.
Xatırladaq ki, müharibədən sonra Azərbaycan Rusiyanın xahişi ilə Ermənistanın xəyal belə etmədiyi şəraiti yaradıb. Söhbət Azərbaycanın quru, dəmiryolu və hava yolundan istifadə etməklə Qarabağdakı separatçılara humanitar yüklərin maneəsiz çatdırılmasından gedir. Eyni zamanda Bakı soyuq qış aylarında "Qazprom"-un xahişi ilə Ermənistana bir müddət təbii qaz da verib. Amma bu xoş niyyətin qarşılığı oldumu? Əlbəttə, yox. Paşinyanın sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı dedikləri də eyni dərəcədə tənqidə davam gətirmir. Baş nazir iddia edir ki, Ermənistan ərazilərində Azərbaycan qoşunları var, bu mümkün deyil... O zaman sual olunur, Azərbaycanın ərazisi olan Qarabağdakı 18 minlik erməni silahlılarının orada nə işi var? Ermənistan bu günə qədər onların təchizatını, rotasiyasını həyata keçirir və bu zaman Rusiya sülhməramlılarının dəstəyindən istifadə edib Azərbaycanın etirazını nəzərə alımır. Bu reallığı kənara qoyub Bakını təcavüzdə ittiham etmək, yumşaq desək, sağlam ağılın məhsulu deyil.
İkincisi, Azərbaycan Ordusunun Ermənistan ərazisində olması necə müəyyən edilib? Əgər Zəngəzurun Qaragöl ərazisindən söhbət gedirsə, Azərbaycan da ortaya sovet dövründə hazırlanmış hərbi topoqrafik xəritələri qoyur. Məlum olur ki, Azərbaycan hərbçiləri dövlət sərhədini keçməyiblər. Əgər, Ermənistan bundan narahatdırsa, Bakının təklif etdiyi sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı üçtərəfli komissiyanın işində iştirakını bərpa etsin.
Üçüncüsü, ümumiyyətlə problemin kökündən həlli üçün həm beynəlxalq hüquqa, həm də regiondakı qüvvələr balansına və hərbi-siyasi vəziyyətə uyğun formula var: Ermənistan rəhbərliyi özündə güc tapıb Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməlidir. Müharibəni biabırçı şəkildə uduzmuş ölkə bu addımı atmadan necə şərtlər irəli sürə bilər? Bu hansı məntiqə uyğundur? Paşinyan, əlbəttə, bilir ki, iddiaları qəbuledilməz və absurddur və qəbul olunmayacaq. Belə çıxır, o qorxu içində çırpınan erməni cəmiyyətini ovundurmağa çalışır. Hazırda onun ən böyük qayğısı budur...(azpolitika)
E.Rüstəmli