Rusiya nüvə müharibəsi ilə hədələdi, raketlər meşələrdən çıxarıldı
Bu həftə Rusiya özünün strateji təyinatlı raket qoşunlarının görünməmiş miqyasda manevrlərinə başlayıb.
"Xeberinfo.com": Virtualaz.org saytı xəbər verir ki, manevrlərdə 7 min hərbçi və 700 vahidə qədər hərbi texnika, o cümlədən qitələrarası ballistik nüvə raketlərini daşıyan mobil platformalar iştirak edir. Manevrlər iki həftə davam edəcək.
Manevrlər çərçivəsində Rusiyanın iki regionunda “Yars” və “Topol” nüvə raketləri öz anqarlarını tərk edib. Habelə Tversk, İvanovo, Kirov vilayəti və Altay diyarında sıx meşələrdəki məxfi bazalarını tərk edən raket platformaları xüsusi marşrut üzrə təyinat nöqtələrinə hərəkət edirlər.
Strateji təyinatlı raket qoşunlarının komandanlığının nümayəndəsi polkovnik İqor Yeqorov deyib ki, manevrlərin birinci mərhələsində mobil platformalar qış vaxtı üçün nəzərdə tutulmuş döyüş növbəsi müddətindən iki dəfə artıq müddət ərzində patrul həyata keçirəcəklər. “Hazırda ölkənin 6 regionunda “Topol”, “Topol-M” və “Yars” ballistik raketlərini daşıyan komplekslər səhra mövqelərində artırılmış müddətlərlə döyüş növbəsini həyata keçirir. Raketlər Tversk, İvanovo, Kirov, İrkutsk vilayətlərində, habelə Altay diyarında və Mari El respublikasında döyüş növbəsindədir”-polkovnik bildirib.
Təlimlərin ssenarisinə görə İrkutsk vilayıtində “Topol” raketləri ilə təchiz edilmiş nüvə birləşməsinin manevrinə mane olmaq və raketlərin döyüş mövqeyinə çıxarılmasını əngəlləmək üçün düşmənin diversiya qrupu raketlərin hərəkət marşrutunda körpünü partladır. Xüsusi təyinatlılar düşmənin diversiya qrupunu məhv edir və mexanikləşdirilmiş mühəndis birləşmələri nüvə raketi daşıyan platformanın keçidi üçün körpü yaradır.
Rusiyanın strateji təyinatlı raket qoşunlarının arsenalının yarıdan çoxunu mobil platformalar üzərində daşınan “Topol” və “Topol-M” raketləri, habelə “Yars” raketi təşkil edir. Hələ SSRİ dövründə işlənib hazırlanmış nüvə doktrinasına əsasən Rusiyanın ballistik nüvə raketləri mobil platformalar üzərində tez-tez yerini dəyişir. Nəticədə düşmənin həmin raketlərin yerini müəyyən edib onu uçuşa başlamadan start meydançasında məhv etmək imkanı olmur. Əlbətdə, “MAZ” maşınlarının bazasında yığılmış və nüvə raketi daşıyan nəhəng platformaları Rusiyanın adi şose yollarında hərəkət edərkən görmək mümkün deyil. Bu platformalar üçün əsasən sıx meşələrin içindən keçən ayrıca yollar çəkilib, o cümlədən dəmiryol platformaları üzərində daşınan nüvə raketləri Rusiyanın ucqarlarından tutmuş mərkəzi regionlarına qədər xüsusi dəmir yollarında hərəkətdə olur.
“Topol” raketi 550 kilotonluq termonüvə başlığını 10 min kilometr, modernləşdirilmiş “Topol-M” raketi ilə eyni gücdə nüvə başlığını 11 min kilometr məsafəyə çatdıra bilir. Həmçinin “Topol-M” döyüş başlığının konstruksiyası ilə fərqlənir, bu raketlər uçuş zamanı verilmiş kurs və hündürlük üzrə manevr edə bilir. Nəticədə düşmənin raketdən müdafiə sistemi üçün onu “tutmaq” qat-qat çətinləşir.
Rusiyanın strateji təyinatlı nüvə raketlərinin genişmiqyaslı manevrlərini keçirməsi Ukraynaya örə Qərblə yaşanan qarşıdurma fonunda baş verir. Ukrayna ətrafında vəziyyət gərginləşəndən sonra Rusiyanın strateji nüvə bombardmançıları müntəzəm olaraq NATO ölkələrinin, o cümlədən ABŞ və Böyük Britaniyanın hava hüdudları yaxınlığında uçuşlar keçirir. Bu günlərdə isə Rusiyanın nüvə raketləri daşıyan nəhəng Tu-95M strateji bombardmançısı La Manş boğazı üzərində uçmuşdu. Habelə Rusiyanın nüvə raketləri daşıyan sualtı qayıqları tez-tez ABŞ və digər NATO ölkələrinin sahillərində üzür. Bütün bunlar NATO-da Rusiyanın nüvə təhdidləri ilə bağlı narahatlıqları ciddi şəkildə artırıb. Fevralın 12-də NATO-nun nüvə silahına malik ölkələrinin müdafiə nazirləri növbədənkənar toplantı keçirərək Rusiyanın nüvə təhdidlərini müzakirə edəcəklər.