Rusiya “qaçaq” məmurları Kiyevə təhvil verə bilər
Rusiya Dövlət Dumasının iclasında hazırda ölkə ərazsində sığınacaq tapan Ukraynanın sabiq baş naziri Nikolay Azarov, onun oğlu Aleksey və Ukraynanın keçmiş baş prokuroru Viktor Pşonkanın rəsmi Kiyevə ekstradiya olunması ilə bağlı məsələ qaldırılıb.
"Xeberinfo.com": Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, bu təkliflə Dumadakı Kommunist Partiyası fraksiyasının rəhbəri Valeri Raşkin çıxış edib. O, Viktor Yanukoviç olmasa da, digər ukraynalı məmurların Rusiyada qalmasına etiraz edib: “Rusiya böyük mərhəmət göstərərək Yanukoviçə siyasi sığınacaq verdi. Bu,anlaşılandır. O, Ukraynanın devrilən prezidentidir və ölkəsində onun həyatına qarşı təhlükə hələ də qalmaqdadır. Lakin Rusiya hansı əsasla digər “qaçaq” ukraynalı məmurları xilas etməlidir. Məsələn, Pşonka, yaxud Azarov? Azarov baş nazir olduğu vaxtlarda 4 il ərzində Rusiya qazının oğurlanmasına şərait yaradırdı və ölkəmiz qarşısında Ukraynanın ödəməli olduğu borcla bağlı manipulasiyalar edirdi. Rusiya Avstriya vətəndaşı olan və Ukraynanın dövlət vəsaitlərini oğurlamqda ittiham edilən Azarovun oğlu Alekseyi də müdafiə etməməli, buna görə öz imicinə zərər verməməlidir. Bu insan Rusiya vətəndaş deyil. Onda Avstriya pasportu var. Şəxsi hesabının dondurulduğu və barəsində istintaqın getdiyi Avstriyada onu çox gözləyirlər. Onu Avtriyaya təhvil vermək lazımdır”.
Valeri Raşkin əldə etdiyi məlumatlara əsasən, Viktor Yanukoviçin oğlu Aleksandrın artıq Rusiyada biznesə başladığını və Sankt-Peterburqda “maliyyə-sənaye qrupu və holdinq”lərin idarə edilməsi ilə məşğul olan firmanı qeydiyyatdan keçirdiyini bildirib.
Ukraynanın sabiq baş naziri Nikolay Azarov isə Avtriya hökuməti tərəfindən axtarışa verilsə də, hazırda Rusiyada gizlənir. Aleksey Azarovun Avstriyada 6,7 milyon avro puluna və 5 milyon avro dəyərində daşınmaz əmlakına həbs qoyulduğu bildirilir.
Raşkin onu da əlavə edib ki, Moskvanın ən bahalı rayonlarından biri olan Xamovnikidə böyük ofisə sahib olan Nikolay Azarov ola bilsin ki, çirkli pulların yuyulması ilə məşğul olur.
Deputatın fikrincə, ölkəsi yalnız Rusiyanın dostu olan şəxslərə siyasi sığınacaq verməlidir:
“Rusiyanın səmimi dostları, öz siyasi görüşlərinə və Rusiya ilə isti münasibətlərə görə zərər çəkmiş şəxslərə ölkəmizdə siyasi sığınacağın verilməsi məqsəduyğundur. Azarov kimi insanlar isə bu kateqoriyaya aid deyillər, əksinə onlar Rusiyanın düşməni olaraq qalırlar”.