Yeni prezident gülənçilərin kökünü kəsir
Britaniyalı analitik əks-həmlə haqda xəbərdarlıq edir
"Xeberinfo.com": Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin “paralel struktur” adı verdiyi hərəkatını darmadağın etmək və əsas siyasi düşmənini zərərsizləşdirmək üçün bütün dünyada Gülən məktəblərini bağlatmağa çalışır.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Bloomberg” agentliyinin məqaləsində bəhs olunur.
Yazıda bildirilir ki, Türkiyədə Fətullah Gülənə bağlı olan minlərlə məmurun işdən çıxarılmasının və həbs olunmasının ardınca Ərdoğan Gülən hərəkatının çarter məktəblərinin beynəlxalq şəbəkəsini dağıtmaq üçün hərəkətə keçib.
“İlin əvvəlindən Azərbaycan, Türkmənistan və Qambiyada Gülən məktəbləri bağlanıb. Somali, Pakistan və İraqın şimalındakı administrasiyanın təhsil rəsmiləri şikayətlənirlər ki, onlar Türkiyə hökumətlərinin bu məktəblərin bağlanmasına yönəlmiş təzyiqləri ilə üzləşiblər” - deyə məqalədə bildirilir.
Xatırladaq ki, “Bloomberg” agentliyi ABŞ-ın iri maliyyə və biznes çevrələrinə bağlıdır.
Ərdoğanın Gülən hərəkatına qarşı kampaniyasının tənqid olunduğu məqalədə deyilir ki, bu hücumlar Türkiyə liderinin məğlubedilməzliyinə artan əminliyini göstərir.
Britaniyanın risklərin proqnozlaşdırılması və analizi şirkəti “Maplecroft”un rəhbəri Entoni Skinner deyir ki, bu kampaniya Türkiyənin birpartiyalı sistemə doğru getdiyini göstərir.
“Ərdoğanın bütün dünyada Gülən məktəblərinə qarşı repressiyaları hərəkata qarşı qlobal müharibənin bir hissəsidir” - deyə analitik bildirib.
“Bloomberg” qeyd edir ki, Gülən məktəblərinin beynəlxalq səviyyədə geniş yayılması məhz Ərdoğanın baş nazirliyi dövrünə təsadüf edir. ABŞ-dakı Karnegi Fondunun Yaxın Şərq proqramının direktoru Bayram Balçı deyir ki, bu məktəblər Türkiyənin “yumşaq gücünə” çevrilmişdi.
“Məktəblər Gülənin yumşaq İslam modeli inkişaf etməkdə olan ölkələrdə elita üçün kadrlar yetişdirirdi” - B.Balçı bildirir.
Məqalədə deyilir ki, Azərbaycanda 14, Qazaxıstanda 30 Gülən məktəbi olub. Hərəkat həmçinin Azərbaycan hökumətinə ABŞ-da siyasi dəstək qazanmaqda kömək göstərib. Bu haqda iyun ayında “Buzzfeed” saytı yazmışdı.
B.Balçı deyir ki, Afrikada da Gülən məktəblərinin potensialı artıb. Lakin Gülənlə Ərdoğan arasında hakimiyyət bölgüsü məsələsinə görə başlayan qarşıdurma hərəkatın sürətli çöküşünə səbəb oldu.
Aprel ayında Ərdoğanın Bakıya səfərindən sonra hakimyyətdəki fətullahçı məmurlar işdən çıxarıldı, ardınca Gülən məktəbləri bağlandı. Bakının ətrafında köhnə sovet binasında balaca mənzilə toplaşmış bir qrup Gülən tərəfdarı deyir ki, məktəbləri Türkiyə bağlatdı.
“Biz dövlətin düşmənləri deyilik, İslama xidmət edirik” - deyə qorxduğu üçün öz adını deməyən “Əhməd” bildirir.
“Bloombeerg”in yazdığına görə, Somalinin paytaxtı Moqadişidə beynəlxalq standartlara uyğun təhsil verən dörd Gülən məktəbi var. İndi Somali hökuməti bu məktəblərin bağlanması üçün Türkiyənin təzyiqləri ilə üzləşib.
Somali Təhsil Nazirliyinin rəsmisi Mohammed Abdulkadir deyir ki, onlar bu təzyiqlərdən çox məyusdurlar: “Bu addım tamamilə siyasidir”.
“Maplecroft”un rəhbəri Entoni Skinner deyir ki, Ərdoğanın hücumları Gülən hərəkatına öldürücü zərbə vuracağını hələ aydınlaşdırmaq lazımdır.
“Mən inanmıram ki, gülənçilərin kökünü kəsmək olar. Mən Ərdoğana qarşı daha bir hücum gözləyirəm. Bu hücum ən həssas məqamda başlaya bilər” - deyə analitik bildirir.