Rusiya ekspertləri:“İraqda kürdlər asanlıqla təslim olmayacaqlar, böyük savaş ehtimalı böyükdür” – Təhlil
Kürdlər Kərkükdən qaçırlar
Aleksandr Jelenin
rosbalt.ru, 17.10.2017
Yenixeber.org: Ekspertlər hesab edirlər ki, böyük dövlətlərin müdaxiləsi Yaxın Şərqdə yeni müharibəyə yol verməyə bilərdi. “Rosbalt” ekspertlərinin öncədən söylədikləri kimi, İraqın kürd administrasiyasının nəzarət etdiyi milyonluq Kərkük şəhəri ətrafında peşmərgə kürd hərbi birləşmələri ilə İranyönlü “Həşd əş-Şəabi” şiə könüllü yığması, həmçinin bu sonuncuları dəstəkləyən İraq ordusu arasında silahlı toqquşmalar başlanıb.
Xatırladaq ki, İraq Kürdüstanında sentyabrın 25-də bu bölgənin İraqdan müstəqilliyinin elan edilməsi haqda referendum keçirilib. Hətta buna qatılanların 90%-i paytaxtı Ərbil olmaqla müstəqil kürd dövlətinin yaradılmasına səs verib. Türkiyə və İran hökumətləri referendumdan qabaq bildirib ki, heç bir halda onun nəticələrini tanımayacaqlar, o keçiriləndən sonra isə İran İraq Kürdüstanı ilə sərhədinə blokada tətbiq edib.
Qeyd edək ki, Kərkük şəhəri və ərazisində zəngin neft yataqları yerləşən eyniadlı əyalət formal olaraq kürd muxtariyyətinə daxil deyil. Burada əhalinin əksəriyyətini kürdlər təşkil edir, lakin başqa etnos və təriqətlər də, xüsusən də qonşu İran sakinləri kimi şiəyönlü islama etiqad bəsləyən ərəblər, həmçinin Türkiyənin dəstəklədiyi türkmanlar da var.
Türkiyə XİN bazar ertəsi bəyanat yayıb. kurdistan.ru saytının xəbər verdiyi kimi, bəyanatda Türkiyədə yasaqlanmış PKK-ın İraq Kürdüstanı ərazisində iştitrakı ilə bağlı narahatlıq ifadə olunub. Sənəddə deyilir: “Biz həmçinin PKK-nın İraq ərazisində iştirakına son qoyulması üçün İraq hökuməti ilə istənilən əməkdaşlığa hazır olduğumuzu vurğulayırıq”.
İndiki anda məlumdur ki, “Həşd əş-Şəabi” şiə könüllüləri İraq ordusunun dəstəyi ilə Kərkükün, təxminən, yarısını, həmçinin civardakı bir neçə yaşayış məntəqəsini, K-1 hərbi bazasını, neft yataqlarından birini – Babaqurquru artıq ələ keçiriblər. Reutersagentliyi kürd komandanlığının təmsilçisinə istinadən xəbər verib ki, Kərkükdən cənubda hər iki tərəf artilleriya işlədib.
İraqda indi hökumət qüvvələri, onları dəstəkləyən şiə könüllüləri ilə kürdlər arasında yeni böyük müharibə ehtimalının nə dərəcədə böyük olduğu, həmçinin bunun qarşısını almaq və kürd məsələsinin dinc həllinə nail olmaq imkanının olub-olmadığı haqda kürd ictimai birlikləri beynəlxalq İttifaqının sədri Əraf Azmani “Rosbalt”ın icmalçısına danışıb. Onun sözlərinə görə, İraq Kürdüstanında toqquşmalar bazar günündən bazar ertəsinə keçən gecə saat 2.30-da başlanıb. Azmani qeyd edib:“Son məlumatlara görə, “Həşd əş-Şəabi”dən İran generallarının başçılıq etdiyi şiə könüllüləri artıq Kərkükün yarısına, hərbi bazaya, aeroporta və civarındakı bir neçə yaşayış məntəqəsinə nəzarət edirlər. “Həşd əş-Şəabi” birbaşa İran islam İnqilabı Keşikçiləri Korpusunun tabeliyindədir, bu, İŞİD-in analoqudur. Yalnız onlar qara İŞİD-dirsə, bunlar yaşıldır. Hazırda Kərkükün və civarındakı bir neçə yaşayış məntəqəsinin əhalisi səfərbər olunmağa cəhd edir, məlumat var ki, PKK döyüşçüləri və bütün Kürdüstandan kürdlər onlara köməyə gedirlər. Durum olduqca təhlükəlidir. Ərəblər böyük qüvvə ilə hücum edirlər, tanklar və başqa hərbi texnikalardan istifadə olunur”.
Ekspertin fikrincə, kürdlərin və Bağdaddakı hökumətin məsələni böyük savaşa qədər çatdırıb-çatdırmayacağı böyük dövlətlərdən asılıdır: “Onlar (bu münaqişənin) xarici güclərinə, yəni Türkiyə və İrana təsir edə biləcəklərmi? Təsadüfi deyil ki, Türkiyə PKK ilə mübarizə bəhanəsi ilə İraqın şimalına girməyə cəhd göstərib. Amma indi aydındır ki, bu, kürdlərin diqqətini Kərkükdən yayındırmaq cəhdiydi. Türkiyə və İran öz manevrləri ilə onlaırn diqqətini yayındıracaq ki, “Həşd əş-Şəabi” Kərkük və İraqın digər mübahisəli ərazilərini ələ keçirsin”.
Ekspertin fikrincə, ABŞ və Rusiyanın bu münaqişəyə fəal müdaxilə istəyi hələlik görünmür. Azmani qeyd edib: “Hər şey bu ruhda davam etsə, bu, bütün İraq Kürdüstanında tammiqyaslı qanlı müharibəyə gətirib çıxardacaq, çünki kürdlər elə-belə təslim olmayacaqlar”(strateq)