Ermənilər Avropadan qovulur
Erməni emiqrasiyasının yeni, daha qorxunc təbəqəsi yaranıb - Avropada mağazaları soymağa və ya sosial müavinətlər hesabına yaşamağa adət eləmiş təbəqə!; Ermənistanda onlara üstəlik, potensial “inqilabçılar” kimi baxırlar...
"Xeberinfo.com": Mənfur qonşularımızın Ermənistandan köç edib getdikləri ünvanlardan biri də Avropa ölkələridir. İllərdir sürən blokada vəziyyətinin doğurduğu ağır sosial-iqtisadi durum, sabahla bağlı total ümidsizlik və qeyri-müəyyənlik, kütləvi işsizlik, məmur özbaşınalığı və korrupsiya-rüşvət sistemi işğalçı ölkədən emiqrasiyanı xeyli sürətləndirib.
Ancaq ermənilərin bir toplum olaraq özünəməxsusluğu, o cümlədən çoxbilmişliyi və getdikləri, pənah apardıqları, məskunlaşdıqları yerdə başqalarına məxsus olanı rahatca özününküləşdirmək bacarığı heç də həmişə karlarına gəlmir.
Məsələn, məlum olub ki, Avropa qitəsində ən liberal dəyərlərin hökm sürdüyü Hollandiyanın hökuməti bu ölkəyə qanunsuz miqrasiya eləmiş erməniləri qovmaq haqda qərar çıxarıb. Hətta qərara görə, könüllü şəkildə Hollandiyanı tərk edəcək erməni ailələrinin hər bir üzvünə min avro mükafat verəcək.
Məsələ ilə bağlı erməni saytlarının birində gedən məqalə və ona verilən şərhlər diqqət çəkir. Müəllif Musa Mikaelyan bu xüsusda yazır: “Beləliklə, söhbət bir neçə min ermənidən gedir. Onlar Ermənistana qayıda bilər. Bir yandan yaxşıdır, çünki hansı motivlə qayıdışdan asılı olmayaraq bunu sadəcə, ölkədə gündən-günə ağırlaşan demoqrafik vəziyyət həyati vacib edir. Ancaq başqa tərəfdən, hakimiyyət bu adamlarda “inqilab” ovqatı görəcək, Tiqran Sərkisyan (sabiq baş nazir, hazırda ABŞ-da səfirdir – red.) bunu illərdir bəyan edirdi. Deyirdi ki, hökumət emiqrasiyanı təşviq edir ki, insanlar burda qalıb inqilab eləməsinlər. Keçmiş baş nazirin bu uğursuz zarafatını və ya uğursuz özünəbəraətini çoxları yaxşı xatırlayır, yəqin ki”.
Amma müəllifin fikrincə, belə bir perspektiv Avropa böhranı fonunda reallığa çevrilə də bilər: “Ona görə ki, Avropa ölkələrindəki resurs qıtlığı şübhəsiz, qanunsuz miqrasiya probleminə də toxunacaq. Məsələ ondadır ki, Avropada bu problem bütövlükdə kulturoloji əsasda yetişib. Bu gün isə bura həmçinin, sosial-iqtisadi əsaslar əlavə oluna bilər. Bu da öz növbəsində Avropa ölkələri hökumətlərinin qanunsuz miqrasiyaya qarşı siyasətinin sərtləşməsinə gətirəcək. Nə deməkdir bu? O deməkdir ki, Avropada, necə deyərlər, zəhmətsiz gəlirlərə adət eləmiş minlərlə erməni Ermənistana geri dönəcək. Yəni qayıdacaq ermənilərin psixoloji planda hansı deqradasiyanı yaşadıqları təsəvvürə gətirilə bilər”.
Məqalə müəllifinin sonrakı fikirləri də Ermənistana miqrasiya probleminin yaratdığı təhdidləri anlamaq kontekstində maraqlıdır: “Və burada əlbəttə ki, yeni və dəhşətli anlayış olan emiqrasiyanın indiyədək görünməyən naməlum sifəti özünü göstərir: işləməyə həvəsini itirmiş, Avropada mağazaları soymaq və ya sosial müavinətlər hesabına yaşamağa vərdiş eləmiş böyük insan kütləsi! Burada Ermənistan üçün o insanların qayıtmasının, yoxsa qayıtmamasının daha yaxşı olduğunu söyləmək çətindir. Axı Avropada qalmaqla onlar həm də Ermənistanın nüfuzu ilə oynayır, ermənilərə üçüncü sort xalq kimi baxılmasına kömək edirlər. Başqa sözlə, gözümüz önündə deyəsən, erməni emiqrasiyasının daha bir qorxunc təbəqəsi yaranır. Ermənilərin içindən yaradıcı, zəhmətkeş genlər yerini cinayətkar boşluğa verməklə miqrasiya edirlər...”
****
Qeyd edək ki, məqaləyə ermənilərin verdiyi şərhlər də diqqət çəkir. Məsələn, şərhçilərdən biri yazıb: “O ermənilər qoy hardadılarsa, orda qalsınlar. Onsuz da onlardan işləyən çıxmayacaq. Qeyri-leqalların milləti rüsvay etməsi isə hamıya bəllidir. Belələri ilə hətta yerli (avropalı) ermənilər də bacarmır – çünki atırlar”.
Yaxud belə bir yanaşma: “Mənə bir şey aydın deyil. Belə çıxır, reemiqrantlar artıq erməni deyil, yalnız cinayətkarlardır. Əcəb mövqedir. O zaman niyə Ermənistanın özündə məhkumluğu olanları saymırsınız? Onlar az qala hər iki nəfərdən biridir. Bir çoxları hətta bir neçə dəfə məhkum olunub”.