Ermənilər Bakıya gəlsin, yoxsa gəlməsin?
Zahid Oruc: “Mənə elə gəlir ki, Ermənistan ermənilərin yaşaması üçün daha təhlükəlidir, nəinki Azərbaycan...”
İqbal Ağazadə: “Azərbaycan tərəfi ermənilərin və qeyrilərinin təhlükəsizliyi üçün hər hansı problemin olmadığını elan etməldir və bununla da məsələyə nöqtə qoymalıdır”
Etimad Əsədov: “Düşünürəm ki, birmənalı şəkildə ermənilər Azərbaycana buraxılmamalıdırlar, onların xərcləri də ödənilməməlidir”
"Xeberinfo.com": Məlumata görə, Ermənistanın idman qurumları birinin ardınca bəyanat yayaraq, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirak üçün Azərbaycana gəlməkdən imtina edirlər.
Düşmən ölkənin yunan-roma güləşçiləri ölkəmizə gəlməkdən imtina etdiklərini açıqladıqdan sonra erməni taekvandoçuları da eyni qərarla çıxış ediblər.
Bununla bağlı Ermənistan Taekvando Federasiyası bəyanat yayıb: “Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələrin olmadığını, həmçinin Azərbaycanın Ermənistana qarşı düşmən münaisbətini nəzərə alaraq, Taekvando Federasiyası oyunlarda iştirakı məqsədəuyğun hesab etmir”.
Qeyd edək ki, erməni idmançılar idmanın 6 növü üzrə medal uğrunda mübarizə aparmalı idilər: sambo, atıcılıq, cüdo, güləş, boks, taekvando...
Lakin erməni idmançılarının Bakıya gəlməsi, xüsusən də digərləri ilə birlikdə bu idmançıların da xərclərinin Azərbaycan hökuməti tərəfindən ödənilməsi cəmiyyətdə birmənalı qarşılanmardı. Cəmiyyətin daha tolerant kəsimi, xüsusən də bəzi siyasətçilər və ziyalılar onların Bakıya gəlməsinin və Azərbaycandakı inkişafı, tolenrantlığı görməsinin tərəfdarıdır. Lakin tamamilə əks fikirdə olanlar və ermənilərin ölkəyə ayaq basmasını qəbuledilməz hesab edənlər də var.
Musavat.com olaraq, son günlərin ən çox müzakirə olunan bu mövzusu ilə bağlı ictimai xadimlərin rəyini öyrənməyə çalışdıq.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Azərbaycan tərəfindən Avropa Olimpiya Oyunlarını təşkil edənlər təhlükəsizliklə bağlı narahat olan hər kəsə müraciət edib, yanlış rəy yaranmasının qarşısını almalıdır: “Azərbaycan əgər Avropa Olimpiya Oyunlarını keçirməyi öhdəsinə götürübsə, münasibətindən asılı olmayaraq, hər kəsi qəbul etməyə borcludur. Azərbaycan bu məsuliyyəti üzərinə götürərkən Ermənistanla konfliktdə olduğunu da bilirdi, bu dövlətin Avropa coğrafiyasında olduğunu da... Ermənistan bu oyunlarda iştirak edəcək deyə Azərbaycan dünyadan təcrid olunmuş şəkildə yaşaya bilməz. Ermənistan idmançıları iştirak etsin və görsünlər ki, azərbaycanlılar necə tolerantdır, dünayaya açıqdır, onların öz övladları ilə apardıqları təbliğatda deyildiyi kimi, türklər ermənilərə qarşı fərqli yanaşma sərgiləmirlər. Təbii ki, azərbaycanlıların torpaq itkisindən doğan acıları, ağrıları var. Mən istəməzdim ki, bizimkilər acılarını bu tipli şeylərdə ifadə etsinlər”.
“Bu, nəticə etibarilə ölkəmizə ziyan vurur” - deyən İ.Ağazadə bildirdi ki, bu hərəkətlərlə Azərbaycan vətəndaşının yanlış obrazını cızır, yanlış şəkildə təqdim edirik: “Ancaq biz Azərbaycan vətəndaşı olaraq, o cür deyilik. Ona görə də, hesab edirəm ki, ermənilər mütləq iştirak etməlidir. Əgər onlar gəlməyə qorxursa, Azərbaycan tərəfindən Avropa Olimpiya Oyunlarını təşkil edənlər onlara müraciət etməlidirlər ki, “Sizin təhlükəsizliyinizə yüksək səviyyədə zəmanət veririk, qorxmayın. Azərbaycan vətəndaşlarının sizinlə heç bir işi yoxdur”. Dəfələrlə Ermənistanın nümayəndə heyəti burada iştirak edib, nazirləri də ölkəmizə gəliblər. Kimə “gözün üstə qaşın var” demişik ki..? Biz siz deyilik! Ermənilərin bu oyunlarda iştirakı bizim üçün daha məqbul məqamlardan biridir. Ermənilər bu məsələdən təbliğat kimi istifadə etməyə çalışırlar. Azərbaycan tərəfi ermənilərin və qeyrilərinin təhlükəsizliyi üçün hər hansı problem olmadığını elan etməldir və bununla da məsələyə nöqtə qoymalıdır”.
Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov daha kəskin bir mövqe bildirərək, erməni idmançılarını Azərbaycana buraxmamağa çağırıb: “Mən düşünürəm ki, onların Azərbaycana gəlib, buradakı inkişafı, Azərbaycanı demokratik dəyərələrə əsaslanan, idmana böyük üstünlük verən bir ölkə kimi görməsinin heç bir əhəmiyyəti yoxdur. Erməni xisləti dəyişməzdir. Azərbaycanda onlara hansı münasibətin göstərilməsindən asılı olmayaraq, ermənilər öz xislətində qalacaqlar, torpaqların işğalından da imtina etməyəcəklər. Düşünürəm ki, Azərbaycan hökuməti ermənilərə qarşı münasibətini ortaya qoyub, ümumiyyətlə, onların ölkəyə gəlməsinə imkan verməməlidir. Ən acınacaqlısı odur ki, onların xərclərini də hökumət öz üzərinə götürüb, bu lap biabırçı bir haldır. Ona görə də, mən bir döyüşçü kimi, Qarabağ əlili kimi ümumiyyətlə, bizim tarixi düşmənlərimiz olan ermənilərin Azərbaycana gəlməsinin qəti əleyhinəyəm”.
Bu məsələdən ermənilərin təbliğat vasitəsi kimi istifadə etməsinə gəlincə, E. Əsədov bildirdi ki, Azərbaycan tərəfi nə qədər normal mövqe ortaya qoysa da, onlar əks mövqedən çıxış edərək, həmişə öz qərəzli mövqelərini ortaya qoyacaqlar: “Düşünürəm ki, birmənalı şəkildə ermənilər Azərbaycana buraxılmamalıdır, onların xərcləri də ödənilməməlidir”.
Millət vəkili Zahid Oruc isə musavat.com-a bildirdi ki, ermənilərin apardığı antitəbliğata əsas verməmək üçün Azərbaycan tərəfi tolerant davranmalıdır: “Görünən odur ki, Ermənistanda Avropa Olimpiya Oyunları artıq başlayıb. Bir çoxlarının qurduğu normal məntiqin əksinə olaraq, ermənilərin fərqli bir qavrama sistemləri var. Onlar düşünürlər ki, bu oyunları daha tez başlamaq lazımdır. Onlar bu məsələyə münasibətdə Azərbaycanı intizarda saxlamaq, Avropa Olimpiya Oyunlarının əsas tərəfləri kimi məhz ermənilərin olduğunu göstərmək, daim bu mövzuda beynəlxalq medianın hədəfində olmaq, Azərbaycana gəlmələrinin və gəlməmələrinin səbəbini ayrıca prosesin fövqünə qaldırmaq niyyətindədirlər. Ölkəmiz tərəfindən hansı addımlar atılmalıdır? Mən hesab edirəm ki, təhlükəsizlik üçün görülən bütün tədbirlər yarışda iştirak edəcək hər bir komandanın rəhbərliyinə, o cümlədən, ermənilərə göndərilməlidir. Ermənilər üçün xüsusi qüvvələrin ayrılması və burada onlar üçün əlahiddə bir milli təhülkəsizlik orqanları təmsilçilərinin müəyyənləşdirilməsinə ehtiyac yoxdur. Mənə elə gəlir ki, Ermənistan ermənilərin yaşaması üçün daha təhlükəlidir, nəinki Azərbaycan... Hər halda burada mülki vətəndaş kimi yaşayan 30 minə yaxın erməniləri hər hansı sosial-siyasi səbəblərə görə öldürən olmayıb, onlara qarşı diskriminasiyaya yol verilməyib. Səngərdə dayanan erməni isə düşməndir, bizim üçün təhülkədir. Onların idmançıları isə Avropada hansı münasibətlə qarşılanırlarsa, Bakıda da bu, belə olacaq”.
Millət vəkilinin sözlərinə görə, ermənilərin gəlməməsinin və ya yarımkomanda şəklində burada iştirakının səbəbləri tamam ayrıdır: “Onlar düşünürlər ki, bu oyunların üzərindən Azərbaycanın beynəlxalq məkandakı imicinə zərbə vursunlar. “Burada ermənilər üçün yaşamaq belə təhlükəlidir” iddiasını gündəmə gətirsinlər. Bu, sadəcə, idmançıların öhdəsinə buraxılmış bir məsələ deyil. Ermənistanın siyasi rəhbərliyi bu oyunlar üçün xüsusi proqram hazırlayıblar və onu da mərhələli şəkildə həyata keçirirlər. Az qala dünya idman federasiyaları ermənilərə yalvarmalıdırlar ki, onlar bu yarışlara qatılsınlar. Gəlmirlərsə, dünəndən gəlməsinlər. Azərbaycan cəmiyyətindəki bütün etirazlara, hayqırtılara baxmayaraq, dövlət bu yarışlar üçün beynəlxalq öhdəlikləri hamıya eyni dərəcədə elan edib və bunu tanımaq lazımdır”.
Müsavat.com