ABŞ Suriyanın şimalında beş aviabaza yaradır -İsrail kəşfiyyatına yaxın mənbə
Amerikanın bir neçə mühəndis qrupu Suriyanın şimalında yeni böyük aviabazanın qurulması üzərində sutka boyu aravermədən işləyir. Bu bazanın qurulmasını başa çatdırandan sonra amerikalılar daha dörd aviabazanın genişləndirilməsini həyata keçirəcəklər.
Yenixeber.org: Məlumatı İsrail kəşfiyyatına yaxın “Debka” portalı yayıb. Məlumata görə bazaların hamısı Suriyanın İraqla sərhəd şimal zonalarında yerləşdiriləcək. Sayt hərbi qaynaqlara istinad edir.
Məlmatda deyilir ki, Suriyanın şimalında, Tabka yaxınlığında aviabazanın qurulması işləri ötən həftənin şənbə və bazar günləri də ara vermədən davam edib. Hansı ki, həmin günlərdə konqresmenlər və senatorlar prezident Donald Trampın Suriyaya raket zərbələri endirilməsi barədə qərarını müzakirə edib bunun birdəfəlik aksiya, yoxsa hansısa əhatəli planının tərkib hissəsi olub-olmadığını ayrıd etməyə çalışırdılar.
Lakin sayt yazır ki, Suriyanın şimalında aviabazanın yaradılması Tramp administrasiyasının Amerika hərbi-hava qüvvələrinin Türkiyənin cənubundakı İncirlik aviabazasından çıxarılmasını nəzərdə tutan əhatəli planının tərkib hissəsidir. Plana əsasən Suriyanın şimalında Amerika hava qüvvələrini yerləşdirmək üçün cəmi beş aviabaza yaradılacaq. Onlardan ən irisi İŞİD-in “paytaxtı” Rakkadan cəmi 40 kilometr məsafədə yerləşən Tabhada qurulur.
Qalan dördü isə Rmelan əyalətindəki Hacar aeroportu, Kamışlıda kiçik kənd təsərrüfatı təyyarələrini qəbul etmək üçün nəzərdə tutulan iki aerodrom və Hələbdən şimaldakı Kobani kürd anklavında yerləşən aerodromdur. Həmin aerodromlar hərbi təyyarələri qəbul etmək üçün avadanlıqlarla təchiz olunur. Bu aviabazaların qurulması başa çatdırılanda sonra ABŞ Suriya əməliyyatlarına iki dəfə artıq hərbi təyyarə cəlb edə biləcək.
Bildirilir ki, Tabka aviabazası habelə birləşmiş amerikan, kürd, ərəb qəbilə ordu qüvvələrinin toplanış bazası olacaq. Oradan həmin qüvvələrin Raqqa üzərinə irimiqyaslı hücumu planlaşdırılır.
“Debka” yazır ki, Tabka aeroportunun uçuş-enmə zolağı bu ilin martında ABŞ ordusunun qəfil desant əməliyyatı zamanı Suriya Demokratik Qüvvələri tərəfindən tutulub. Aviabaza kürd desantı tərəfindən ələ keçirildikdən sonra ABŞ Hərbi-Hava Komandanlığı ora təyyarələr göndərib. Aviabazaya tezliklə “İncirlik-2” adı veriblər. Tabkada İncirlik aviabazasında dislokasiya olunmuş 2500 Amerika hərbçisinin yerləşdiriləcəyi gözlənilir. Amerikalılarla yanaşı Almaniya Bundesveri də İncirliyi tərk etməyə, öz təyyarələrini oradan çıxarıb Kipr və İordaniyadakı bazalarda yerləşdirməyə hazırlaşır.
Belə ki, hazırda Almaniya ilə Türkiyə arasında gərgin münasibətlər hökm sürür, eləcə də ABŞ-la Türkiyənin münasibətləri soyuyub. Ankara əvvəllər dəfələrlə İncirlik bazasından müttəfiqlərinin istifadəsini məhdudlaşdırıb. İndi bildirilir ki, amerikalılar İncirlik bazasını tamamilə tərk etməyə hazırlaşır, çünki prezident Donald Tramp Türkiyə prezidenti Ərdoğanla münasibətləri daha da soyuqlaşdırmaq, türk ordusu ilə əməkdaşlığı məhdudlaşdırmaq əzmindədir.
Suriyada beş aviabazanın yaradılması Tramp administrasiyasının islamçı terror qruplaşmaları ilə mübarizəsinə, İranın Suriyanın hava məkanına çıxış imkanlarını məhdudlaşdırmağa, habelə PYD-YPG kürd qruplaşmalarını Türkiyə ordusunun mümkün həmlələrindən qorumağa hesablanıb.
Xatırladaq ki, Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar Əl-Bab qəsəbəsinin İŞİD-dən azad edilməsindən sonra dayandırılıb. Çünki Türkiyə ordusunun bundan artıq irəliləməsi kürd birləşmələri ilə birbaşa toqquşma demək idi və Vaşinqton buna yol vermək niyyətində deyil.