AB və Türkiyədə qafqazlıların həbsi
Xeberinfo.com: Oktyabrın 25-də polis Almaniyanın beş federal ərazisində Çeçenistandan olan şəxslərə qarşı antiterror əməliyyatı keçirib. Əməliyyat Türingiya, Hamburq, Şimali Reyn-Vestfaliya, Saksoniya və Bavariyada aparılıb.
Gecə saat 3-də başlayan reyd zamanı qapılar sındırılıb, kompüterlər götürülüb, onlarla çeçen həbs edilib. Oktyabrın 27-nə keçən gecə isə türk polisi İstanbulda rusdilli mühacirlərə qarşı analoji reyd keçirərək onlarla adamı həbs edib. Saxlanılanlar arasında dağıstanlılar, çeçenlər, inquşlar və özbəklər var. Türk KİV-lərinin məlumatına görə, reydlərin əsas hədəfi çeçenlərdir. Onları “terrorizmi maliyyələşdirməkdə” ittiham edirlər.
“QAPI SINDIRMAQDANSA…”
Alman mətbuatı yazır ki, genişmiqyaslı reyd 2015-ci ildə 28 yaşlı çeçenlə bağlı aparılmış araşdırmanın nəticəsidir. Həmin şəxs “dövlətə qarşı cinayət” hazırlamaqda şübhəli bilinir. Almaniya polisi, hələlik, son reyddə saxlanılanların nədə təqsirləndirildiyini açıqlamır. Mətbuat bildirir ki, “araşdırma gedişində 21 – 31 yaşlı, çeçen əsilli 10 kişi və 3 qadının terrorçulara maliyyə dəstəyi verməsinə dair şübhələr ortaya çıxıb”. Onların hamısı Almaniyada sığınacaqdan ötrü müraciət etmiş şəxslərdir.
Çeçen diasporunun üzvləri etiraf edirlər ki, onların arasında Suriya müxalifətinin və “İslam Dövləti” terror qruplaşmasının təəssübkeşləri var. Onların bəziləri hətta Suriyada olublar.
«Ancaq qorxunc reydlər keçirib qapı sındırmaqdansa, şübhəli bilinən şəxsləri sivil qaydada polisə çağırıb orada ittiham irəli sürmək olardı”, 35 yaşlı çeçen əsilli Hamburq sakini deyib.
SUALLAR
İstanbuldakı reydlərə gəlincə, türk mətbuatı xəbər verir ki, onların əsas hədəfi buraya daimi yaşamağa köçmüş çeçenlərdir. Onları terrorizmi maliyyələşdirməkdə təqsirli bilirlər. Ancaq İstanbuldakı etibarlı mənbə saxlanılanların çoxunun dağıstanlı olduğunu bildirir. O əlavə edib ki, hökumətin keçirdiyi belə xüsusi əməliyyatlar və daimi şübhələr ucbatından Rusiyadan qaçmağa məcbur olmuş, İstanbulda oxuyan və çalışan adi çeçen ailələri də əziyyət çəkir. Mənbə həmçinin vurğulayıb ki, bununla yanaşı, Türkiyədə birmənalı görünməyən, şübhəli fəaliyyətlə məşğul olan çox sayda adam yaşayır.
Ankara saxlanılan qafqazlılar barədə heç bir açıqlama verməyib. Ola bilsin, bu reydlərin hədəfi “İslam Dövləti” silahlı qruplaşması tərəfdarlarıdır. Əməliyyatların Avropadakı reydlərlə bağlılığı ehtimalı da var. Bundan başqa, Türkiyədəki uğursuz çevriliş cəhdindən sonra Fetullah Gülenin təşkilatıyla əlaqədə şübhəli bilinən şəxslərin həbsləri davam edir. Qafqazlılara qarşı reydlərin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq cəhdi olması da istisna deyil. Bir sözlə, hələlik bu reydlərlə bağlı çoxlu suallar var.