Putin Ərdoğana Suriyanı bölməyi təklif etdi – ŞOK İDDİA
Rusiya Ankaraya “Əl-Bab şəhərini siz alın, Hələbi bizə verin” şəklində təklif edib”.
Xeberinfo.com: Bu haqda Türkiyənin “Haber7” saytının yazarı Mehmet Acet yazıb.
Yazar Ankara ilə Moskva arasında Hələblə bağlı müzakirələrin davam etdiyini bildirib və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini sitat gətirib: “Bunu hörmətli Putinlə də danışdım. Hələbdə terrorçu qruplara qarşı birgə mübarizənin aparılmasını təklif etdim. Hələb hələblilərindir. Bizim Hələblə qohumluq bağlarımız var. Hələb işğal edilsə, bu insanların gələcəyi yer Qaziantepdir, Kilisdir”.
Mehmet Acet Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşündə əsas mövzulardan birinin Hələb olduğunu bildirib: “Müzakirələrdə Rusiya tərəfi Ankaraya “Əl-Bab şəhərini siz alın, Hələbi bizə verin” anlamına gələcək bir təklif verib. Ancaq Ankara bu təklifi qəbul etməyib”.
Onun sözlərinə görə, Türkiyə yalnız “Ən-Nüsra” Cəbhəsinin Hələbi tərk etməsini istəyir. Suriya ilə bağlı son Lozanna toplantısına qatılan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da “Ən-Nüsra” Cəbhəsinin dərhal Hələbdən ayrılmalı olduğunu deyib.
“Bəziləri bu açıqlamanı Türkiyənin Hələblə bağlı mövqeyindən çəklidiyi, şəhərin Dəməşq rejimi və ruslara təslim edilməsinə yaşıl işıq yandırdığı şəklində şərh etdilər. Ancaq görünən odur ki, Türkiyə Hələbdən imtina etməyib. “Ən-Nüsra” Cəbhəsinə “Hələbi tərk et!” çağırışı edilsə də, müxalifətin Hələbdəki müqavimətinə dəstək davam edir”.
Mehmet Acet qeyd edir ki, Ankara və Moskva arasında aparılan müzakirələrin nəticəsində Rusiyanın Türkiyənin Şərqi Hələblə (şəhərin şərq hissəsi müxalifət güclərinin əlindədir –red) bağlı mövqeyini qəbul edib: “Amma Türkiyə Əl-Bab şəhərinin Azad Suriya Ordusu tərəfindən ələ keçirilməsində qərarlıdır. Ərdoğan dünən Əl-Babı alacaqlarını bildirib. Bundan başqa, Menbiç və Rakka ilə əlaqədar yeni hədəfləri ortaya qoyub”.