Türkiyədə hərbi çevriliş cəhdi: 60 nəfər həlak oldu - VİDEO+FOTO
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində ölkədə 60 nəfər həyatını itirib.
Xeberinfo.com: Türkiyə mediası bildirir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat verib.
Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu qeyd olunur.
***
Türkiyənin İstanbul və Ankara şəhərlərinin küçələri qan içindədir.
Videokadrları diqqətinizə çatdırırıq:
***
Ankara sakinlərinin verdiyi məlumatlara görə, hazırda Türkiyə paytaxtındakı bir çox dövlət idarələri ordunun nəzarəti altındadır.
***
Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 təyyarəsi çevrilişə cəhd edənlərin əlində olan «Sikorski» helikopterini vurub.
Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı «Anadolu» agentliyi yayıb.
***
Türkiyə ordusunun xüsusi əməliyyatının gedişində hərbçilər Ankara və İstanbulun əsas prospekt və küçələrini ələ keçirirlər.
Təqdim etdiyimiz videoda bu görüntülər yer alıb:
***
Ankaranın Gölbaşı məhəlləsində 17 hərbçinin şəhid olduğu bildirilir.
Sosial mediada verilən xəbərdə hərbçilərin davam edən döyüşlərdə hansı tərəfdə vuruşduğu bildirilmir.
***
Türkiyə mediasının verdiyi xəbərə görə, Ankarada və İstanbulda əsl döyüşlər gedir.
Helikopterlər Müdafiə Nazirliyinə, tanklar parlament binasına atəş açır, əsgərlər mülki vətəndaşları gülləbaran edirlər.
Ordu parçalanıb. Birinci Ordunun rəhbərliyi Ərdoğana sadiq qaldığını bildirib.
İstanbul küçələrində döyüşlər gedir.
***
Bu səbəbdən Türkiyə prezidentinin Londona uçduğu bildirilir.
Bu məlumatı Rusiyanın «Novaya qazeta» nəşri yayıb.
***
Türkiyədəki məscidlərdən insanları çevrilişə qarşı çıxmağa səsləyirlər.
Sosial şəbəkə istifadəçiləri bildirir ki, Türkiyənin bir çox şəhərlərində məscidlərdə azan vaxtı olmasa da, azanlar oxunur və xalq küçələrə, Ərdoğan hakimiyyətini ordudan qorumağa səslənir.
***
***
Beynəlxalq hakerlər təşkilatı olan Anonymous xəbər verir ki, Ərdoğan Almaniyadan siyasi sığınacaq istəyib.
Bu məlumatı ABŞ mənbələrinə istinadən «Stratfor» da yayımlayıb.
Eyni zamanda, Türkiyə mediası yazır ki, Ərdoğan artıq təyyarə ilə Böyük Britaniyaya uçur.
Bu məlumatlar hələlik rəsmən təsddiqlənməyib.
***
«Reuters» agentliyinin Avropa İttifaqındakı mənbəyə istinadən verdiyi məlumata görə, çevrilişdə ordunun böyük hissəsi iştirak edir.
Bundan öncə sosial şəbəkə üzərindən xaqla müraciətində Ərdoğan çevrilişin kiçik bir hərbçi qrupu tərəfindən edildiyini bildirmişdi.
***
Sosial şəbəkə üzərindən xalqa müraciət edən Türkiyə prezidenti xalqı meydanlara dəvət edib.
Virtualaz.org xəbər verir ki, Ərdoğan çıxışında özünün və baş nazir Binali Yıldırımın da meydanda olacağını bildirib.
Müxbirin bunun hansı şəhərdə olacağı sualına prezident İstanbul və ya Ankarada meydana çıxacağı cavabını verib və əlaqə kəsilib.
***
Ərdoğan xalqa telefon vasitəsilə müraciət edərək, küçələrə axışmağı və hərbçilərə müqavimət göstərməyi xahiş edib.
***
TRT dövlət televiziyasının yayımı dayandırıldı.
***
Türkiyə KİV bildirir ki, prezident Ərdoğanın korteji hava limanına doğru hərəkət edir. Türkiyə prezidenti ölkəni tərk edir.
Eyni zamanda, TRT-də çıxış edən diktor bəyan edib ki, Türkiyə Konstitusiyası yaxın zamanda yenidən işlənəcək.
Ölkə keçid dövründə «Sülh Şurası» tərəfindən idarəı olunacaq.
***
Türkiyədə hərbi çevrilişi ordu generalı Hülusi Akar təşkil edib.
TRT dövlət televiziyasının verdiyi məlumata əsasən, Baş Qərargah rəisi Hülusi Akar yeni hökumətin başçısıdır.
Ankarada hərbçilər alqışlarla qarşılanır.
Pentaqon Türkiyədə baş verənlərlə bağlı məlumat toplayır və vəziyyəti izləyir.
***
TRT-nin efirində hazırda dövlət çevrilişinin baş tutduğu barədə bəyanat oxunur.
***
Ankarada polis akademiyası partladılıb.
Bu barədə «Anadolu» agentliyi məlumat yayıb. Digər KİV-lər İstanbulda Atatürk Hava Limanının, TRT dövlət kanalının, hakim partiyanın Ankaradakı qərargahının zəbt olunduğunu yazır.
***
Türkiyədən təzadlı xəbərlər gəlməkdə davam edir.
Son məlumata görə, Türkiyə ordusu Baş Qərargahı rəisi Hulusi Akarın Ankarada girov götürüldüyü bildirilir.
***
«Anadolu» agentliyinin bildirdiyinə görə, Türkiyənin müxtəlif yerlərində insanlar küçələrə çıxmağa başlayıblar.
***
Türkiyə KİV yazır ki, Ərdoğan təhlükəsizlikdədir.
Daha öncə hərbçilər Türkiyənin bütün rəhbərliyinin tutulduğunu bildirmişdilər.
İstanbulda polis qərargahının yaxınlığında atışma səsləri eşidilir.
***
Ankara meri vətəndaşlardan küçələrə çıxmağı xahiş edib.
İstanbul hava limanının bağlı olduğu deyilir.
***
Türkiyə Baş Qərargahı ölkədə hakimiyyətin ələ keçirildiyini bildirib.
Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə rəhbərliyi tutulub, Baş Qərargahdan belə bildiriblər.
Türkiyə hərbçiləri çevrilişdən sonra cari beynəlxalq münasibətlərin davam etdiriləcəyini bildiriblər.
***
İnternetdə Ankarada küçələrdə tankların göründüyü fotoşəkillər yayılır.
Eyni zamanda, dövlət televiziyası yayımını dayandırıb.
İstanbuldakı Atatürk hava limanına doğru tanklar yönəldilib.
***
Türkiyə paytaxtı Ankarada atışma səsləri eşidilir.
«Reuters» agentliyi xəbər verir ki, şəhərin üzərində hərbi təyyarə və helikopterlərlər dövr edir.
Türkiyə baş naziri ölkədə çevrilişə cəhd olunduğunu bildirib.
Qeyd edək ki, İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri polis tərəfindən bağlanıb.
«Onlara verilən səlahiyyət və silahdan istifadə edərək, bir qrup hərbçi məsuliyyətsiz qeyri-qannuni hərəkətlərə cəhd ediblər. Bunu dövlət çevrilişi adlandırmaq düzgün deyil, amma istənilən halda, vətəndaşlarımız sakit olsunlar, biz qanunçuluğun və qayda-qanunun qorunub saxlanması üçün lazım olan hır şeyi edəcəyik», - NTV telekanalının efirində baş nazir Binali Yıldırım deyib.