Səudiyyə Ərəbistanından Rusiyaya əzələ nümayişi
Səudiyyə Ərəbistanının Raduş-Şimal (Şimalın göy gurultusu) adıyla təşkil etdiyi hərbi manevrə qatılacaq 20 ərəb və müsəlman ölkəsinin hərbi birliklərinin bir neçə saatdan sonra təlim poliqonuna çatması gözlənilir.
Xeberinfo.com: Məlumata görə, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPAbu xəbəri yayıb. Xəbərdə "bölgə tarixinin ən böyük manevri" olaraq xarakterizə edilən hərbi təlim hazırlıqlarının sürətlə davam etdiyi bildirilir
20 müsəlman ölkəsiylə yanaşı, “Əl-Cəzirə Qalxanı Gücü”nün iştirakı gözlənilən manevr Səudiyyə Ərəbistanının şimalındakı Hafər əl-Batin vilayətinə bağlı Kral Xalid hərbi bölgəsində keçiriləcək.
Raduş-Şimal ölkə sayının çoxluğu, müasir texnoloji üsulla hazırlanan silahların istifadəsi, hava müdafiə sistemləri və dəniz qüvvələrinin iştirakı ilə indiyədək keçirilən ən böyük hərbi təlim olacaq.
Hərbi təlimin məqsədi bölgədə sabitliyin və sülhün qorunması, ortaya çıxa biləcək problemlər zamanı regional müttəfiqlərin eyni anda səfərbər olacağı mesajını verməkdir.
Raduş-Şimal təlimi aşağıdakı mülahizələri yürütmək üçün əsas verir.
Əvvəla, sözügedən təlim bir müddət əvvəl Səudiyyə Ərəbistanının Suriyada quru əməliyyatı keçirmək üçün müsəlman müttəfiqlərlərdən ibarət 150 minlik ordu hazırladığı barədə yayılan xəbərlərin həqiqət olduğunu təsdiqləyir. Baxmayaraq ki, xüsusilə Türkiyə hərbi dairələri tərəfindən bu məlumat təkzib olunmuşdu.
Digər tərəfdən təlimin Ərəbistanın şimalında keçirilməsi göstərir ki, əvvəl yayılan xəbərlərdən fərqli olaraq, gözlənilən hərbi müdaxilənin Türkiyə ərazisindən yox, Səudiyyə Krallığı sərhədlərindən ediləcəyi planlaşdırılır.
Hərbi təlimin Suriyanın şimalındakı kürd separatçılarının Türkiyə tərəfindən top atəşinə tutduğu bir zamanda keçirilməsi həm də qardaş ölkəyə dəstək xarakteri daşıyır. Yəni, əlaqədar tərəflərə vəziyyət gərginləşərsə, Suriyaya həm də cənubdan hərbi müdaxilə ediləcəyi mesajını verir.