Nailin qəza törətməsini Şahverdiyev gizlədib?(RƏSMİ AÇIQLAMA)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlum qəza baş verən gün sükan arxasında Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin olması faktının Eyvaz Şahverdiyev tərəfindən gizlədilməsi ilə bağlı mətbuatda gedən xəbərə reaksiya verib.
Yenixeber.org xəbər verir ki, "Qafqazinfo" ilə əlaqə saxlayan Vaqif Əsədov Eyvaz Şahverdiyevlə bağlı yazıdan narazılığını ifadə edib:
"Əvvəlcə onu deyim ki, yol nəqliyyat hadisəsinin baş verdiyi gündən əvvəl Eyvaz Şahverdiyev məzuniyyətdədir. İkincisi, E.Şahverdiyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində deyil. Polkovnik-leytenant Eyvaz Şahverdiyev Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində yol hərəkətinin təşkili şöbəsinin rəisidir və funksional vəzifəsini yerinə yetirir.
Üçüncüsü, E. Şahverdiyevin intellektual idarəetməyə cavabdeh və bütün kameralara nəzarəti həyata keçirən şəxs olduğuna dair informasiya da dəqiqləşdirilmədən verilib və yenə də qəsdən yol polisi əməkdaşlarının fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. Belə ki, kameralar şöbəsinə nəzarəti bir başqa şöbə rəisi həyata keçirir və onun da intellektual idarəetmə sisteminə cavabdehliyi yoxdur. Beləliklə də, bu informasiya bütövlükdə Şahverdiyevlər ailəsi haqqında mənfi imic formalaşdırmaqdan başqa bir şey deyil".
V.Əsədov bildirib ki, müasir standartlara cavab verən texniki vasitələrin tətbiq edildiyi ərəfədə heç nəyi gizlətmək mümkün deyil: "Ən azından hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə informasiyası ictimaiyyətə çatdırılıb. Hazırda da hadisəylə bağlı iş aparılır. Digər görülən tədbirlərlə bağlı isə mətbuatda məlumatlar gedib".
Qeyd edək ki, bu gün mətbuatda dərc olunan yazıda deputat Astan Şahverdiyevin qardaşı Eyvaz Şahverdiyevin Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavini vəzifəsində çalışdığı, həmçinin intellektual idarəetməyə cavabdeh olduğu və bütün kameralara nəzarətin birbaşa onda olduğu qeyd edilirdi. İddiaya görə, E.Şahverdiyev qəza hadisəsi baş verən gün sükan arxasında olan şəxsin Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olması faktını gizlətməyə cəhd edib.