İcra başçısının oğlunun neft biznesi:Elmir Vəliyevin “LUCKOİL”i
Neft və neft məhsullarının ölkə daxilində satışı və ixracı ilə yanaşı, həm də bəzi neft məhsullarının idxalı
Yenixeber.org: Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin oliqarxlar kimi həyat tərzi-dövlət nömrə nişanları 700-lə bitən maşınlardan ibarət kortejlə gəzməsi haqqında mətbuatda çox yazılıb. O zaman belə iddialar var idi ki, bütün bu bahalı maşınları Elmir Vəliyev icra başçısı olan atasının hesabına əldə edib. Bu isə Elmar Vəliyevin korrupsiyaya qurşanması ilə bağlı şayiələri stimullaşdıracaq fakt sayıla bilər...
Amma,... yenixeber.org-a daxil olan məlumata görə, Elmir Vəliyevin atasının maliyyə dəstəyinə heç də ehtiyacı yoxdur. Səbəb isə Elmir Vəliyevin heç də kiçik olmayan biznes strukturlarına sahib olmasıdır. Belə ki, Elmir Vəliyevin adı ölkədə ən elitar biznes sayılna neft ticarətində hallanır. Bu ticarətin isə 2011-ci ilin avqustunda Elmir Vəliyevin təsis etdiyi “LUCKOİL” Məhdud Məsuliyyətli Cəmiyyəti(MMC) ilə icra olunduğu bildirilir. Hüquqi ünvanı Yevlax şəhəri, Bakı prospekti, ev 31 olan bu şirkətin adında yalnız bir hərf məşhur “LUKOİL” şirkətindən fərqlidir. Bunun isə “LUKOİL” şirkətinin adını mənimsəmək iddiası ilə qarşılaşmamaq üçün edildiyi şübhəsizdir.
Eyni zamanda azacıq diqqətsizlik yetər ki, Rusiyanın bu məşhur şirkəti göz önünə gəlsin. Beləliklə 2011-ci ildə yaradılmış bir şirkət neft bazarında asanlıqla diqqətləri özünə çəkir. Elmir Vəliyevin bu addımından “LUKOİL” şirkətinin sahibi Vahid Ələkbərovun xəbərdar olub-olmadığı məlum deyil. Ancaq olsa belə Elmir Vəliyevə qarşı hər-hansı müəlliflik davası açması da mümkün deyil.
Məlumata görə, Elmir Vəliyevin bu şirkəti neft və neft məhsullarının həm ölkə daxilində satışı, həm də ixracı ilə yanaşı, bəzi neft məhsullarının idxalını da həyata keçirir. Məhz bu səbəbdən də Elmir Vəliyevin heç kimsənin, o cümlədən də atasının maliyyə dəstəyinə ehtiyacı olmadığı məlum olur. Başqa sözlə, Elmir Vəliyevin oliqraxlar kimi həyat tərzinə görə icra başçısı olan atasını hansısa korrupsiya əməlində ittihamı etmək yersizdir.
Bu yaşamın olsa-olsa prezident İlham Əliyevin məmurlara övladlarının xoşagəlməz hərəkətlərdən çəkinmək, təvəzökar həyat tərzi keçirmələri haqqında xəbərdarlıq və tövsiyələri ilə uyğun olmadığını söyləmək olar. Bu isə hüquqi deyil, siyasi və mənəvi məsuliyyət yarada biləcək məsələdir.
Təəssüf ki, yazıda adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirməyə çalışacağıq .
İnformasiya şöbəsi.