İran klinkasında diaqnoz müəmması:can da gedir, pul da gedir
Səhv analiz, səhv müalicə və acı sonluğun bir addımlığında....
Xeberinfo.com: Xatırlayırsınızsa, İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinə məxsus olan və Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 124 ünvanda yerləşən klinika üç il əvvəl fəaliyyətini dayandırdı və heç bir ay ötmədi ki, yenidən işə başladı. O zaman bu məsələ müxtəlif səbəblərlə izah olunurdu. İran tərəfi-Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Abbas Əraqçı bu klinikanın yaşadığı problemi texniki məsələlərlə bağlamışdır. Azərbaycan hakimiyyətinə yaxın media orqanlarından biri isə sözügedən klinikada Azərbaycan Səhiyyə Nazirliyi və güc strukturlarının nümayəndələri tərəfindən aparılan yoxlamalar zamanı ciddi nöqsanların aşkarlanmasından yazmışdır: “Səhiyyə Nazirliyinə klinikada baş verən hadisələrlə bağlı məlumatlar daxil olub və bundan sonra yoxlamalar başlanıb. Məlum olub ki, klinkaya müraciət edən Azərbaycan vətəndaşları müayinə və müalicə üçün bir qayda olaraq İrandakı klinikalara göndərilib. Halbuki həmin xəstələrin Bakıda da müalicəsi mümkün olub”.
Yoxlama zamanı İranın tibb müəssisələrinə çoxlu sayda göndəriş vərəqələri və klinikadakı laborator müayinələr zamanı məlum standartların pozulması faktları da aşkarlanıb. Bütün bunlar isə Azərbaycan Səhiyyə Nazirliyinin İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinə məxsus klinkanı bağlamasına əsas olmuşdur. Ancaq sonradan hansısa gözəgörünməz əlin sayəsində klinka fəaliyyətini yenidən bərpa edə bildi. İndi isə belə görünür ki, bu klinikada hələ də həllini gözləyən problemlər var olmaqdadır. Xeberinfo.com-a daxil olan məlumatlara görə klinkanın laboratoriyasında ciddi nöqsanlar qalmaqda davam edir...
Bu ilin yayında valideynləri 9 yaşlı M.Ş.-nı (Azyaşlı olduğundan adını açıqlamırıq.) İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinə məxsus bu klinkada həkim müayinəsinə aparmalı olurlar. Klinkanın həkimi Elnarə Həsənli isə ənənəvi olaraq müvafiq analizləri verməyi məsləhət görüb. Həkim-laborant Nərmin Atakişiyevanın imzaladığı 22.07. 2016-cı il tarixli ilk analiz yoxlamasında leykositlərin, bakteriyaların və epitelinin normadan artıq olduğu göstərilib. Bundan sonra 9 yaşlı M.Ş-nın müalicəsinə başlanılıb. Təxminən 40 günlük müalicədən sonra-06.09.2016-cı ildə yenidən analiz zamanı leykositlərin, bakteriyaların və epitelinin kəskin artımı müşahidə olunub(?) Qeyd edək ki, analizin nəticəsi haqqında ikinci-06.09.2016-cı il tarixli sənədi də həkim-laborant Nərmin Atakişeyeva imzalayıb.
Bu nəticələrdən şübhələnən valideynlər isə başqa bir tibb müəssisəsinə-“ANDROMED” Tibb Mərkəzinə üz tutublar. Burada da eyni ilə analiz veriblər. “ANDROMED” Tibb Mərkəzinin analizi isə tamamilə fərqli nəticələr ortaya qoyub. Belə məlum olub ki, buna kimi 9 yaşlı M.Ş çoxlu dərmanlar qəbul etməklə səhv müalicə olunub. Hansıki bu dərmanların qəbuluna nəinki ehtiyac olmayıb əksinə,... . 9 yaşlı M.Ş-nın orqanizminə və sağlamlığına zərər dəyib, valideynləri isə olar-olmaz pulunu itiriblər.
Bu faktla bağlı qarşı tərəf olaraq klinika rəhbərliyini də dinləmək isətdik. Bizimlə telefon danışığında baş həkin Bəhmən Sübhani bu olaydan xəbərdar olduğunu bildirdi və ünvanlarına yönəlik ittihamları rədd etdi: O uşağın anası bura gəlmişdi. Deyirdi ki, haralarasa şikayət edəcək. Mən ona da dedim ki, biz düzgün işləyirik, bütün sənədləri də göstərdim. Qayda-qanunlarla, anlizlər də yüksək səviyyədə aparılır. Bu məsələdən ötrü ekspertlər sözünü deyə bilər. Buyursunlar desinlər.
Aydın