Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri agent olub? - Paşinyanın qaynından AÇIQLAMA
Ermənistan parlamentinin deputatı Qraçya Akopyan bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyanın xarici ölkələrdən birinin agenti olduğunu bildirib.
Yenixeber.org: Qraçya Akopyan parlamentdə iqtidarda olan “Mənim addımım” partiyasını təmsil edir və eyni zamanda da Baş nazir Nikol Paşinyanın qayınıdır.
Qraçya Akopyan sosial şəbəkə hesabında yazıb ki, Artur Vanetsyanın xarici ölkələrdən birinin agenti olması barədə onda sübutlar yoxdur, amma ciddi şübhələri var.
Nikol Paşinyanın qayını hüquq-mühafizə orqanlarında bu mövzuda məlumatlarının ola biləcəyini istisna etməyib. Akopyan həmçinin qeyd edib ki, Artur Vanetsyanın Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan ilə sıx münasibətləri olub.
Qraçya Akopyanın açıqlamasına münasibət bildirən Ermənistanın Baş prokuroru Artur Davtyan bildirib ki, hazırda onlarda Artur Vanetsyanın hansısa ölkənin agenti olması barədə məlumat yoxdur. Baş rokuror deyib ki, əgər onlarda belə bir məlumat olsaydı mütləq cinayət işi açardılar. Artur Davtyan əlavə edib ki, deputatın səsləndirdiyi fikirlər araşdırılacaq.
Məlumat üçün bildirək ki, dekabrın 8-də 40 yaşı tamam olan Artur Vanetsyan 10 may 2018-ci ildən 16 sentyabr 2019-cu il tarixinə kimi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışıb. Artur Vanetsyan Ermənistanın eks-prezidenti Robert Koçaryan və onun yaxın ətrafının həbs olunmasında yaxından iştirak edib.
Xatırlayırsınızsa, ötən il Ermənistanın Baş naziri Nikol Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısı yayılıb. Telefon danışığı zamanı onlar Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. O, Paşinyana Koçaryanla bağlı işi bitirməyi, Xaçaturovu isə sonraya saxlamağı təklif edib. Paşinyan isə bu təkliflə razılaşıb.
Ötən ilin sentyabr ayında Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanı vəzifəsindən azad edib. Bundan sonra Artur Vanetsyan Ermənistan Futbol Federasiyasının prezidenti kimi vəzifəsini davam etdirib. Ermənistan milli komandasının "AÇ-2020"nin seçmə mərhələsində İtaliyaya 1:9 hesabı ilə uduzmasından sonra Artur Vanetsyan Ermənistan Futbol Federasiyasının prezidenti vəzifəsindən də istefa verib.
Onu da bildirək ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanı ad günü münasibətilə təbrik edib və təbrik məktubunda belə yazıb: "Əziz dostlar! Bu gün qardaşımız Artur Vanetsyanın doğum günüdür. Gəncliyinə baxmayaraq Artur Vanetsyan əla təhsil alıb və "General" hərbi rütbəsi alıb. Ardıcıl olaraq 2018-ci ildən rəhbərlik etdiyi Ermənistanın Milli Təhlükəsizlik Xidmətində yüksək vəzifələr tutub. Əminəm ki, Artur Vanetsyan rus xalqının böyük dostudur və Rusiya ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinin tərəfdarıdır. Artur Vanetsyanı ad günü münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı və uğurlar arzulayıram!"
Qeyd edək ki, Artur Vanetsyanın anası - Marqarita Azaryan hazırda Ermənistan prezidentinin köməkçisi vəzifəsini icra edir. Marqarita Azaryan sabiq prezident Robert Koçaryanın
dövründə vətəndaşların məktubları və qəbulu şöbəsinin müdiri (1998-2002), Serj Sarkisyanın hakimiyyəti zamanı kadrlar şöbəsinin müdiri (2011-2018) olub. 2 aprel 2019-cu il tarixinə kimi də Nikol Paşinyanın rəhbərliyi altında eyni vəzifədə çalışıb.