Rusiyanın istehsalı olan və döyüş şəraitinin ekstremal situasiyalarına tab gətirməyə hesablanan MiQ-29 hərbi təyyarəsinin quş və ya quş dəstəsiylə toqquşma nəticəsində qəzaya uğramasının ehtimalı çox cüzidir.
Yenixeber.org: Bunu BBC News Azərbaycancaya müsahibəsində Rusiyanın əməkdar sınaqçı pilotu, MiQ təyyarələrini sınaqdan keçirən peşəkar mütəxəssis Maqomed Tolboyev bildirib.
“Quş və ya quş dəstəsiylə toqquşaraq MiQ-29 qəzaya uğraya bilərmi?” sualına rusiyalı pilotun cavabı belə olub: “Yox. Yox! Bu, nağıldır! MiQ-29 heç vaxt quşlara görə qəzaya uğramayıb!”
Müdafiə Nazirliyinə məxsus MiQ-29 döyüş təyyarəsinin iyulun 24-də gecə saatlarında qəzaya uğraması nəticəsində pilot Rəşad Atakişiyev həlak olub.
“MiQ-29-un iki mühərriki var, hətta mühərriklərdən birinə hansısa quş girsə də, ikinci mühərrik işləyir. Quş quşdur da. Təyyarənin qanadına və ya quyruğuna dəyə bilər. Və ya mühərrikə girə bilər. Kiçik bir quşdursa – mühərrikdə doğranıb-üyüdüləcək, iri quşdursa – mühərrik dayana bilər. Lakin bütün bunları yalnız sənədlər əsasında (“qara qutu”nun məlumatları əsasında) demək olar. Sənədləri görmək lazımdır. Sənədləri təqdim etsəniz, dərhal sizə məlumat verərdim”.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.
Maqomet Tolboyev şəxsən özü MiQ-29 təyyarələrini sınaqdan keçirdiyini bildirib.
O, MiQ-29 təyyarəsinin katapult-oturacaqla təchiz olunduğunu vurğulayıb.
“Bu, əla bir katapult-oturacaqdır. KS markalı – xilasedici oturacaq adlanır. Bu cihazın müəllifi Qay Severindir (Sovet və Rusiya mühəndisi və alimi – redaksiya). Bu oturacaq-katapult hər kəsi sıfır hündürlükdən belə xilas edə bilər”, – Tolboyev deyib.
Onun qənaətincə, görünür, elə bir hadisə baş verib ki, pilot katapultdan istifadə edə bilməyib.
Mərhum pilot Rəşad Atakişiyevin qayınatası Qabil Hüseyinlinin sözlərinə görə, “pilotun bədəninin hissələri deformasiya olunmuş halda tapılıb. Əvvəlcə bir ayağı, sonra isə təyyarənin gövdəsindəki oturacaqda bədəninin digər hissələri aşkar olunub”.
Bununla bağlı Maqomed Tolboyev xatırladıb ki, təyyarə suya dəyəndə, təyyarəyə dəyən zərbənin təsiri olduqca güclü ola bilər.
“Belə bir qanun var – torpaq sıxıla bilər, su isə heç vaxt sıxılmaz. Suyun zərbəsi dəhşətli olur”.
Tolboyevin ehtimallarına görə, “görünür, pilot katapultdan istifadə etməyib, təyyarəsi suya cırpılıb və nəticədə, dəhşətli gücdə zərbəyə məruz qalıb”.
Hərbi təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot Rəşad Atakişiyev xəsarət alıb, Müdafiə Nazirliyi bildirib.
Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb.
Maqomed Tolboyev – Sovet və Rusiya hərbi pilotu, Rusiya Federasiyasının fəxri sınaqçı pilotu, sınaqçı kosmonavtıdır,onun general-mayol rütbəsi var, Rusiya Federasiyasının Qəhrəmanı fəxri adına 1992-ci ildə layiq görülüb. (aztoday)