Cavid Qurbanovun Atillanın ayağı dəyən torpaqlarda ofşor hesabı:"Barıtını çox eləmisiz, ay müəllim..."
Yenixeber.org: Attila bütün Qərbi alandan sonra Şərqə - İrana hücum eləmək istəyirdi. Roma səfərindən sonra İldiko adlı şahzadə ilə evlənmişdi. O, zifaf gecəsi daxili qanaxmadan (ağız və burnundan qan açılıb) vəfat edir.
Bunun sui-qəsd olduğu düşünülür. Amma onu müayinə edən şaman deyib ki, sui-qəsd yoxdur. Bu, irsi xəstəlikdir. Qardaşı Buda da eyni xəstəlikdən ölmüşdü.
Avropanın üçdə ikisindən çoxuna hakim olan, dövlət sərhədlərini Asiyaya qədər genişləndirən Hun imperatoru, böyük türk sərkərdəsi Atillanın tutduğu torpaqlara yenidən qayıtmaq ümidimiz var.
Buna bizi deputat, “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov inandırır. Hörmətli başdəmiryolçu deyir ki, Atillanın ayağı dəyən hər türk torpağına iddialıyıq.
Avropanı türk torpağı kimi qələmə versək, Bizans ərazilərindən Sibirə qədər, Volqaboyundan Qazaxıstan səhralarınadək sahiblənməliyik.
Cənab deputat barıtını bir az çox eləyib. Bir az da yox, deyəsən lap ağ eləyib. Bu yerdə adamın qarnını tutub gülməyi gəlir. Əşi, bizim Cavid müəllim belədir də, xoşu gəlir insanların üzündə təbəssüm yaratsın. Pozitiv məmurdur.
Məsələn, yubiley günü ona sürpriz edən dəmiryolçulara demişdi ki, tortu axıra qədər yeməmiş getmək olmaz. Bizim məmurlar axıra qədər yeməmiş getmirlər.
Nəsə, haşiyədən çıxmadan deyək ki, C.Qurbanovun ülvi arzusu çox gözəldir, möhtəşəmdir. Bunu qəlbində vətən eşqi döyünən hər kəs arzulayır.
Kaş ki, Atillanın, Teymurləngin, Çingiz xanın ayaqları dəyən hər torpağa iddialı olaq, yiyələnək. Əsrlər boyu bu həsrətdə olmuşuq ki, onu da deputatımız dilə gətirir.
Qoy o gün olsun ki, C.Qurbanovun gətirəcəyi (?) sürətli qatarlar Atillanın ayağı dəyən qoca qitənin şəhərlərinə qədər bizi aparsın.
Bakı-Roma, Bakı-Vyana, Bakı-Paris...bəh-bəh, nə gözəl xəyallardır, ay Cavid müəllim. İndiyədək heç bir deputatın ağzından belə söz eşitməmişdik.
Onun həmkarları gah deyir 143 manatla yaşamaq olar, gah deyir az yeyin...
Hələliksə, Atillanın ayağı dəyən torpaqlara yalnız C.Qurbanovun ofşor hesabları gedib çata bilib.
Yadınızdadırsa, Azərbaycan mətbuatında Cavid Qurbanovun “TOPAZ”ın səhmlərinin 51 faizinə 38 milyon manat ödədiyi haqda informasiya yayıldı.
Bildirildi ki, 8 ilə yaxındır Azərbaycanın idman mərc oyunlarının təşkilinə investisiya yatıran "Turkcell” şirkəti "Azerinteltek”dəki payını "Baltech Investment LLC”-yə satıb.
İlk olaraq Türkiyənin nüfuzlu haberler.com portalı oktyabrın 30-da “Turkcell” şirkətinə istinadən açıqlama verdi.
Mətbuatda isə "Baltech Investment LLC”-nin sahibinin əslində Azərbaycan məmurlarından biri, məhz Cavid Qurbanov olduğu vurğulandı.
İddia olundu ki, baş dəmiryolçu “TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb.
Məlumata görə, “Baltech Investment LLC” şirkətinin qeyri-rəsmi sahibi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, deputat Cavid Qurbanovdur. Təbii ki, bunu rəsmi sənədlərlə təsdiq etmək mümkün deyil.
Amma əlimizdə elə ciddi sənədlər var ki, həmin faktlarla tanış olan kimsə bu şirkətin - “Baltech Investment LLC”-nin C.Qurbanova məxsus olduğunu inkar edə bilməz.
Hələlik onu qeyd edək ki, “Baltech Investment LLC” şirlkətinin rəsmi təsisçi Türkiyə vətəndaşı Bülent Karanidir.
Bu isim Azərbaycan oxucusuna, eləcə də inşaat sektorunda çalışan insanlara tanışdır. Çünki B.Karani 2012-ci ilədək “Azərinşaatservis” MMC-nin rəhbəri olub.
“Beynəlxalq Bank işi”ndə adı keçən və Azərbaycan dövlətinin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan Bülent Karani 6 ildən çoxdur ki, ölkəmizdə axtarışdadır.
Onun hələ “Azərinşaatservis” MMC-yə rəhbərlik etdiyi illərdən Cavid Qurbanovla biznes ortaqlığı olduğu deyilirdi.
İddia olunurdu ki, məhz ikincinin hesabına dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətində podratçı kimi Karaninin rəhbərlik etdiyi şirkət çıxış edib.
Lakin 2012-ci ildə şirkətin rəhbəri, Türkiyə vətəndaşı olan Bülent Karani müəmmalı şəkildə gecə ikən Azərbaycandan qaçıb…
“Azərinşaatservis” MMC-nin keçmiş rəhbərinin adı 2012-ci ildə bütün dünyanın gündəmini dəyişən “Panama Papers” sənədlərində də öz əksini tapıb.
Hansı ki, hələ də bir çox xarici saytlarda Bülent Karaninin ofşor zonalara milyonlarla dollar çıxarmasından bəhs edən faktlar qalmaqdadır.
Təbii ki, B.Karani bu pulları “Azərinşaatservis” MMC-nin rəhbəri kimi deyil, “Baltech Investment LLC” şirlkətinin rəsmi təsisçi olaraq Azərbaycandan çıxarmaqda ittiham olunur.
Bundan başqa, mətbuat yazmışdı ki, "DəmirBank”ın “Mərkəz” filialının keşmiş müdiri Müşfiq Tükanovu ofşor şirkətinə Dəmiryol idarəsindən vurulan pullar sonra yenidən nağd şəkildə Müşfiq Tükanov vasitəsi ilə Cavid Qurbanova qaytarılıb. Bu “obnaliçka” əməliyyatlarından yaxşı qazanc əldə edilib.
Xatırladaq ki, 406-453-cü illərdə yaşayan Atilla türk dünyasının ən məşhur sərkərdələrindən biridir.
Atilla, deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub.
“Avropanın imperatoru” titulunu qazanmış Hun İmperiyasının hökmdarı olan Attila eramızın 434-cü ilində taxta çıxıb.
Qərbi Roma İmperiyasına səfər edərkən Papa Attilanın önündə diz çöküb əfv dilədiyindən, Romanı fəth etməyib və vergiyə bağlayıb. Bu səbəblə də Avropa mənbələrində Atillanı “Tanrının Qamçısı” adlandırıblar.(cahan.info)