Natiq Əliyevin açıqlaması aranı qatıb
"Xeberinfo.com": Azərbaycanın energetika naziri Natiq Əliyevin Rusiyanın “Rosneft” şirkətinin prezidenti, Kremlin “boz kardinalı” hesab olunan İqor Seçinin ötən həftə Bakıda apardığı danışıqlar barədə TASS agentliyinə açıqlaması aranı qatıb. “Turan”nın məlumatına görə, Əliyevin açıqlamasını hökumətdəki mənbə təkzib edib və nazirin həmin danışıqların detalları barədə məlumatlı olmadığını bildirib.
N.Əliyev Rusiya dövlət informasiya agentliyinə açıqlamasında deyib ki, ARDNŞ Rusiyanın Kuban vilayətində neftayırma zavodunun tikintisi layihəsində “Rosneft”lə birgə iştirak etmək üçün danışıqlara başlayıb. N.Əliyevin sözlərinə görə, Azərbaycan bu layihədə iştirakda maraqlıdır.
“Bəli, maraqlıyıq. “Rosneft” rəhbəri İqor Seçin Bakıya bu yaxınlarda etdiyi səfər zamanı ARDNŞ-lə danışıqlar aparıb, lakin bu danışıqların nəticələri haqda məndə informasiya yoxdur” – deyə Azərbaycanın energetika naziri bildirib.
TASS agentliyi bu sualla N.Əliyevə ona görə müraciət edib ki, Həştərxanda keçirilən son Xəzər sammitində Azərbaycanın Kubanda, Novorossiysk rayonunda neftayırma zavodunun tikintisində iştirakı məsələsinə dair müzakirə aparılıb. Agentlik bildirir ki, layihəyə əsasən həmin zavodda Azərbaycan nefti emal olunmalıdır. Emal olunan neft məhsulları isə Rusiya treyderləri vasitəsilə satılacaq.
Lakin hökumətdəki mənbə bildirib ki, İ.Seçinin Bakıya səfəri zamanı neft emalı sahəsinə aid heç bir konkret layihə, o cümlədən ARDNŞ-in Kubanda neftayırma zavodunun tikintisində iştirakı müzakirə olunmayıb.
Bəs N.Əliyev hansı əsasla Rusiya agentliyinə belə açıqlama verib?
Hökumətdə yanacaq-energetika sektorunu kurasiya edən mənbə virtualazorq-a deyib ki, azərbaycanlı nazir İ.Seçinin Bakı danışıqlarının detalları haqda məlumatlı deyil. “O, özü də etiraf edir ki, danışıqların nəticəsi barədə məlumatı yoxdur. Öz təxminlərini dilə gətirib. Görünür, KİV-lər də bunu danışıqların nəticəsi kimi təqdim edib” – deyə mənbə bildirib.
Yada salaq ki, bu ilin may ayında “Rosneft” və ARDNŞ hasilat və neft-qaz kəşfiyyatı sahəsində birgə işləmək üçün ortaq müəssisə yaratmaq barədə razılığa gəliblər. Bu müəssisə Rusiya və Azərbaycan ərazilərində, habelə üçüncü ölkələrdə fəaliyyət göstərə bilər. Lakin indiyə qədər tərəflər həmin razılaşmanı həyata keçirmək istiqamətində konkret addım atmayıblar.
Belə bir vaxtda Seçinin Bakıya səfəri zamanı “Rosneft”lə ARDNŞ-in ortaq biznesinə dair hansısa konkret layihələrin təqdim olunduğu barədə təxminlər yaranıb.
Lakin bunlar yalnız təxminlərdir. İ.Seçinin danışıqları bir qayda olaraq olduqca məxfi keçir. Onun Bakıda prezident İlham Əliyevlə və ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşündə nələrin müzakirə olunduğu haqda məlumat verilmir. Bu baxımdan ola bilsin ki, bu danşşıqlardan ya Natiq Əliyevin də xəbəri yoxdur, ya da vaxtından əvvəl hələ müzakirə olunan bir məsələ barədə açıqlama verib. Əgər ikinci ehtimal doğru çıxarsa, belə anlaşılır ki, N.Əliyev Bakı ilə Moskva arasında məxvi aparılan danışıqlardakı sirri açıb. Bu isə həqiqətən ciddi qalmaqala səbəb ola bilər.