Baku City Hospitalda nə baş verir?
Xeberinfo.com: Son dövrlər bəzi özəl klinikalarla bağlı narazılıq pik həddə çatıb. Xüsusən də telekanallarda reklam olunan klinikalarda pasiyentləri aldadaraq külli miqdarda pullar qazanılır.
Bu siyahıda olan klinikalardan biri də Baku City Hospital klinikasıdır. Mətbuatda yazılanlara görə, klinika reklamlarında elan edir ki, City Hospital – Respublikamızda Baku City Hospital tibbi mərkəzi yeni ünvanda fəaliyyətə başlayıb. 7 mərtəbəli klinikada Azərbaycanın tanınmış həkimləri, məhşur İstanbul Florence Nigtingale xəstəxanası ilə əməkdaşlıq, həmçinin Türkiyədən dəvət olunmuş mütəxəssislər tibbin bütün yeniliklərini özündə cəmləyən, yüksək komforta sahib olan bir xidmət təqdim edir. Klinikanın geniş profilli poliklinika şöbələri var.
Ancaq sözügedən tibb mərkəzinin digərləri ilə elə də fərqi yoxdur. Klinikanın ən ali məqsədi daha çox pasiyent cəlb edərək milyonlarla vəsait qazanmaqdır. Bu işdə isə onlara telekanallardakı reklamlar yardımçı olur. Demək olar ki, Bakı şəhərində ən bahalı xidmətlər buradadır. Televiziyalarda aparılan yalançı təbliğata görə, insanlar bura üz tuturlar, amma bu klinikada barmağını verən qolunu itirməli olur. Yəni, müraciət edənləri o qədər mənasız və lazımsız analizlər və müayinələrdən keçirirlər ki, bir əməliyyatın pulu gedir.
Hospitalda əməliyyat olanların da bir qismi nəticədən narazı qalırlar. Bununla bağlı klinikaya müraciət edənlərə isə “əməliyyatdan bir müddət sonar belə vəziyyət ola bilər” cavabı verilir. Yəni, pasiyentləri min-bir bəhanə ilə yola verirlər. Hətta redaksiyamıza daxil olan məlumata görə, əməliyyat zamanı həkim səhlənkarlığı və tibbi təchizatın yetməzliyindən ölüm halları da olub. Sadəcə olaraq, klinika rəhbərliyi bütün qanunsuzluqları məharətlə ört basdır etməyi bacarıblar.
Əldə etdiyimiz digər məlumata görə, klinikada maliyyə maxinasiyaları da baş verir. Belə ki, 2 min manat və ondan yuxarı məbləğli əməliyyatlar, müayinələr çox aşağı qiymətə qeydiyyatdan keçirilir. Yəni, ikili muhasibatlıq var. Məlumatlı şəxs deyir ki, klinika rəhbərliyi vergidən ildə yüz minlərlə manat vəsait yayındırır.
Onu da qeyd edək ki, City Hospitalın əsas devizi qüsursuz xidmətdir. Bütün təbliğat materiallarında da “Qüsursuz xidmət anlayışı City hospitalın əsas meyarlarından biridir. Məqsədimiz xalqımızın indiyədək yalnız xaricdə əldə edə biləcəyi nəticələri, evinin içində ona təqdim etməkdir. Sağlığınızı Baku City Hospitala, etibarlı əllərə əmanət edin” şüarları yer alıb. Ancaq bu klinikaya gələnlərin böyük əksəriyyəti bir daha Baku City Hospitala qayıtmır.
Sözügedən klinikanın həkimi Nizami Mehdizadə isə deyir ki, xəstəxana haqda yazı verən media qurumlarını məhkəməyə verəcək: “Mən klinika haqda yazı yazan jurnalistlərə bildirdim ki, kimlərinsə sifarişilə yazdığınız böhtanla dolu və birtərəfli mövqeyə görə məhkəməyə verəcəm. Onlar yazını verməzdən öncə mənimlə görüşə bilməzdilər? Verilən suallara cavab verməsəydim, onda deyərdiz ki, informasiya almadıq ona görə də birtərəfli oldu. Mənasız və boş sözlər yazmaq heç kimə yaraşmaz. Baku City Hospital Bakı şəhərində ölkənin travmatologiya və digər sahələr üzrə ən brend xəstəxanasıdır. Özəl klinika olaraq nə qədər humanitar addımlar atırıq. Mehriban xanımın göndərdiyi xəstələrə biz pulsuz yardım göstəririk. Ölkənin özündə müalicəsi mümkün olmayan xəstəlikləri insanların xərcləri az olsun deyə həkimləri özünü dəvət etməklə, Səhiyyə Nazirliyinə məlumat verməklə, Miqrasiya Xidmətindən lisenziya almaqla insanlara yardım edirik. Bu yalan böhtan şeyləri yazmaqla bunlar nə qazanırlar və nə istəyirlər mən başa düşə bilmirəm”.