Gömrüydə “oboy” fırıldağı –3 ilə 117 milyon dollar
Yenixeber.org: 2012-2015-ci illərdə istehsalçı ölkələr Azərbaycana 140 milyon ABŞ dolları dəyərində divar kağızı göndərib. Azərbaycan gömrüyündə isə bu, xeyli az – 23,7 milyon dollar olaraq keçir. Təxmini hesablamalara görə, söhbət büdcədən yayındırılan 42 milyon dollar həcmində gömrük rüsumundan və Əlavə Dəyər Vergisindən gedir.
Mal həmin, qiymət başqa
Son beş ildə (2012-2016) Azərbaycana ildə, ortalama, 5,5-6,4 min ton divar kağızı gətirilib. Ötən ilədək yerli gömrükdə bu malın rəsmiləşdirmə qiyməti yüksək olmayıb. 2016-cı ildə bəyan olunan idxal həcmi (6 min 164 ton) 17,4 faiz atsa da, vergi və rüsum tutulduğundan, qiymətlərdə beşqat sıçrayış baş verib.
Birləşmiş Millətlər Təşkilatının statistika bölməsinin beynəlxalq ticarətə (Comtrade) dair yayımladığı məlumatlara görə, 2015-ci ildə 21 ölkə Azərbaycana 23 milyon 723 min dollar dəyərində 5 min 380 ton divar kağızı satıb. Azərbaycan tərəfi ölkəyə təxminən bir o qədər (5 min 248 ton) mal buraxdığını bildirir. Amma idxalçıların bəyan etdiyi qiymət (3 milyon 587,6 min dollar) ixracatçıların sənədlərində əksini tapandan 6,6 dəfə azdır.
Ötən il işlər yoluna düşüb
Hələlik, Azərbaycanla divar kağızı ticarəti edən 8 ölkə (İtaliya, Çex Respublikası, Gürcüstan, ABŞ, Türkiyə, Belarus, Britaniya, İsveç) 2016-cı ilə dair məlumatları Comtrade-yə təqdim edib. Bu məlumatlar Azərbaycan gömrüyünün hesabatları ilə üst-üstə düşməsə də, əvvəlki illərdəki kimi, kəskin fərqlər də yoxdur. Məsələn, Türkiyə tərəfi Azərbaycana 313 min dollarlıq divar kağızı ixrac edildiyini bəyan edir, alan ölkə isə 289 min dollarlıq mal aldığını göstərir.
Tikinti sektorunda işlərin yavaşıdığı və əhalinin gəlirlərinin azaldığı 2015-ci ildə Ukraynadan 11,1 milyon dollarlıq mal gətirilsə də, Azərbaycan tərəfi onu 3,5 milyon dollar dəyərində rəsmiləşdirmişdi.
Dövlət Gömrük Komitəsi, bir qayda olaraq, gömrük statistikasında əksini tapan bu təzadları şərh etmir.
Səkkiz rəsmi idxalçı var, amma bu, hamısı deyil
Divar kağızı məcburi sertifikatlaşdırılmalı məhsullardan sayılır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatına görə, ölkəyə bu məhsulu 6 şirkət («Konstruktor» firması, «Pay Group» MMC, «Neoclass» MMC, «İstanbul çarşı import eksport ltd» MMC, «Bulid Dream» MMC, «İlin dörd fəsli» MMC) və 2 sahibkar (Coşğun Osmanov, Rizvan Mahmudov) gətirir.
Bəzi şirkətlərin adları bu siyahıda yoxdur. Məsələn, İtaliyadan iki istehsalçıya aid divar kağızı gətirən və öz mağazalar şəbəkəsində satan «Casamia» MMC-nin adı sertifikatlaşdırılan malların siyahısına düşməyib.
azadliq.org