Paytaxtın qumarxana «kral»ları hərəkətə keçdi
Mehman və Ceyhun kimi şəxslər qumarxana bizneslərini genişləndirməyə başlayıblar
Xeberinfo.com: Paytaxt Bakı şəhərinin artıq demək olar ki, hər tinində bir qumarxana açılıb.
Belə məkanlar axşam saat 18-dən sonra daha da qızışır. Amma maraqlıdır ki, belə obyekt sahibləri heç nəyin fərqinə varmadan, qorxu bilmədən öz fəaliyyətlərini sərbəst şəkildə davam etdirirlər. Belə şəxslər qanun sayır, nə qayda. Hətta bir çox hallarda onlar qanunlara meydan oxuyurlar. Bir müddət öncə daha geniş vüsət almış qumarxana şəbəkəsinin üzərinə mətbuat düşdükdən sonra onların bəzisinin fəaliyyəti dayandırıldı. Lakin bir müddət olar ki, ara sakitləşdiyindən Mehman və Ceyhun kimi şəxslər qumarxana bizneslərini genişləndirməyə başlayıblar. Hətta onlar özlərinə o dərəcədə arxayınlaşıblar ki, bəzən açıq şəkildə bu qanunsuz fəaliyyətlərini davam etdirirlər. Qumar oyunları vasitəsilə Mehman və Ceyhun kimi şəxslər bəzən gün ərzində 30-50 min arasında vəsait əldə edirlər. Bu isə ayrı-ayrı şəxslərin min bir əziyyətlə əldə etdikləri puldur. Amma belə məkan sahibləri bunun heç fərqinə varmırlar. Hətta bir çox hallarda evdən oğurlanan pullar belə qumarxanalarda uduzulur. Gundelik-baku.com olaraq həmişə belə məkanlara qarşı mübarizə aparmışıq. Elə ona görə də, bəzən qumarxananı himayə edən şəxslər yazıların dayandırılması üçün hərəkətə keçirlər. Amma onların nəzərinə çatdırmaq istəyirik ki, növbəti dəfə hansısa xahişlər, müraciətlər olarsa, mətbuat konfransı keçirməklə həmin şəxslərin adlarını açıqlayacağıq. Xatırladaq ki, qanunverciliklə bu əməllər cinayət tərkibli hesab edilir. Cinayət Məcəlləsinin 244-1 (qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə tənzimlənir. Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə – üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Redaksiyadan: Yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq