Departament rəhbərinin "qara mühasibatlığı"
Departament rəhbərinin bahalı maşın hədiyyələri və Cavid Qurbanova «cəbhə açmaq» kimi işləri üzə çıxmağa başlayıb
Xeberinfo.com: Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində (ADDYİ) ciddi qanunsuzluqların, hətta korrupsiya hallarının mövcudluğu barədə çeşidli məlumatlar yayılır. Arif Əsgərovun dövründən başlayan prosesin, elə yeni rəhbərliyin də dönəmində davam etdiyi vurğulanır.
Cavid Qurbanov Ziya Məmmədovun kadrlarıylı «mübarizə» aparır
Qeyd edək ki, idarənin hazırkı rəhbəri olan Cavid Qurbanovun vəzifə başına keçəndən sonra ilk işi nəqliyyat naziri Ziya Məmmədovun kadrlarıyla mübarizə aparmaqdan ibarətdir. Azad.Media-ya verilən məlumata görə, Arif Əsgərov dönəmindən vəzifə başında olan məmurların bir çoxunun işdən çıxarılması üçün bəhanələr hazırdır. Bəzilərinin məsələsi isə daha ciddi şəkil alacaq. Hətta həbslərin ola biləcəyi də mümkündür.
Məsələn, Dövlət Dəmir Yolu İdarəsinin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbəri Çingiz Məmmədovla Cavid Qurbanov arasındakı münasibətlər ən gərgin vəziyyətdədir. Məlumatlara əsasən Məmmədov artıq Qurbanovla işləməyin mümkün olmadığının fərqindədir. Lakin tutduğu məqamı əldən verməmək üçün müqavimətindən də qalmır. Azad.Media-ya verilən məlumata görə, departament rəhbərinin Ziya Məmmədovun «xas» adamlarından olması və nazirin lojistik dəstəyini alması onun vəzifədə bir qədər də qalmasını təmin edəcək. Ancaq bir şərtlə…
Çingiz Məmmədovu prokurorluq araşdıra bilər
Qeyd edək ki, departament rəhbərinin Cavid Qurbanovla münasibətlərinin gərginliyi onun təkcə işdən çıxarılması ilə deyil, haqqında araşdırma aparılmasıyla da yekunlaşa bilər. Azad.Media xəbər verir ki, Çingiz Məmmədovun araşdırılması məsələsinin Baş Prokuorluq tərəfindən həyata keçirilməsi idarə rəisinin təşəbbüsüdür. Çünki departament rəisinin indiyə qədər tikinti işlərində ciddi maliyyə pozuntularına, hətta sahibkarların pullarını mənimsəməsinə yol verməsi Qurbanov üçün də başucalığı gətirmir. Yəni, DDYİ-nin rəisi Arif Əsgərov dövründən qalma problemlərin onun üzərinə yüklənməsini arzulamır.
Elə bu səbəbdəndir ki, hazırkı məqamda Çingiz Məmmədov günlərdir işə çıxmır, aqibətinin necə olacağının qayğısını çəkir. Üstəlik, iş gördürüb, pulunu vermədiyi şəxslərlə görüşərək onların könlünü alır ki, sabah şikayətçi düşməsinlər. Lakin idarədə bunun tərsini düşünürlər və bildirirlər ki, departament rəhbəri yaxın günlərdə yola salınacaq. Hara və necə? Bu suallar hələlik açıq qalıb.
300-dən çox «ölü» canlı
Bildirək ki, Çingiz Məmmədov çox risqli biridir və onun gözündə qorxunun olmadığı təsəvvürü yaranır. Ona görə ki, böyük bir idarənin departament rəhbəri olan şəxs elə böyük risqlərə imza atıb ki, kimsə cəsarət edib bu addımları ata bilməzdi.
Azad.Media-ya daxil olan məlumatlara görə, departament rəhbəri dövlət pulları hesabına özünə kəhkəşan qurmaqla yanaşı, həm də sahibkarlara gördükləri işin müqabilini verməyib. Nəticədə, ortada bir neçə milyon manatlıq fərqin yarandığı ortaya çıxıb. Məsələn, Qubadan tutmuş Qazaxa qədər Ziya Məmmədovun xoşuna gəlsin deyə bir sıra tikinti işləri aparan Çingiz Məmmədov bu işləri görənlərin əlinin qabarına belə baxmayıb.
Əvəzində, departament rəhbəri rəhbəri olduğu qurumda 300 nəfər «ölü» canlı saxlayır. Onların əmək haqqlarının hamısını isə özünə götürməklə işini yekunlaşmış hesab edir.
Ortada başqa yeyinti halları da var. Lakin bu barədə bir qədər araşdırmaya gərək var. Bu araşdırmaya qədər isə Çingiz Məmmədovun Nabrandan tutmuş, ölkənin müxtəlif yerlərində inşa etdirdiyi villalar, evlərdən artıq xəbərlər gəlir. Onların fotoları da hazırdır. Növbti yazımışda böyük bir idarənin elə böyük bir departamentinin rəhbərinin «maaşı» ilə bu qədər imkana sahib olduğunu müzakirə edəcəyik.
İmkanın son həddi: maşın hədiyyələri
Çingiz Məmmədov böyük maliyyə imkanlarına malik olduqca, onu paylaşmağı da sevib. Amma işini görən sahibkarlarla, fəhlələrlə deyil, onun qara işlərini görənlərlə. Və ya haqqında bəy tərifləri deyənlərlə. Elə bu səbəbdəndir ki, departament rəhbərinin çox adama bahalı hədiyyələr etdiyi Dövlət Dəmir Yolu İdarəsində dillər əzbəridir.
Azad.Media-ya daxil olan məlumatlarda vurğulanır ki, Məmmədov rəhbəri olduğu departamentə bir xeyli əvvəl işə götürdüyü Pəri xanım sayəsində xeyli rahatlıq tapıb. Ona görə ki, Pəri xanım onun bütün işlərini ört-basdır etməkdən artıq böyük staj sahibi olub. Mühasibat işlərindən tutmuş, sahibkarlara ayrılan pulların «çax-çux» ediliəsi işinə qədər hər şeyi yoluna qoyan sözügedən xanım bunun mükafatını da alıb.
Məlumatlara görə, Pəri xanım gördüyü işlərin müqabilində Çingiz Məmmədov tərəfindən əvvəlcə avtomobillə mükafatlandırılıb. Ardından isə ona villa alınıb ki, bunun da görülən işlərin yüksək «keyfiyyətli» olması ilə əlaqəsi var.
«Rəhbər»in «qara mühasibat» işləri
Qeyd edək ki, hər bir idarə və müəssisədə mütləq vergidən və digər bu kimi işlərdən yayınmaq üçün «qara mühasibatlıq» olur. Elə Çingiz Məmmədovun da belə bir imkanı var və işlərin başına isə Göyçək xanımı təyin edib.
Mühasibat işlərinin əsas ustalarından sayılan Göyçək xanım, bir lətifdə olduğu kimi, 2X2-nin cavabı olaraq müdriyyətə «hansı rəqəmi istəyirsiz» bacarığına sahib olan biridir. Çingiz Məmmədovun «qara mühasibatlığını» aparan bu xanım, həm də indiyə qədər görülən işlərin müqavilələri və hesablaşmaların surətini əldə etməklə məşğul olur. Lazım gəldikdə isə borclu olduqları iş adamlarının üzünə duraraq, idarənin onlara borcu olmadığını deyir.
Pəri xanımdan fərqli olaraq, Göyçək xanıma nə kimi hədiyyələr verildiyi məlum deyil. Bilinən odur ki, Cavid Qurbanovun Çingiz Məmmədov və kadrlarına qarşı ciddi narazılığ var. Həmin narazılığın konkret olaran nə ilə nəticələnəcəyi bəlli deyil.
Redaksiyadan: Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.