“Azərinşaatservis” MMC-də 130 milyonluq mənimsəmə
«Xaçmaz layihəsi» adı altında pullar necə mənimsənilib?
Xeberinfo.com: Redaksiyamıza “Azərinşaatservis” MMC ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatda deyilir ki, Gəndob-Xaçmaz-Yalama-Rusiya avtomobil yolunun sement-beton örtüklə layihələndirilməsi və paralel olaraq tikintisi üzrə işlərin görülməsi məqsədi ilə Maliyyə Nazirliyindən “Azərinşaatservis” MMC-yə verilməsi üçün “Azəryolservis” ASC-yə 253 milyon manat köçürülüb.
Lakin həmin məbləğdən bu günə qədər “Azərinşaatservis” MMC-nin hesabına yalnız 170 milyon 166 min 655 manat (ƏDV ilə birgə) köçürülüb. Qalan 82ÿmilyon 833ÿmin 345 manat isə “Azərinşaatservis” MMC-nin hesabına daxil olmayıb. “Azərinşaatservis” MMC-nin rəhbəri Bülənt Karani “Azəryolservis” ASC-nin zəmanət məktubu ilə həmin ərəfədə, yəni 2010-cu il sentybarın 9-da 10 milyon manat, noyabrın 11-də 9,5 milyon manat, noyabrın 19-da isə 15 milyon manat kredit alıb. Həmin məbləğləri dərhal Kapital Bankın “Rabitə” filialında nəğdləşdirib.
Kreditlər alındıqdan bir neçə gün sonra “Azəryolservis” ASC həmin məbləği banka geri ödəyib. “Azəryolservis” ASC-nin keçmiş rəhbərliyi kredit üçün ödənilmiş ümumilikdə 34,5 milyon manatın Xaçmaz layihəsinə aid olduğunu və qeyd olunan 253 milyon manatdan ödənildiyini iddia edir. Lakin “Azəryolservis” ASC zamin kimi çıxış etsə belə kredit borcu “Azərinşaatservis” MMC-nin hesabına köçürülməli və oradan ödənilməli idi. Məlumata görə, kredit yolu ilə vəsaitin nəğdləşdirilməsinin əsas səbəbi 5 mln. ƏDV-dən yayınmaq olub. Həmin vəsait layihə üzrə “Azərinşaatservis” MMC-yə köçürülərək nəğdləşdirilərdisə, dövlətə 5 milyon manat ƏDV ödənilməli idi. “Azəryolservis” ASC-nin keçmiş rəhbərliyi 253 milyon manatdan qalan 48,3 mln vəsaitin Xaçmaz layihəsi üçün “Azəryolservis” ASC-nin 1 saylı Idarəsinə köçürüldüyünü bildirir. Həmin dövrdə 1 saylı Idarənin rəisi olmuş hazırda “Azəryolservis” ASC-nin sədri vəzifəsini icra edən Saleh Məmmədov isə bildirib ki, bu miqdarda vəsaitin Idarəyə köçürülüb, lakin həmin vəsaitin təyinatı ölkə daxili yolların saxlanılması və təmirindən ibarətdir. Onun sözlərinə görə, bu vəsaitin Xaçmaz layihəsinə yönəldilməsi mümkünsüzdür.
Eyni zamanda məlum olub ki, Bülənt Karani şirkətə rəhbərlik etdiyi dövrdə Xaçmaz layihəsi üzrə 122 milyon manat vəsait daxil olub. Bülənt Karani şirkəti təhvil verərkən görülmüş işlər 93 milyon manat miqdarında göstərilib. Lakin aparılmış audit yoxlaması nəticəsində ümumilikdə 74 milyon manat miqdarında işin görüldüyü və nəticədə 48 milyon manat vəsaitin mənimsənildiyi məlum olub. Ümumilikdə 253 milyon manat vəsaitdən 130 milyon AZN-dən artıq vəsait mənimsənilib.
Bununla yanaşı məlum olub ki, Xaçmaz layihəsinin başlanılması üçün “Azərinşaatservis” MMC-yə 118ÿ milyon 801 minÿ 678 manat avans ödənilməli idi. Maliyyə Nazirliyi həmin avansının ödənilmədiyini bildirsə də, şirkətdən 22ÿ852ÿ983 manat avansdan geri tutulma olub. Avans barədə Maliyyə Nazirliyi rəsmi məlumat verməməklə ödənilən vəsaitin mənimsənildiyini gizlətməyə çalışır.
Məlumatların təhlili göstərir ki, Maliyyə Nazirliyinin dəstəyi olmadan qeyd olunan maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkün deyil. Belə ki, dövlət büdcəsindən ayrılmış bütün xərclər və ödəmələr Maliyyə Nazirliyinin birbaşa nəzarəti altında həyata keçirilir və vaxtaşırı yoxlamalar aparılır, rüblük və illik hesabatlar tərtib olunur. Qanunsuz olaraq xərclərin təyinatının dəyişdirilməsi və bir ay müddətində lüzumsuz olaraq 34,5 mln manat kreditin alınması, nəğdləşdirilməsi və qaytarılması, ayrılmış məqsədli vəsaitin kredit borclarının ödənilməsinə yönəldilməsi Maliyyə Nazirliyinin razılığı olmadan qeyri-mümkündür. Hazırda DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində aparılan araşdırma prosesinə maliyyə məsələlərinin yoxlanılması üçün Maliyyə Nazirliyinin ekspertləri cəlb olunub. Qeyd olunan qurum məsələdə maraqlı tərəf olduğundan cəlb olunmuş mütəxəssislər vəsaitlərin mənimsənilməsi məsələsini araşdırmır və cinayət əməllərini gizlədirlər.
Qeyd olunan külli miqdarda mənimsəmə faktları yalnız Xaçmaz layihəsinə aiddir. Müstəqil auditor qurumları tərəfindən araşdırma aparılarsa, Maliyyə Nazirliyinin köməkliyi ilə külli miqdarda mənimsəmə hallarının “Azərinşaatservis” MMC-nin həyata keçirdiyi digər layihələrdə də baş verdiyini aşkar etmək mümkündür.
“Azadlıq”