Biznesmenlərə qənim kəsilən "Transservis" MMC şirkəti
İş adamı ölkəyə gətirdiyi malını rəsmiləşdirə bilmir. Ondan qanunsuz olaraq pul tələb edirlər.
"Xeberinfo.com": Məlumata görə, musavat.com-un redaksiyasına müraciət edən iş adamı, KENA MMC-nin sahibi Elçin Rzayev bildirib ki, bir aydır ölkəyə gətirdiyi şüşə məmulatları Sumqayıt gömrük idarəsində saxlanılıb. Səbəb isə vaqonlarda olan şüşə məmulatlarının rəsmiləşdirilməməsidir.
Elçin Rzayevin sözlərinə görə, malların rəsmiləşdirilməsi üçün ondan 50 min manatdan çox pul tələb edirlər: "Rusiyadan Azərbaycana qatarla şüşə məmulatları gətirmişəm. İndi isə məni Sumqayıt gömrüyündə incidirlər. Şikayət də etmişəm, amma faydası olmayıb. Vaqonlardakı malımı götürə bilməyim üçün gərək gömrük bunu rəsmiləşdirsin. Onlar da bunu etmirlər. Rəsmiləşdirmə işləri üçün məni "Transservis" MMC-yə göndərdilər. Orada da məndən 50 min manatdan çox pul tələb etdilər. Mən bu pulu necə verim? Mənə deyir ki, "bu pulu verməsən, faydası yoxdur, istəyirsən bank hesabı verim, get, pulu oraya köçür". Sumqayıt gömrüyündə isə deyirlər ki, "bu işə biz qərar vermirik, bu adamların razılığı olmasa, sən mallarını götürə bilməyəcəksən". Belə şey olar?"
İş adamı deyir ki, ona hər gün 200 manat cərimə yazılır: "Vaqonlar dəmiryolunda sentyabrın 20-dən dayanıb. Ona görə də, hər gün mənə, KENA MMC-nin direktoru Elçin Rzayevə 200 manat cərimə yazılır. Bu yolla mənə ikiqat ziyan dəyir".
İş adamının şikayəti əsasında adıçəkilən "Transservis" MMC haqqında kiçik araşdırma apardıq. Məlum oldu ki, bu şirkət gömrük brokeridir. Şirkət uzun zamandır fəaliyyət göstərir və bu şirkət sayəsində gömrükdə pul "yeyintisi" ilə məşğul olurlar. Şirkətin rəsmi internet səhifəsində MMC-nin fəaliyyəti ilə bağlı məlumat verilib. Amma hər şey yazıldığı kimi deyil.
Şirkətin rəsmi məlumatına inansaq, bu şirkət 2010-cu ildən etibarən gömrük brokeri qismində fəaliyyətə başlayıb. Şirkət müştərilərə, yalnız gömrük ərazisində rəsmiləşdirmə deyil, həmçinin gömrük rəsmiləşdirilməsi üçün lazım olan dövlət orqanlarının icazələrinin tərtib edilməsində yardımı özündə birləşdirən gömrük-broker xidmətləri kompleksini təklif edir. "Transservis" MMC sahibkara gömrük rüsumlarını, həmçinin yüklərin rəsmiləşdirilməsi ilə bağlı digər ödənişləri əvvəlcədən hesablamaqda yardım göstərir.
Amma vəziyyət tam başqadır. Burada yazılanlar müştərilərə, yəni biznesmenlərə bir təklifdir. Yəni kim istəsə bu xidmətdən istifadə edə bilər. Amma həqiqətdə vəziyyət tam başqadır. Sahibkar bu şirkətlə işləməyə məcbur edilir.
Məsələn, səhifədə yazılıb ki, müştəri və gömrük brokeri arasında münasibətlər müqavilə əsasında qurulur. Amma əslində heç bir könüllü müqavilədən söhbət belə gedə bilməz. Sahibkarın əlində bu şirkətlə anlaşmaqdan başqa heç bir yol yoxdur. Çiyinlərinə ulduz taxan Sumqayıt gömrüyünün əməkdaşları "Bizlik deyil. Şirkətlə razılaş, sonra gəl" deyirlər. Sahibkar da məcbur olaraq bu şirkətin ondan tələb etdiyi minlərlə manatı ödəməli olur. Ödəmə gecikdikcə sahibkar Sumqayıtın Dəmiryol Vağzalı tərəfindən cərimə edilir. Bu formada sahibkara təzyiq edilir və o, məcbur qalıb, razılaşır.
Bundan sonra isə, dövlət rüsumundan artıq pul ödəyən sahibkar, ölkəyə gətirdiyi məhsulu 2-3 dəfə baha satmağa məcbur qalır. Bu da ölkədə bahalaşmaya səbəb olur. Bir neçə nəfər bu yolla daha varlanır, kasıblar isə daha da kasıblaşır.
Bəhs etdiyimiz şirkətin rəsmi saytında bunlar da qeyd edilib: "Gömrük brokeri - fəaliyyəti Azərbaycan Respublikasının gömrük sərhədi vasitəsilə malları keçirən şəxsin tapşırığı ilə və onun hesabına öz adından malların gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatarın həyata keçirilməsindən və gömrük prosedurlarını həyata keçirən zaman digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarət olan, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış kommersiya təşkilatıdır.
Müştəri və gömrük brokeri arasında münasibətlər müqavilə əsasında qurulur. Belə müqavilədə müştəri gömrük brokerinə öz adından, lakin müştərinin hesabına malların gömrük rəsmiləşdirilməsi üzrə bir və ya bir neçə əməliyyatların həyata keçirilməsini tapşırır."
Bu, şirkət haqqında ilk şikayət deyil. Bir çox iş adamları eyni vəziyyətlə qarşılaşıblar. Adıçəkilən şirkət birmənalı olaraq sahibkarların bizneslərinə böyük ziyan vurur. Bu yolla da ölkədə bahalaşmaya şərait yaradılır.