OLİQARXLAR KÖHNƏ KORRUPSİYA MEXANİZMİNİ CANLANDIRIR
Hər 100 yeni şirkətin 28-i büdcə fırıldaqlarının iştirakçısına çevrilir
"Xeberinfo.com": Adı dövlət büdcəsi vəsaitlərinin istifadəsi pərdəsi ilə qurulan şübhəli tender oyunlarında deşifrə olunmuş şəxslər yenidən dövriyyəyə buraxılır. Adını çoxlarının eşitmədiyi bir cənub kəndində çox qısa müddətdə eyni şəxsin direktor vəzifəsini daşıdığı 59 şirkət peyda olur.
Amma ümumi daxili məhsulu 3 milyard ABŞ dollarını aşan Naxçıvan Muxtar Respublikasında ilin əvvəlindən 1-2 yeni şirkət yaranıb, ya yox… Bu təzadlı vəziyyətə rəsmi qurumlar heç bir izah vermirlər. Ekspertlər isə bunun arxasında çox primitiv korrupsiya sxeminin gizləndiyini deyirlər.
Astaranın Ərçivan kəndi - Şirkətlərin “şitilliyi”
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat orqanı olan Vergilər Nazirliyi bu ilin mart-aprel aylarında yaradılaraq dövlət qeydiyyatına alınan şirkətlərin siyahısının açıqlanmasını yekunlaşdırıb. “Azadlıq” Radiosunun statistik təhlili göstərir ki, martda 376, apreldə isə 592 hüquqi şəxs yaradılıb.Qeydiyyat ünvanlarının eyniliyi, təmsilçilərinin təkrarlanması amillərinə əsaslanaraq demək olar ki, bu şirkətlərin ən azı 276-sı və ya 28,5 faizi büdcə vasaitlərinin ənənəvi sxem üzrə silinməsi üçün indidən növbəyə dayanıb.
Astaranın Ərçivan kəndini şirkətlərin “şitilliyi” adlandırmaq olar. İki ay ərzində bir və ya bir neçə şəxsin yaratdığı şirkətlərin 47-si burada qeydiyyatdan keçib. Bu müddətdə ölkədə yaradılan şirkətləin 129-na cəmi 4 nəfər rəhbərlik edəcək. “Sahibkarların” bu kəndə axının arxasında münbit iş mühitinin olduğunu düşünmək sadəlövhlük olardı. Belə ki, bu tip şirkətlər bir qayda olaraq yerlərdə özəl biznesin formalaşmasında qətiyyən iştirak etmir, yalnız dövlət sifarişlərində “ixtisaslaşırlar”.
“Birgünlük” şirkətlərin başına gətirilənlər
Telman Elxan oğlu Qasımovuniştirakı ilə yaradılmış 18 şirkətin qeydiyyat coğrafiyası ölkənin üç regionunu əhatə edir. Ərçivan qəsəbəsindən başqa onun rəhbərlik etdiyi şirkətlərin ünvanları arasında Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 23A və Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ev 100 də var. Astara rayonunun üç kəndində (Ərçivan, Pensər və Maşxan) qeydiyyatdan keçən 29 şirkətə isə Baharə Binəli qızı Fətəliyeva direktor təyin edilib.
Amma mart-aprel aylarının simvolik rekordçusu Əliabbas Ağabəy oğlu İmanovdur.Onun çiyninə 59 şirkətin “sənədlərini daşımaq” düşüb. Şirkətlərin bir ünvanı var: Lənkəran rayonu, Vilvan kəndi.
Bir çox cavabsız suallara cəbəb olmuş dövlət satınalmalarında adı hallanan Şamil Ramazan oğlu Qandayev yenidən “birgünlük” şirkətlərin başına gətirilib.
“Turan” İA-nın təhlillərinə əsasən, 2013-cü ilin noyabr ayının 18-dən 2014-cü ilin yanvar ayının 9-dək bu şəxs 36 şirkətə direktor təyin edilmişdi. Bu, onun formal direktor vəzifəsi daşıdığı şirkətlərin heç də hamısı deyil. Mətbuatda onun rəhbər vəzifə tutduğu bir çox şirkətin məbləği bir neçə milyon manat olan dövlət satınalmalarında qalib gəlməsi haqda bundan öncə az yazılmayıb.
Amma görünən odur ki, sirli şirkət “istehsalçıları” hələ də onun xidmətlərindən istifadə edirlər. Mart-aprel aylarında rəhbərliyi Şamil Qandayevə həvalə edilmiş 23 şirkət yaranıb. Onların qeydiyyat ünvanı kimi isə Astaranın “işgüzar mərkəzi” olan Ərçivan qəsəbəsi və Lənkəran şəhəri, Qala xiyabanı,8, mənzil 31 ünvanı seçilib.
Maraqlıdır ki, 40 yaşı Balakən sakini çoxsaylı şirkətlərə başçılıq etməklə kifayətlənmir.Vergilər Nazirliyin məlumatına görə o, həm də fərdi sahibkardır (VÖEN 3800497182).
Müşahidəçilər deyirlər ki, eyni şəsxlərin çoxsaylı şirkətlərə rəhbər təyin edilməsi tender mafiyasının kadr potensialının tükənməsinin göstəricisidir. Daha çox şəxsin bu cür oyunlara cəlb olunması, piramidanın çöküşünə gətirib çıxara biləcək informasiya sızıntısına yol aça bilər. Görünür, kiçik muzdla təhlükəli işlərə qol qoyan adam tapmağın özü də çətinləşib.
Saxta şirkətlərin axrasında dayanan qüvvələr
İqtisadçı ekspert, “Respublikaçı Alternativ” Hərəkatının İdarə Heyətinin üzvü Rövşən Ağayev Azadlıq radiosuna deyib ki, büdcə vasaitlərinin ənənəvi yolla, yəni kiçik şirkətlər yaradaraq vəsaitlərin bir kanalla xırıd edilməsi bu işi həyata keçirən şəxslərin çox ciddi təxəyyül böhranından xəbər verir. “Artıq neçə vaxtdır ki, bu sxem mediada tutarlı faktlarla ifşa edilib. Amma bir şey danılmazdır ki, qurulan sxem də işləkdir və tender dəllalları yeni metodlar tapanadək ondan imtina edə bilmirlər”, deyə ekspert bidirir.
“Bəs ictimai vəsaitlərdən nə üçün bu cür qeyri-şəffaf şirkətlərdən istafadə olunur” sualının cavabında R. Ağayev bildirib ki, satılama qiymətləri şişirdildiyindən büdcə vəsaitlərinin istifadəsində proksi şirkətlər göydəndüşmədir, onların vasitəsilə satın alınam mal, iş və ya xidmətin xaraktiri və həcmindən aslı olaraq 20 faizdən başlayaraq 50 faizədək “otkat” almaq mümkündür. Sanballı şirkətlər isə bu cür qeyri-ciddi tenderlərə çoxdandır qatılmırlar.
Saxta şirkətlərin axrasında dayanan qüvvələrdən söz açan ekspert hesab edir ki, bunlar həm yerli, həm də mərkəzi səviyyədə himayə olunur. “Mən onlara tapşırılmış vəsaitlərin istifadə olunmasında adı gedən proksi şirkətlərin dövlət qurumlarında birinci şəxslər tərəfindən qanad altına alındığı fikrində deyiləm. Amma bu da danılmaz reallqdır ki, onların məlumatı olmadan bu cür proseslər baş verə bilməz”. Rövşən Ağayev belə düşünür.
Müşahidələr göstərir ki, proksi şirkətlər iqtisadi dəyər yaratmır. Onlar iş yerləri açmır, istehsal fəaliyyəti ilə məşğul olmur, yalnız büdcə vəsaitlərinin müəyyən sxem əsasında nağdlaşdırılması işində istifadə olunurlar.
İqtisadçı bu cür neqativ halların qarşısını ala biləcək “hüquqi resept” də verir. O, “Azadlıq” radiosuna deyib ki, dövlət satınalmalarına yalnız özəl biznesdə müəyyən təcrübə qazanmış fiziki və hüquqi şəxslər buraxılmalıdır. “Büdcə vəasitlərinin istifadə edilməsinə iddialı olan şirkətlər üçün “yaş senzi” tətbiq edilməlidir. Bu, işin xarakteri və smeta qiymətindən asılı olaraq 1 ildən 5 ilədək dəyişə bilər. Sahibkarlıq mühitində “bərkiməmiş”, dünən sənəd qovluğunu əlinə alan şirkətin asanlıqla büdcə vəsaitlərinə yaxın buraxılması yalnız korrupsiya sxemlərini əxz etmiş bir qrup məmurun işinə yarıyır”.
Oliqarrxların büdcə vəsaitini talayıb, “izini itirmək” mexanizmi
Onu da qeyd edək ki, bu cür şirkətlər oliqarxların birbaşa nəzarəti altında onların yaxınları tərəfindən dövlət vəsaitlərinin daha asan şəkildə korrupsiya yolu ilə talanması üçün yaradılır. Bu barədə “AzPolitika.info”da yazılar verilib(BAX: “OLİQARXLARIN 100 MİLYONLARI TALAYAN ŞİRKƏTLƏRİ LƏĞV OLUNUR” və “BİR OLİQARX NAZİRİN 141 ŞİRKƏTİ LƏĞV EDİLDİ” başlıqlı yazılara).
Ekspertlər, eləcə də dövlət nəzarət orqanlarının nümayəndələri deyirlər ki, qanunvericilikdəki müəyyən boşluqlar haradan idarə olunduqları məlum olmayan bu cür şirkətlərin əl-ayaq açmasına şərait yaradır.
“Azadlıq” radiosunun təkcə Lənkəran və Masallı rayonlarının kəndlərində bir neçə şəxs tərəfindən yaradılan və qeydiyyatdan keçdikləri ünvanlara heç bir bağlılığı olmayan bu şirkətlərin(siyahı burda) maraqlı “uğur hekayələri” var: dövlət qeydiyyatına alındıqdan az sonra dövlət satınalmalarına qatılır və irili-xırdalı, bəzən xarakterinə görə diametral fərqli müsabiqələrin qalibi olurlar.
Söhbət Satınalmalar üzrə Dövlət Agentliyinin (SDA) açıqladığı ən azı 123 kotirovka və tenderdən (siyahı burda)gedir. Satınalan təşkilatlar əsasən rayon təhsil, səhiyyə, mədəniyyət şöbələri, yerli icra hakimiyyətləri və icra nümayəndəlikləri, xəstəxanalar və Dövlət Sərhəd Xidmətinin hərbi hissələridir.
Bu sifarişləri yerinə yetirmək üçün həmin şirkətlər ölkənin “başından vurub, ayağından çıxmalı” olublar.
Hər halda hesabatlardan belə nəticə hasil etmək olar. Yerinə yetirilən işlər arasında cari və əsaslı təmir işlərindən tutmuş, müxtəlif avadanlıq, inventar və ləvazimatın alınmasınadək müxtəlif işlər var.
Dövlət satınalmalarından başqa adı heç yanda çəkilməyən bu şirkətlərin ləğv edilməsi cəhdini isə mütəxəssislər “izin itirilməsi” istəyi ilə əlaqələndirirlər. Müşahidələr göstərir ki, onların yerini yeniləri tutur.
Bu korrupsiya mexanizmini geniş ictimaiyyətdən gizlətmək, mənimsənilən vəsitlərdən daha az çevrənin xəbərdar olmasını və pay almasını saxlamaq, eləcə də bu kimi başqa səbəblərdən “qısaömürlü” saxta şirkətlər adətən eyni adamların adına yaradılır. Azərbaycan yəqin yeganə ölkədir ki, burda adına şirkət açmaq üçün “ixtisaslaşmış kadrlar” var. Bu da anoloqsuz olduğumuzun növbəti sübutu!
AzPolitika.info