Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Xəstə bizi görən kimi durub qaçdı, dedi dəli anamdır, ona iynə vurun”



 

“Qapıdan içəri girən kimi qışqırmağa başladı ki, atamı sağaltmalısan, tez ol iynə vur. Kişi çoxdan keçinmişdi, sadəcə, ailəsi qəbul etmək istəmirdi. Baxdım ki, oğlu əlində stul məndən cavab gözləyir. Ölüm xəbərini verən kimi stulu başıma çırpacaqdı. Məcbur olub xəstəxanaya apardıq, orada həkimə vəziyyəti başa saldım. Xəstəxanada öldüyünü təsdiqlədilər. Yaxınları əvvəlcə təcili yardım maşınının şüşələrini, güzgüsünü, sonra da xəstəxananın pəncərələrini sındırdılar...”

Yenixeber.org: Bunu Suraxanı rayonu 11 saylı təcili yardım stansiyasının həkimi Zülfiyyə Tağızadə deyir. Hadisə təxminən 15 gün əvvəl baş verib. Həkimə hücum edən xəstə yaxınları təcili yardım maşınına ciddi ziyan vurub.

Daha bir hadisə bu ayın əvvəlində Samuxda qeydə alınıb. Avtomobil qəzası baş verib və əraziyə gedən həkimlər yaralıların yaxınları tərəfindən döyülüb. Təcili yardım maşınının şüşəsini sındırılıb, maşını aşırmağa cəhd ediblər.

Müşahidələr göstərir ki, son vaxtlar təcili yardım işçilərinin döyülməsi halları artıb. Xəstə ölümünə görə həkimlər ittiham olunur, çağırış yerinə gec çatanda döyürlər, təhqir edirlər, üstəlik, təcili yardım maşınlarına zərər vururlar.

Bəs həkimlər niyə döyülür? Həkimlərin döyülməsi, təhqir edilməsinin qarşısını necə almaq olar?

Virtualaz.org saytının əməkdaşları Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva və döyülmüş həkimlərlə söhbətləşiblər.

“Gördüm ölüb, qorxudan deyə bilmədim”

Zülfiyyə Tağızadə başına gələnləri danışır: “Suraxanı rayonu, Əmircan qəsəbəsinə çağırışa getdik. Biz çatanda xəstə artıq ölmüşdü. Otaq adamla dolu idi, hamı qışqırırdı. Oğlu dedi ki, bu dəqiqə iynə vur, ayılsın. Soruşuram ki, xəstəliyi nədir, nədən əziyyət çəkirdi? Deyir ki, xəstəliyi nəyinə lazımdır, sən iynə vur. Axı mən xəstəliyi öyrənmədən iynə vura bilmərəm. Stulu götürüb üstümə hücum çəkdi. Gördüm ki, bu vəziyyətdə çıxış yolu yoxdur, xəstəxana və stansiyaya məlumat verdim, xəstəxanaya apardıq”. Xəstəxanada ölüm xəbərini eşidən yaxınları əvvəlcə həkimi söyüb, sonra maşının şüşəsini, güzgüsünü sındırıblar.

 

“Həkim çağırıblar ki, uşaq ayaqyoluna gedəndə ağlayır”

Həkim deyir ki, əsassız çağırışlarla tez-tez qarşılaşırlar. “Hövsandan çağırış gəlib, ana deyir ki, bayaq uşaq ayaqyoluna gedəndə ağladı. Oturub gözləyin, indi ağlasa, səbəblərini tapın. Bizim çağırışa getməmək və ya kömək etməmək səlahiyyətimiz yoxdur. Anaya başa salıram ki, bu həkimin işi deyil, bizim işimiz xəstələri ağır vəziyyətdən çıxarmaqdır. Bəlkə də o vaxt hansısa ağır xəstə həkim gözləyirmiş”, - Z.Tağızadə söyləyir.

Həkimin sözlərinə görə, maarifləndirmə işi aparılsa da, çoxları təcili yardım həkimlərinin işini bilmir. “Ruhi xəstə üçün çağırışa getmişik, yaxınları deyir ki, neçə saatdır yorğanın altından çıxmır. Xəstə bizi görən kimi durub qaçdı, dedi dəli anamdır, ona iynə vurun. Ana ilə bala bir-birini söyməyə başladı”.

 

Nə küçə var, nə də qeydiyyat…

Digər həkim isə adının yazılmasını istəmir. Deyir ki, fərqi yoxdur, onsuz da təcili yardım stansiyasında çalışan bütün həkimlərin bir günü bir ilə bərabərdir. Hər 5-6 ailədən birində aqressiv rəftarla üzləşirlər: “Bakıətrafı qəsəbələrdə ünvan yoxdur, çünki əksəriyyəti qeyri-qanuni tikilidir. Baxırsan ki, küçələr bir-birinə bənzəyir. Zəng vuranda deyirlər ki, marketin qarşısına gəlin, baxırıq ki, həmin küçədə təsvir edilən kimi bir neçə market var. Xüsusilə, gecələr çətinlik çəkirik, heç kim olmur ki, soruşa-soruşa gedək”.

Həkim ölüm hadisələri zamanı təhqir edildiklərini söyləyir. “Xəstə ölmüşdü, yaxınları qolumdan tutub başıma vurdular. Ölənin həyat yoldaşı söydü, qarğış etdi”.

Həkim əlavə edir ki, bəzən elə çağırışlar olur ki, bilmirsən güləsən, ya ağlayasan. “Qıcolma çağırışı ilə getmişik, baxdıq ki, yalan deyiblər. Xəstə deyir ki, dabanım qaşınır, yuxuya gedə bilmirəm, iynə vurun rahat yatım”.

 

“Bəzən qapını bağlayıb həkimləri buraxmırlar”

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva isə söyləyir ki, həkimlərə qarşı aqressiv münasibət daha çox xəstə dünyasını dəyişəndə olur. Yaxınları həkimləri günahlandırırlar, sanki həkim ölü diriltməyə qadirdir. Fərdi yaşayış evlərində çox zaman ünvan olmur, həkim ünvan axtarışında vaxt itirir. Sonra da həkimi ünvana gec getməkdə ittiham edirlər. “Onsuz da, həkim mənzili tapana qədər stres keçirir, evdə də kobud rəftarla qarşılaşır. Bəzən olur ki, hədələyirlər, xəstəyə yaxın getməyə imkan vermirlər”, - İ.Əliyeva deyir.

İradə Əliyevanın sözlərinə görə, çox zaman xəstənin yaxınları həkimə “Əgər ölüb desən, gör sənə nələr edəcəyik” deyib hədələyirlər. Buna görə də, həkimin ölsə belə adamı xəstəxanaya aparmaqdan başqa çarəsi qalmır: “Həkim onsuz da xəstə ölmüş olsa belə, reanimasiya tədbirlərinə başlayır, süni nəfəs verir. Ölüm baş verdikdən sonra həkim təzyiq edəndə ciyərlərdə hava qaldığı üçün xəstə yaxını onun nəfəs aldığını, yaşadığını düşünür. Bəzən həkim xəstənin öldüyünü söyləyəndən sonra yaxınları “dirilt” deyə məcbur edirlər. Əgər ölünü diriltmək belə asan olsaydı, bir iynə ilə hamı sağalardı”.

 

Həkimi niyə təhqir edirlər?

Baş həkimin müavini söyləyir ki, həkimlərə edilən hücumlarla bağlı polisə, Baş Prokurorluğa müraciətlər edilib. Buna görə də, son vaxtlar döyülmə faktları azalıb. Amma həkimə hücum etməsələr də, təhqiramiz sözlər söyləyirlər, avadanlıqlara zərər vururlar. “Bəzən isə həkim xəstənin otağına girəndə qapını kilidləyib, getməsinə icazə vermirlər. Bu zaman həkim mərkəzi stansiyaya zəng edir, polis çağırırlar. Əgər həmin ünvanda belə hadisə bir neçə dəfə təkrarlanırsa, artıq həkim o ünvana polislə birlikdə gedir”.

İ.Əliyeva deyir ki, həkimlər təhqir olunduqları zaman polisə şikayət etmirlər, çünki xəstə yanınlarını anlayışla qarşılayırlar. Amma bəzən, əksinə, xəstələr həkimlərdən şikayətçi olurlar, yəni haqlıykən haqsız duruma düşürük.

Onu da qeyd edək ki, təcili yardıma işə qəbul edilən həkimlər psixoloji yoxlamadan keçirlər. Stansiyada pxisoloq var, həkimlərə daim xəstələrlə davranış və həkimin düşdüyü vəziyyətdən çıxış yolları ilə bağlı məsləhətlər verilir.

 

Bomjlar da problem yaradırlar

Bomjlar da təcili yardım həkimlərinə problem yaradırlar. Yaşayış yeri olmayan bu şəxslər üçün ətrafdakılar həkim çağırırlar. Həkimlər söyləyirlər ki, bomjlar kömək etməyə imkan vermirlər, bəzən polisin müdaxiləsi olmadan onlara yaxınlaşa bilmirlər. “Hövsanda yolun kənarında sahibsiz şəxs yaralanmışdı. Düz bir saat yardım göstərməyə imkan vermədi, məcbur olub polis çağırdıq”, - Zülfiyyə Tağızadə deyir.

İradə Əliyeva isə söyləyir ki, gündüz saatlarında bomjlar stansiyada sanitar təmizləmədən keçirilir, paltarları dəyişilir. Hər təcili yardım maşınında təmiz xalat var. Sonra kimsəsiz xəstəni travmatoloq, toksikoloq, cərrah yoxlayır, ağciyərləri müayinə edilir. Xəstəlik, məsələn, vərəm aşkarlanarsa, Ağciyər Xəstəlikləri İnstituna aparırlar. Bundan əlavə, Bakı Səhiyyə İdarəsinin tərtib etdiyi cədvəl var, xəstəxanalar arasında növbə müəyyənləşdirilib. Hər gün bir xəstəxana bomj qəbul edir, müalicəyə başlayırlar. Təcili yardım həkimi bomjun bütün müayinələrində onu tək qoya bilməz.

Səhiyyə Nazirliyindən deyirlər ki, xəstələr kimi həkimlərin də hüquqları var. Buna görə də, hər bir vətəndaş bilməlidir ki, həkimə əl qaldırmaq, təhqir etmək olmaz. Biz xəstə yaxınlarının ağrısını başa düşürük, amma bu, həkimə hücum etmək üçün əsas deyil. Həkimlərə təhqir olunduğu, döyüldüyü üçün hüquq-mühafizə orqanlarına müraciət etmələrini məsləhət görürük. Qeyd edək ki, həkimlərin qorunması ilə bağlı təkliflər də hazırlanıb.

…Qapının arxasında bizi nə gözlədiyini bilmirik. Hər dəfə yola düşəndə tək bir istəyimiz olur, təki salamatlıq olsun”, - həkim çağırışa tələsir…

Ülviyyə Xudiyeva

Foto Samirə Həsənovanındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam