Bu şəxslər avtobus sürücüsü ola bilməyəcək– Hüquqşünas
Məhkumluq həyatı yaşamaları onların işdən uzaqlaşdırılmasına əsas vermir. Sadəcə, işə götürəndə həmin insanları araşdırmaq lazımdır. BNA-nın yaydığı məlumat o deməkdir ki, həmin 461 nəfərin hansı səbəblərdən məhkum olunduğu araşdırılacaq və qərar veriləcək
Yenixeber.org:Bu sözləri açıqlamasında hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov BNA-nın 461 avtobus sürücüsünün əvvəllər məhkumluq həyatı yaşayan şəxslər olması ilə bağlı məlumatına aydınlıq gətirərkən deyib. O bildirib ki, məhkumluq həyatı yaşayan bütün şəxsləri bu peşədən uzaqlaşdırmağa ehtiyac yoxdur. Onların törətdiyi cinayətin növündən asılı olaraq işdən uzaqlaşdırılması ilə bağlı qərar verilə bilər:
“Azərbaycanda hər il bir neçə min adamın məhkumluğu olur. Hazırda ölkəmizdə əvvəllər məhkumluq həyatı yaşamış minlərlə adam bir sıra əhəmiyyətli vəzifələrdə çalışır. Bu barədə xüsusi proqram var ki, məhkumluq həyatı yaşamış insanları cəmiyyətə adaptasiya etmək lazımdır. Törətdiyi əmələ görə həbs olunsalar da, cəzalarını çəkiblər və əməllərindən peşmandırlar.
Hüquqi baxımdan şəxsin məhkumluğunun olması onun sürücü ola bilməyəcəyi mənasına gəlmir. Belə bir qayda yoxdur. Yalnız şəxs ağır yol nəqliyyat hadisəsi törədib sürücülük hüququndan məhrum edildiyi faktı aşkarlanırsa, o avtobus sürücüsü ola bilməz”.
Ekspertin sözlərinə görə, əvvəllər həbs olunan sürücülərə yanaşma 3 cür ola bilər:
“Ola bilsin, 461 nəfərin içərisində elə adamlar var ki, sürücü olmağı məqsədə uyğun deyil. Bu qrupa keçmişdə ağır yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində məhkumluq həyatı yaşayan, ağır cinayət törətmiş və narkotik maddələrin dövriyyəsi ilə məşğul olan şəxslər daxildir. Çünki avtobus sürücülüyü ictimai xarakterli işlərdən sayılır. Bu şəxsləri avtobus sürücüsü kimi fəaliyyət göstərə bilməsə də, başqa işlərə yönləndirmək olar. İkinci qrupa 10-15 il əvvəl oğurluğa görə məhkum olunan şəxsləri aid etmək olar. Onlar cinayət törətsələr də, cəzasını çəkib, dərsini alıbsa, xüsusi nəzarət altında işləməyinə icazə verilə bilər. Belə şəxsləri avtobus sürücüsü kimi işlətmək təhlükəli deyil. Üçüncü qrup isə əvvəllər banklara olan borcuna görə məhkumluğu olan şəxslər ola bilər. Çünki onlar məhkum olunduğu əmələ görə təhlükəli hesab edilmir və nəzarət etməyə də ehtiyac yoxdur.
Bütün hallarda sürücünü işə götürən şəxs həmin yoxlamaları aparmalı idi. BNA-nın kimisə işə götürmək və ya işdən çıxarmaq kimi səlahiyyəti yoxdur. Bu səlahiyyət daşıyıcı şirkətlərə aiddir”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov 3008 avtobus sürücüsündən 461-nin məhkumluq həyatı yaşadığını deyib. O, bu məsələ ilə əlaqədar daşıyıcılarla birgə araşdırma aparılacağını və məhkumluğun növünə görə yekun qərar qəbul ediləcəyini bildirib.