Suya qərq olan Bakı, susan icra hakimiyyətləri
Son günlər Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunur. Yağan intensiv yağış nəticəsində Bakı şəhərinin bəzi yollarında problemlər yaranıb.
Yenixeber.org: Report yaranan problemlərin aradan qaldırılması istiqamətində görülən işləri öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və rayon icra hakimiyyətlərinə müraciət edib.
BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova başda olmaqla, bir neçə icra hakimiyyətinin müvafiq şöbələri telefonlara cavab verməyib. Telefonun dəstəyini götürənlərin bir qismi isə suala cavab verməyib.
Zənglərə cavab verməyən icra hakimiyyətləri:
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova, telefon: 492-56-87
Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Salahzadə Əliabbas Qalib oğlu, telefon: 428-47-40
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dadaşov Elman Mirzağa oğlu, telefon: 562-27-47
Nəsimi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kazımzadə Pərvanə Əli qızı, telefon: 440-48-75
Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bayramov Munis Məmməd oğlu, telefon: 445-00-21.
Zənglərə cavab verib, sualı cavablandırmayan icra hakimiyyətləri:
Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən (şöbə müdiri Anar Seyran oğlu, telefon: 493-95-49) qeyd olunan məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməli olduğumuzu bildirdilər.
Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən (şöbə müdiri Axundov Əli Qüdrət oğlu, telefon: 422-10-27) bildirilib ki, onların mətbuat katibi yoxdur: “Biz mətbuata cavab vermirik. Bu məsələyə Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir”.
Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən (şöbə müdiri Cəfərov Hüseyn Fərəməz oğlu, telefon: 496-08-11) məsələ ilə bağlı Təsərrüfat şöbəsinə müraciət etməyi məsləhət gördülər.
Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən (şöbə müdiri Barxudarov Barxudar İsmayıl oğlu, telefon: 452-21-23 (daxili-142)) bildirilib ki, "Suala yalnız şöbə müdiri cavab verməlidir, o da tədbirə hazırlaşır. Yəqin ki, sualınıza cavab verməkdə problem olmayacaq".
Suala cavab verən icra hakimiyyətləri:
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Report-a bildirilib ki, yağışlar başlamazdan onlar yolları nəzarətdə saxlayırlar: “Yağışlara hazırlıqla əlaqədar müvafiq təmizlik işləri vaxtında görülüb. Xətai rayonu ərazisində bu səbəbdən də xüsusi problem qeydə alınmayıb. İşlər sutka ərzində nəzarətdə saxlanılır”.
Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən bildirilib ki, hava yağmurlu olanda, qurumun nümayəndələri gündəlik reyd keçirirlər: “Nümayəndələr yalnız mərkəzi küçələrdə deyil, kənar yollarda da olurlar. Hazırda elə bir ciddi problem yoxdur. Yağışdan əmələ gələn gölməçələr var, amma böyük gölməçələrin əmələ gəlməməsi üçün drenaj sistemi qurulub. Drenaj sistemi olmayan yerlərdə isə sular suçəkən maşınlarla çəkilir”.
Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən bildirildi ki, qeyd olunan problemlə bağlı bircə müraciət daxil olub: “O küçə də dalanda yerləşir. Bizdə yollar, kanalizasiya sistemi daima nəzarətdədir”.
Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində bildirilib ki, rayonda yollarda baş verən problemlərlə əlaqəli şöbəyə müraciət daxil olmayıb: “Hazırda yollar açıqdır. Müəyyən ərazilərdə gölməçələr var, amma kanalizasiyalarla bağlı məsələyə Bakı Şəhər İcra Hakimiyyəti baxır”.