Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Sədərək” arabaçısının halı: -“İt zülmü çəkirəm...”

 

 

Yenixeber.org: Azərbaycanda manatın ikiqat devalvasiyasından, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən sonra əksər ticarət mərkəzlərində olduğu kimi “Binə” və “Sədərək”də də mağazalar bağlandı, xeyli biznesmen müflis oldu. Bir vaxtlar müştəri əlindən tərpənmək mümkün olmayan paytaxtın ən sıx alış-veriş məkanında alver o qədər zəifləmişdi ki, hətta həmin bazarların bağlanacağını gözləyənlər də var idi. Günlərlə alver etməyən satıcılar toz basmış vitrinləri silməklə vaxtlarını keçirirdilər.

“Sədərək”də canlanma: qapısı qıfıllı mağazalar azalıb

Bəs manatın hazırda nisbi sabitlik dövrünü yaşadığı, iqtisadiyyatda yenidən canlanmanın müşahidə olunduğu bir vaxtda Bakının ən iri “tolkuçka”larında ticarətdə canlanma varmı?

Bu barədə araşdırma aparmaq üçün “Sədərək” yarmarkasına üz tutduq. Elə bazarın girişindən içəri ayaq basan kimi böhranlı günlərin qismən də olsa arxada qaldığı haqda təəsüratlar yarandı.

“Sədərək” ticarət mərkəzində alverin ən çox canlandığı hissə “şirniyyat”dır. Əslində satıcılar buranın hələ devalvasiya dövründə öz alıcı kütləsini bazarın digər hissələri ilə müqayisədə saxladığını deyirlər. Bazarın qalan hissələrində də ticarətdə nisbətən tərpəniş var, boş mağazaların sayı əvvəlki kimi çox deyil.

“Qazanmaq istəyirsənsə, azı 400-600 manatlıq yer götürməlisən”

Hətta əlində su qabı müştərilərin seyrəlməsini gözləyən xırdavat alverçisi Səməd də mağazanın qarşısına su çiləmək üçün fürsət axtarırdı. Satıcı deyir ki, bir neçə il əvvəllə müqayisədə qazancları azalsa da, ümumilikdə vəziyyət o qədər də pis deyil: “Mənim mağazam 48 kv metrdir. Bu yerə görə aylıq 1000 manat icarə haqqı verirəm. Şükür Allaha, qazancım olmasa, bu pulu verə bilmərəm ki. Mənim yerim də “xodovoy” yerdir, elə yer var ki, orada qazanc yoxdur. Ona görə də, həmin hissələrdə yerpulu aşağıdır”.

Satıcı deyir ki, bazarda icarə haqqı obyektin yerləşdiyi hissədən və ərazinin kvadrat metrindən asılı olaraq 18 manatdan başlayır və 3-4 min manata qədər davam edir. Amma əlbəttə ki, 18 manatlıq aylığı olan yerə demək olar ki, müştəri gəlmir. Bazarda alver edib qazanmaq istəyirsənsə, gərək ən azı 400-600 manat aylıq icarə haqqı ödəyəsən.

“Sədərək” bazarındakı malların əsas hissəsi Çindən, bir hissəsi isə İran, Türkiyə və digər ölkələrdən gətirilir. Ticarətçilər deyirlər ki, bazarda həmişə qazancı olanlar mövsümi mallarla alver edənlərdir. Yay mövsümü bitmək üzrə olduğundan demək olar ki, yay malları yığışır. Onları payızda zəruri olan əşyalar, o cümlədən, çətirlər əvəzləyir.

“Bir həftəyə çətir alveri qızışacaq”

Satıcı Ənvər Mirəliyev deyir ki, çətir və məktəb ləvazimatları satışı təxminən bir həftəyə qızışacaq: “Hər qiymətə çətirlərimiz var – 3 manata da, 25 manata da. Hələ alan o qədər çox deyil, amma bir həftəyə, on günə çətir alveri qızışacaq. Artıq yay mallarını alan yoxdur. Getdikcə bazarda bu malları məktəbli ləvazimatı əvəzləyir. On gündən sonra təkrar bura gəlsəniz, bu gördüyünüz mağazaların çoxunun məktəbli geyimləri, ağ köynəklər, ağ bantlar, çantalar satdığını görərsiniz. Məktəb yaxınlaşdıqca qiymətlər daha olur deyə artıq yavaş-yavaş valideynlər məktəb bazarlığına başlayıblar”, - deyə satıcı bildirir.

Satıcı Qadir isə deyir ki, son aylar ərzində ən çox alveri ötən gün edib. Gün ərzində 50 manatlıq mal satan satıcı vəziyyətin get-gedə düzələcəyinə ümid edir:

Mən qarışıq xırdavat malları satıram. Hamısını da Çindən gətirirəm. Neçə aydır alver tamam ölmüşdü. Bircə dünən 50 manatlıq alver eləmişik. Bəzən olur 20 manat, bəzən olur cəmi 10 manat qazancımız olur. Bu da azdır. Gündəlik gərək 200-300 manatlıq alver olsun ki, bizə də nəsə qalsın. İnanın ki, gətirdiyimiz malların üzərinə 50 qəpik, 1 manat qoyuruq...”, - deyə satıcı bildirir.

Bazarda “skoç” satmaq qadağandır – monopoliya

10 ildən yuxarıdır ki, bazarda alver edən satıcı bizə alverin bəzi sirlərini də açır. Onun sözlərinə görə, bazarda alverin ən qızğın çağı dekabr ayında olur. Bütün mövsümlərdə ən çox satılan xırdavat isə şardır: “Ən çox qazanan “sezon” malları satanlardır. Ən çox alver də dekabrda olur. Yolka, şaxta baba, oyuncaqlar və bəzəklər çox satılır. Mən daim işlənən mallar, mətbəx ləvazimatları, xırdavat satıram. Alver əvvəl yaxşı idi, indi Çindən gətirmək də sərf eləmir. Məsələn, əvvəl 10-20 min manatlıq mal vuranda azı 3-5 min manat qazancımız olurdu. İndi 10 minə qarşı 1000-1500 manat qazanc qalır. Rəqabət çoxalıb, məsələn, birinin imkanı var, gətirib malı daha ucuz verir “klient” yığır. Mənim kimi kasıblar da qalırıq belə...”, - deyə mağaza sahibi Qadir bildirir.

Satıcılardan onu da öyrənirik ki, bazarda monopoliyada olan mallar var və onların ölkəyə gətirilməsinə, satışına müəyyən adamlar nəzarət edir. Belə mallardan biri də bildiyimiz adi “skoç”dur. Amma satıcılar onun kimin inhisarında olduğundan xəbərsiz idilər.

Geyim alverçiləri isə narazıdır: “Ancaq topdansatışdan qazanırıq”

Bazarın geyim və parça satılan hissəsində “şirniyyat” bölməsindəki kimi qızğın alver gözə dəymir. Burada sıralarda müştəri qıtlığı hələ də müşahidə olunur. Alver çox zəiflədiyindən bəzi mağaza sahibləri satıcıları ixtisar edərək mallarını özləri satırlar. Qadın geyimləri satan ər-arvad Səriyyə və Umud Qasımovlar da həm mağaza sahibidirlər, həm də satıcı. Hələ bəzən onlara uşaqları da kömək edir.

Rayonlardan gələn daimi müştərilərə nisyə mal

“Bizim əvvəl satıcımız var idi, mən də onun başının üstündə olurdum. Yoldaşım isə Türkiyədən mal vururdu, demək olar ki, bazara aylarla ayağı dəymirdi. Amma indi vəziyyət çətindir, məcburuq ki, özümüz həm də satıcılıq edək. Düzdür, əvvəlki 5-6 ayla müqayisədə hiss edirsən ki, nisbətən alver dirçəlib, amma hələ də vəziyyət yaxşı deyil. Xeyli borcumuz var. Əsas alverimiz topdansatışdan olur. Biz rayonlardan olan daimi müştərilərlə işləyirik, onların da çoxu nisyə alır. Nə edək verməyəcəyik, gedib başqasından alacaq, müştərimizi itirəcəyik”, - deyə satıcı Səriyyə deyir.

Həmsöhbətimiz bildirir ki, bazarda illərlə oturuşmuş alverçilər olduğundan təzələrin bura daxil olub gəlir əldə etməsi çox qəliz məsələdir. Əgər sıfırdan başlamaq istəyirsənsə, gərək ən azı 20-30 min manatın olsun.

“Geyim satmaq üçün gərək topdan alan “kliyent”lərin olsun. Hərənin öz müştərisi var, onların hesabına işləyirlər. Tək-tək alver az olur. Ya gərək malı lap ucuz buraxasan ki, özünü tanıdasan, kiminsə müştərisini əlindən alasan. Geyim bazarında hamı topdansatışla qazanır, hərənin 5-6 daimi müştərisi var. Əlbəttə, pulun varsa, obyekti ala da bilərsən, bunun qiyməti 70-80 min manatdır”, - deyə mağaza sahibi Umud bildirir.

Satıcılar həm də bazarda oğurluğun artmasından şikayət edirlər. Uşaq oyuncaqları satan Mayıl Mustafayev deyir ki, bir çox hallarda isə oğurluqdan hesabın düz gəlmədiyində xəbər tuturlar: “O qədər çox oğurluq olur ki, heç çoxundan xəbərimiz olmur. Heç çox vaxt nə oğurlandığını da bilmirik, axırda sayı düz gəlmir. Oğurluq tək kiçik ölçülü mallarda olmur, qonşu şüşə qab-qacaq satılan mağazadan iri çilçırağı oğurlamışdılar, heç xəbərləri də olmamışdı. Kameralar mağazaların içərisini çəkmir axı, çox vaxt da ümumiyyətlə işləmirlər”, - deyə həmsöhbətimiz qeyd edir.

“Barmaqlarımı “mazol”dan hiss eləmirəm...”

Bazarda ən acınacaqlı durumda olanlar isə araba ilə alver edənlərdir. Meyvə alveri edən arabaçı Rahim deyir ki, günlük 20 manat icarə haqqının dərdini çəkməkdən xəstəlik tapıb: “Bazarda yük daşıyan arabaçılara araba 8 manata icarəyə verilir, bizə 20 manata. Mən gərək hər gün 20 manatdan yuxarı qazanc əldə edim ki, dolana bilim, özümə də çörəkpulu qalsın. Baxın da nə satıram, gavalı, alma... Kimdir meyvə alan? İt zülmü çəkirəm, fikirdən xəstəlik tapmışam. Ayaqlarımda damarlar partlayır, çox vaxt qan içində olur. Barmaqlarımı “mazol”dan hiss eləmirəm... İnanın ki, günə 1-2 manat qazancım olanda sevinirəm”, - deyə arabaçı bildirir.

Elə bazarın kənarındakı kiçik köşkdə su, meyvə şirəsi satanlarda arabaçılardan yaxşı durumda deyillər. Satıcı içəriyə bir adam güclə yerləşən kiçik köşkün icarəsinə aylıq 600 manat pul ödəyir. Hələ dözülməz yay günlərində qızan dəmirin altında istidən bişmək də var. Su köşkündən aldığımız sərin suyu başımıza çəkib bu qızmar istidə “Sədərək” bazarının xaotik ab-havasından uzaqlaşırıq... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam