Zığ Bələdiyyəsinin fəaliyyətsizliyi sakinlərin etirazına səbəb oldu –ŞİKAYƏT VAR
Yenixeber.org: Hörmətli redaksiya!
Biz uzun müddətdir Zığ Bələdiyyəsinin ərazisində yaşayırıq. Bəzilərimiz evliyik və hələ də ata evində yaşayırıq. Bəzilərimiz isə subayıq və ailə həyatı qurmaq niyyətindəyik. Özümüzə ev inşa etmək üçün torpaq sahəsinə zəruri ehtiyacımız var.
Bu məqsədlə bizə torpaq sahəsi ayrılması üçün Suraxanı rayonu Zığ Bələdiyyəsinə müraciət etsək də, Bələdiyyənin balansında boş torpaq sahəsi olmaması əsas gətirilərək müraciətlərimizdən imtina edilir və bizə torpaq sahəsi ayrılmır.
Halbuki, Suraxanı rayonu Zığ Bələdiyyəsinə məxsus 7,2 ha torpaq sahəsi uzun müddətdir ki, “Araz-İnşaat LTD” MMC tərəfindən qanunsuz olaraq zəbt edilmiş, hasarlanmış və istifadə edilməkdədir.
Dəfələrlə müraciət etsək də, Zığ Bələdiyyəsi, mülkiyyətində olan və “Araz-İnşaat LTD” MMC tərəfindən qanunsuz olaraq zəbt edilmiş həmin torpaq sahəsini sonuncunun qanunsuz sahibliyindən geri tələb etmir.
Əgər Bələdiyyə öz vəzifələrini yerinə yetirərək, qeyd edilən torpaq sahəsini “Araz-İnşaat LTD” MMC-nin qanunsuz sahibliyindən geri tələb edərsə, nəinki biz, eyni zamanda, Zığ ərazisində yaşayan və bu gün də zəruri torpaq sahəsinə ehtiyacı olan onlarla vətəndaşımızın hüquqları bərpa olunar, əhalinin rifahı dəfələrlə yaxşılaşar.
Biz, Azərbaycan Respublikasının vətəndaşı və Zığ sakinləri kimi, yaşadığımız ərazidən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi əldə etmək hüququna malikik.
Lakin Bələdiyyə bizim bu hüquqlarımızı təmin etmək məqsədi ilə, qanunsuz olaraq zəbt edilmiş torpaq sahələrini qanunsuz sahiblikdən azad edərək bizə satmaq niyyətində deyil.
Bələdiyyənin fəaliyyətsizliyindən qaynaqlanan bu qanunsuz əməli, bizim Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarımızı pozur və başqalarının qanunsuz hərəkətlərinə, hansısa şəxsi mənafeləri naminə, göz yumur.
Mövcud problemin Zığ Bələdiyyəsi ilə aramızda həlli mümkün olmadığına və Bələdiyyənin öz qanunsuz əməllərinə davam etməkdə israrlı olduğuna görə, hazırki ərizə ilə Sizə müraciət etməyə məcbur olmuşuq.
Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı keçirilmiş sonuncu referendumda Konstitusiyanın 29-cu maddəsinə VI hissə kimi edilmiş əlavəni müxalifətdən ibarət kütlə heç də xoş qarşılamadı. Bunu isə belə əsaslandırmağa çalışdılar ki, guya həmin hissə, gələcəkdə istənilən şəxsin əmlakının əvəzsiz olaraq əlindən alınmasına xidmət edəcək.
Halbuki, qeyd edilən əlavə vasitəsilə, dövlətimiz məhz bələdiyyələrin və sair orqanların balansında olan torpaq sahələrindən daha səmərəli istifadə edilməsi üçün, eləcə də sosial ədalətdə balans yaradılması məqsədi ilə mülkiyyət hüquqlarının qanunla məhdudlaşdırılmasını nəzərdə tutmuşdur.
Yəni, indiki halda Zığ Bələdiyyəsi öz mülkiyyətində olan torpaqlardan səmərəli istifadə etmirsə, dövlət həmin torpaqların daha səmərəli istifadə edilməsi və sosial ədalətin bərqərar edilməsi naminə, səmərəli istifadə edilməyən torpaqları həmin torpaqlara zəruri ehtiyacı olan şəxslərin qanuni sahibliyinə və istifadəsinə verilməsini təmin edə bilər.
Qeyd edilən problemin həlli məqsədi ilə məsələni ictimailəşdirməyinizi və diqqətdə saxlamağınızı Sizdən xahiş edirik.
Ərizəçilər: 1. Fərəcov Mübariz Mail oğlu
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, İ.Süleymanov küç., ev-23
2. Baxışov Sənan Azər oğlu
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, S.Həmidov küç., ev-58
3. Baxışov İmaməddin Rövşən oğlu
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, S.Həmidov küç., ev-58
4. Şixəliyev Muxtar Şixəli oğlu
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, İ.Süleymanov küç., ev-76
5. Şixəliyev Vüsal Muxtar oğlu
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, İ.Süleymanov küç., ev-76
6. Səfərov Əzizağa Səfər oğlu
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, H.Aslanov küç., ev-35
7. Fərəcova Təranə Səfər qızı
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, İ.Süleymanov küç., ev-21
Redaksiyadan: Biz mövzunu ictimailəşdirməklə yanaşı həm Zığ Bələdiyyəsi və həm də ölkədəki bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq dövlət qurumlarının məsələyə münasibətini öyrıənib oxuculara təqdim etməyə çalışacağıq.
Azinforum.az