Vahid Mustafayevin saat mağazasından nazirliyə şikayət -1600 manatlıq qalmaqal
Azərbaycanda brend saatların satışı ilə məşğul olan VMF şirkəti ilə müştəri arasında qalmaqal yaranıb.
Yenixeber.org: Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun BakuPost.az-a verdiyi məlumata görə, qalmaqal 1600 manat dəyərində olan saatlara görə baş verib. Belə ki, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yaşayan Əhmədov T. adlı şəxs may ayının 17-də şirkətin Park Bulvar ticarət mərkəzində yerləşən mağazasından ümumi dəyəri 1601 manat təşkil edən 2 ədəd Certina markalı saat alıb.
O, evə getdikdən sonra saatın sənədlərinə baxıb və tərkibində bahalı materialın olmadığını görüb. Bu səbəbdən saatı dəyişdirmək qərarına gəlib. Növbəti gün mağazaya yollanan T. Əhmədov orada zövqünə uyğun başqa bir saat tapmayıb və aldıqlarını qaytarmaq istəyib. Lakin satıcı saatları qaytarmaqdan imtina edib və onu servis rəhbəri Pərvanə xanımla əlaqələndirib. Servis rəhbəri rəhbərliklə danışdıqdan sonra, müştəriyə saatın qaytarıla bilməyəcəyini deyib. Əhmədov T. müvafiq qurumlara şikayət edəcəyini və istehlakçı hüquqlarının bərpasını tələb edəcəyini bildirsə də, ona məhəl qoyan olmayıb.
Saatı alan şəxs məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və Azad İstehlakçılar Birliyinə şikayət edib.
E. Hüseynov məsələyə şərh verərək bildirib ki, VMF şirkəti illərdir ki, müştəriləri ilə eyni problem yaşayır: "Təəssüf ki, bu saatlarla bağlı illərdir ki, şikayətlər gəlir və mağaza müştərilərlə danışıq yoluyla həll tapa bilmir”.
Məsələ ilə bağlı mağazayla əlaqə saxlasaq da, telefona cavab verən şəxs açıqlama vermək səlahiyyətinin olmadığını bildirdi və Pərvanə xanımla əlaqə saxlamağımızı məsləhət gördü. Pərvanə xanımın telefonuna isə zəng çatmadı.
Qeyd edək ki, VMF şirkəti 1998-ci ilin noyabr ayının 13-də Azərbaycanda ilk dəfə olaraq saat, qiymətli əşyalar və aksessuarlar biznesində öz fəaliyyətinə başlayıb. Onun İsveçrənin məşhur Longines saat şirkəti ilə əməkdaşlığından sonra VMF Swatch Qrupa daxil olan – Rado, Hamilton, CK, Tissot, Swatch, Flik-Flak, kimi və həmçinin SWATCH Qrupa daxil olmayan Raymond Weil, Maurice Lacroix, Versace, Ferragamo, Vers us, Seiko, Casio, Caran d’Ache kimi dünyanın tanınmış şirkətləri ilə öz biznesini daha da genişləndirib.
Onu da bildirək ki, VMF şirkətinin fəaliyyətinə xitam verilmiş ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevə məxsus olduğu bildirilir.