“Azərbaycana gətirilən bütün dərmanların keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən diqqətlə yanaşılır”.
Yenixeber.org: Bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini Milli Məclisdə bəzi millət vəkillərinin Çin istehsalı olan dərmanların ölkəyə Avropa istehsalı olan dərmanlar adı altında gətirilməsi barədə fikirlərinə münasibət bildirərkən deyib ki, nazirliyin analitik ekspertiza mərkəzində dərmanların hər seriyası yoxlandıqdan sonra onların idxalına icazə verilir: “Ümumiyyətlə, dünyanın qəbul etdiyi qaydalar var ki, hər hansı istehsalçı öz məhsulunu Çində və ya başqa bir ölkədə istehsal edə bilər.
Hətta Avropanın aparıcı şirkəti ucuz işçi qüvvəsinə görə hansısa dərmanın istehsalını Çində, Cənubi Koreyada və başqa ölkələrdə qura bilər. Əgər bunun üçün rəsmi lisenziyası varsa, onların Azərbaycana idxalına icazə verilir”.
Çindən gətirilən həmin dərmanların keyfiyyətinə gəlincə, nazir müavini deyib ki, ümumiyyətlə, Azərbaycana gətirilən dərmanlar sırf Çin istehsalı deyil: “Əksər Avropa şirkətləri Çin xammalından istifadə edirlər. Dünyanın dərman bazarında xammalın əsas mənbəyi Çində istehsal edilir”. ( APA )
Bu yaxınlarda Avstraliya alimləri ənənəvi Çin təbabətindən istifadə etməklə hazırlanan dərmanların həqiqi keyfiyyəti ilə qablaşdrmada qeyd olunan göstəriciləri arasındakı fərqi araşdırıblar. Hər il Çin təbabətinə milyardlarla dollar vəsait qoyulur. Amma Çin dərmanlarının keyfiyyətinə heç kim təminat verə bilmir. Avstraliya tədqiqatçılarının da araşdırmaları göstərdi ki, dərmanların real tərkibi bankaların, qutuların üstündə yazılanla tam uyğun gəlmir. (globalscience.ru).
2008-ci ilin noyabrında centrasia.ru yazırdı ki, “Çin tabletkaları”nı qəbul edəndən sonra hər gün Alma-Ata xəstəxanalarına ağır vəziyyətdə insanlar gətirilir. Bəli, əczaçılıq sənayesi milyardlar qazanır, amma insanların sağlamlığına da dəhşətli ziyan vurulur. (centrasia.ru)
Səhiyyə nazirliyinin rəsmi məlumatına görə, 2016-cı ildə ölkəmizdə 800 nəfər dərmandan zəhərlənərək xəstəxanaya düşüb. Elsevər Ağayev deyir ki, əgər rəsmi lisenziyası varsa, Çində istehsal olunan dərmanların Azərbaycana idxalına icazə verilir.
Görəsən, dərmandan zəhərlənən 800 nəfər insanın keyfiyyətsiz Çin dərmanları ilə əlaqəsi varmı..? Məsələ ilə bağlı Səhiyyə nazirliyinin mətbuat xxidmətinin əməkdaşı LEGİON-a bildirdi ki, ölkəyə idxal olunan dərmanların hamısı nazirliyin nəzdindəki Analitik ekspertiza mərkəzində yoxlanılır: “ Ölkəyə leqal yolla idxal olunan istənilən dərman bizim laboratoriyalarda yoxlanılır. Ancaq yoxlamadan sonra satışa icazə verilir”.
Tanınmış iqtisadçı Azər Mehdiyev Səhiyyə nazirliyinin mətbuat xidməti əməkdaşının dediklərini inkar etdi: “ Ölkəyə idxal olunan dərmanların yoxanılması məsələsi hələ də həllini tapmayıb. Son illər Çin texnoloji inkişafda böyük sıçrayış edib. Əhalimizin alıcılıq qabiliyyətinin aşağı olması ucuz Çin dərmanlarının ölkəyə axınına səbəb ola bilər. Nazir müavini Elsevər Ağayevin bəyanatı da buna təsir edir. Həm də ölkəyə daxil olan dərmanların keyfiyyətinə nəzarət təmin olunmadan hökumət qiymətlərin tənzimlənməsinə keçdi. Bu gün məmurlar keyfiyyətini nəzərə almadan ölkəyə ucuz dərmanlar gətirməyə çalışırlar”.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov LEGİON-a bildirdi ki, həqiqətən də Səhiyyə Nazirliyinin nəzdindəki Analitik Ekspertiza Mərkəzi ölkəyə daxil olan dərmanların keyfiyyətinə nəzarət etməyə çalışır: “ Amma ölkəyə xeyli dərman qaçaqmal yolu ilə daxil olur və nəzarətdən kənarda qalır. Ölkəyə daxil olan dərmanların bir çoxu əslində qida əlavəsidir. Ancaq bizim apteklərdə dərman kimi satılır. Çin dərmanları isə çox vaxt ümumi standarta uyğun gəlmir. Əgər Çindən dərman idxalı liberallaşarsa, onda ölkəmizə keyfiyyətsiz Çin dərmanları kütləvi şəkildə gətiriləcək”.
Psixoloq Azad İsazdə isə LEGİON-a bildirdi ki, ölkəmizdə dərmanların keyfiyyətini analiz edən laboratoriyalar var: “ Sadəcə, monitorinq aparıb hansı şirkətdən dərman alıb, hansından almamağı aydınlaşdırmaq lazımdır”.
İsazadənin fikrincə, ölkəmizdə dərmanların qiyməti də çox bahadır:” Əhalinin dərman təchizatı strateji məsələ olduğu üçün ölkədaxilində dərman istehsalı yaradılmalıdır. Bu istehsal olmadığı üçün xaricdən dərmanlar gətriməyə məcburuq. Söhbət insan həyatından getdiyi üçün dərmanların keyfiyyətinə nəzarət yüksək səviyyədə olmalıdır”.