Şamaxıda fermerlər necə narazı salınır? -ŞİKAYƏT VAR
Şamaxı rayonunda qış otlaq sahələri, təyinatın dəyişdirilməsi adı altında əhalidən alınır.
Yenixeber.org: Sahibkarlar torpaqların onların əlindən alınmasında Şamaxı Rayon İcra Hakimiyyətini (RİH) günahlandırırlar. İcra Hakimiyyətindən isə yaranan problemə aydınlıq gətirməkdən imtina edirlər.
Erməni təxribatından bezən azərbaycanlı fermerin ağlagəlməz addımı Şamaxıda kənd təsərrüfatında çalışan bir qrup sahibkar Sputnik Azərbaycan-a müraciət edərək bildiriblər ki, onlar Şamaxı rayonunun Padar massivindəki otlaq sahələrini 15-20 illik icarəyə götürüblər. Bu sahələrdən 10-15 il ərzində qış otlağı kimi istifadə edilib. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.09.2016-ci il tarixli 516.S saylı sərəncamı ilə rayonun Padar massivində olan qış otlaq sahələrinin təyinatı dəyişdirilərək əkin torpaqları kateqoriyasına aid edilib. Hazırda Şamaxı RİH həmin torpaqlardan təyinatı üzrə istifadə edilmədiyini əsas gətirərək, sahələr geri istəyir. İş adamları isə bildirirlər ki, qanuna müvafiq olaraq 1995-ci ildən etibarən Şamaxı rayonunun Padar massivində qış otlaq sahələrini icarəyə götürərək, həmin torpaqlarda ənənəvi olaraq heyvandarlıqla məşğul olublar. İcarəyə verilmiş sahələr bu illər ərzində təyinatı üzrə məqsədyönlü istifadə edilib. Sahibkarlar 15 ildir istifadə etdikləri torpağın təyinatının dəyişdirilmə səbəbini başa düşə bilmirlər.
Azərbaycanlı sahibkarlar üçün unikal imkan Şamaxı Rayon İcra Hakimiyyətində 2016-cı il noyabrın 11-də imzalanan 138 saylı sərəncama əsasən, vətəndaşlarla bağlanmış torpaq icarəsi müqaviləsi birtərəfli qaydada ləğv edilib, torpaq sahələrinin alınması qərara alınıb. Toğrul Salahov adlı sahibkar deyir ki, onların hərəsinin, təxminən 500 hektar torpaq sahəsi var: “Həmin sahələrə 10-15 ildir pul yatırmışıq, heyvandarlıq təsərrüfatı məqsədi ilə həmin ərazilərdə iri müəssisələr inşa etmişik. Hazırda isə Şamaxı RİH nümayəndələri bizə təzyiq göstərək, heç bir hesablama və dəyərləndirmə aparmadan tələb edirlər ki, icarəmizdə olan torpaqlardan yazılı şəkildə imtina edək”. “105 nəfər sahibkarın torpaq icarəsi müqaviləsi əsassız ləğv edilməklə, sahibkarlıq fəaliyyətimizə xitam verilir. Həmin ərazilərdə çalışan, təxminən 650 ailənin haradan dolanacağı, harada işləyəcəyi, nə yeyəcəyi məlum deyil” — Salahov bildirir. Bundan başqa, əlavə edir ki, 255-300 min baş qoyun-keçi, 8-9 min baş inək-camış, 1600 baş çoban itinin harada yerləşdirilməsi üçün Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən heç bir tədbir görülmür: “Bəs heyvanları neyləyək, heyvandarlıq lazım deyil? Torpaqların təyinatının dəyişdirilməsini anlayırıq. Biz özümüz də həmin ərazilərdə əkinçilik işləri ilə məşğul ola bilərik. Bizdən torpaqlar geri istənilir, amma əkinçilik işləri ilə məşğul olmaq üçün heç bir şərait yaradılmır”. Sahibkarlar əlavə edirlər ki, hal-hazırda torpaq icarəsi haqqında müqavilə qüvvədədir və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində nəzərdə tutulan, torpağın alınmasına əsas verən heç bir dövlət ehtiyacı yoxdur. Onlar bildirirlər ki, Şamaxı RİH-in qərarı onların hüquqlarını və qanunla qorunan mənafelərini pozur.
Azərbaycanda 23 illik münaqişə: dövlət qurumları da müdaxilə etmir Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, o cümlədən icra başçısının birinci müavini Qasım Qasımovla əlaqə yaratmaq cəhdlərimiz boşa çıxdı. Dəfələrlə zəng etsək də, müxtəlif bəhanələrlə sorğumuza cavab verməkdən imtina etdilər. Ən sonda isə ümumiyyətlə telefonumuza cavab verilmədi. Problemi Sputnik Azərbaycan-a şərh edən hüquqşünas Xalid Məmmədovun sözlərinə görə, əgər torpaqdan təyinata zidd olaraq istifadə edilərsə, bu, müqaviləyə xitam verilməsinə əsas ola bilər: “Sahibkarların həmin sahədə uzun müddət və davamlı şəkildə kənd təsərrüfatı ilə məşğul olması, torpağın, həmin sahibkarların biznesinin mövcudluğunun iqtisadi əsasını təşkil etməsi, müqaviləyə xitam verilməsinin icarəçi, onun ailəsi, işçiləri və öz növbəsində onların ailələri üçün mənfi nəticələr törədə bilməsi nəzərə alınsa, icarə müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi daha ağlabatan və ədalətli görünür”.
“İlk növbədə qeyd etmək lazımdır ki, həm əkin, həm də örüş və otlaqlar kənd təsərrüfatı yerləri olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Otlaq torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri qanunvericiliklə müəyyən edilib. Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqlara xitam verilməsinin əsaslarını tənzimləyən 73-cü maddəsində və Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda torpaq sahəsinin təyinatının dəyişdirilməsi icarə müqaviləsinə xitam verilməsinin əsasını təşkil etmir” — hüquqşünas bildirib. Bununla belə, əlavə edib ki, əgər torpaqdan təyinatına zidd istifadə edilərsə, bu, xitam üçün əsas ola bilər: “Bundan başqa, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun da torpağın təyinatının və kateqoriyasının dəyişdirilməsini torpağın alınmasına əsas verən dövlət ehtiyaclarının ayrıca növü kimi təsnifləşdirməyib. Hüquqi dövlətin prinsiplərinə əsasən, dövlət orqanının sahibkarların icarə hüququna müdaxiləsi mütənasib olmalı, dövlətin ümumi maraqları ilə fərdin hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir”.
X. Məmmədovun dediyinə, dövlət orqanı tərəfindən sahibkarların iqtisadi mənafelərinin və icarəyə əsaslanan əmlak maraqlarının nəzərə alınmaması və ya kompensasiyanın azlığı müəyyən şərtlər çərçivəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu təşkil edə bilər: “Belə ki, Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsindəki “əmlak” anlayışı fiziki mallara mülkiyyət hüququ ilə məhdudlaşmayan və daxili qanunvericilikdə formal təsnifatdan asılı olmayan müstəqil mənaya malikdir. Aktivləri təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” və beləliklə də, bu müddəanın məqsədləri üçün “əmlak” kimi qəbul edilə bilər. Avropa Məhkəməsi öz qərarlarında qeyri-maddi aktivləri, iqtisadi dəyərə malik olan artım gətirən maliyyə hüquqlarını və maraqlarını mülkiyyət sayıb və bu hüquqlara əsassız müdaxiləni pozuntu hesab edib. Sahibkarların icarə hüququ və bu hüquqdan irəli gələn və ona əsaslanan iqtisadi aktivləri də Konvensiya mənasında “mülkiyyət” hesab edilməli və qorunmalıdır”.