Çovdarovun məhkəməsində baş həkim ifadə verdi -"MTN işi"
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yenixeber.org: Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdən sonra jurnalistlərə açıqlama verən Akif Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, iclasda zərərçəkmiş şəxslərdən İntizam Ağakişiyev sualları cavablandırıb.
Daha sonra zərərçəkmiş Sayibxan Səmədov ifadə verib. O, bildirib ki, İntizam Ağakişiyevlə şərikli biznesi olub və təqsirləndirilən Səlim Məmmədova pul verib. Vəkil S. Rəsulov deyib ki, o ifadəsini bir neçə dəfə dəyişib və nə qədər pul verməsini dəqiq deyə bilməyib.
Daha sonra iclasda zərərçəkmiş şəxslərdən Adil Ədilov ifadə verib. O, bildirib ki, oğlu Qədim Ədilov ona zəng edərək MTN-də döyüldüyünü deyib. O, Bakıya gəlib və oğlunu Sabirabada aparıb. Lakin MTN-dən tapşırıq olduğu üçün oğlunun şikayətinə baxılmayıb.
İclasda Sabirabad rayon xəstəxanasının baş həkimi Əziz Mikayılov ifadə verib. Bildirib ki, Qədim Ədilov xəstəxanaya gələrək kəllə-beyin travması aldığını deyib.
Lakin xəstəxanada tomoqrafiya imkanı olmadığı üçün o, Bakıya xəstəxanaya göndərilib. Lakin Bakıdakı xəstəxanada ona kəllə beyin travması diaqnozu qoyulmayıb. Ə. Mikayılov deyib ki, həmin vaxt Q. Ədilovun üzərində hər hansı xəsarət olmayıb.
Daha sonra iclasda Natiq Həsənov ifadə verib. O, bildirib ki, Qədim Ədilov ondan MTN-ə şikayət edib və onu ölümlə hədələyib.
N.Həsənov deyib ki, MTN-də ona hər hansı təzyiq edilməyib və onun haqqında olan şikayət araşdırıldıqdan sonra əsassız olduğu məlum olub.
Daha sonra iclasda Xaləddin Yusifov ifadə verib. O, bildirib ki, Qədim Ədilov ona qarşı dələduzluq edib. Belə ki, taxta gətirməyi söz verib, lakin etməyib.
Proses aprelin 24-də davam edəcək.
Zərərçəkmiş Qədim Ədilov MTN-də Akif Çovdarov tərəfindən döyüldüyünü iddia edir.
Xatırladaq ki, təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
APA